Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-07 10:34:17
Hər müəllim bunları bilməlidir - Fəal təlimdə iş formaları  

Kurikulum sözünün lüğəti mənası  “yol”,  “istiqamət” deməkdir.  Daha sonra  elm  və  təhsil  sahələrində  termin  kimi  işlənməyə başlayıb.

Kurikulum   proqramının   özəlliklərindən   biri  dərs  zamanı  bütün şagirdlərin  diqqət  mərkəzində olmasıdır.  Burada  həm zəif,  həm də çalışqan  şagirdlər  yaradıcı  fəaliyyət  göstərməyə  başlayırlar.

Fəal  təlim  yaxud  interaktiv  iş  formaları adı ilə tanınan bu üsullar kurikulum proqramının və müasir dərs  modelinin  əsas  özəyini təşkil edir.  Ənənəvi üsuldan fərqli olaraq,  interaktiv  təlim  şagirdi  obyekt  olaraq görmür, onu subyekt kimi qəbul edir.

İnteraktiv   dərslərdə  fərdi,  cütlərlə,  kiçik qruplarla, bütün siniflə birgə işlərdən istifadə edilir. İş formalarının hər birinin mahiyyəti barədə müəllimin dolğun təsəvvürünün olması  vacibdir. Bu təsəvvürü qazanan müəllim praktik fəaliyyətini səmərəli qurmaqda çətinlik çəkmir.  İş  formalarının  mahiyyətini yığcam da olsa, nəzərdən  keçirək:

Fərdi iş  - Burada tapşırığın icrası bir nəfərə aid olur.  Şagird  qoyulan  sualın cavabını  bir dəftər  vərəqinə qeyd edir;

Cütlərlə iş -Təklif olunan tapşırıq burada iki nəfərin iştirakı ilə həll olunur. Şagirdlər  tapşırığın  tələblərini birlikdə öyrənir  və müzakirə  fonunda yerinə yetirirlər.  Müzakirənin  nəticəsi  şifahi  və yazılı formada icra oluna bilər. Yazılı formada bir vərəqdə əksini tapmalıdır.

Kiçik qruplarda iş - Burada 5-6 nəfərin iştirakı ilə görülən birgə işdir. Verilən tapşırıq qrup halında  nəzərdən keçirilir, müzakirə olunur və yekun qənaətlər ümumi razılıq əsasında iş vərəqlərində qeyd olunur. Kiçik qruplarla iş interaktiv dərslərin sıx müraciət etdiyi iş formasıdır.

Bu zaman sinifdə şagirdlərin miqdarı nəzərə alınmaqla 4-5 qrup yaradıla bilər.  25  nəfərlik  sinifdə  kiçik  qrupu  formalaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə oluna bilər. 

Bütün siniflə birgə iş -Bütün sinif üçün nəzərdə tutulan iş formasıdır.

Dərslərdə iş formasının seçilməsi proqram materialının xarakterindən, hansı axtarış formasının  seçilməsindən,  şagirdlərin yaş və bilik səviyyəsindən asılıdır.

İnteraktiv  dərslərdə  adətən bir neçə iş formasından istifadə olunur. Bu da öz növbəsində şagirdlərlə işin rəngarəngliyini, dərsin  mobilliyini təmin edir.

Qeyd edək ki, fəal təlim anlayışına bəzən interaktiv təlim metodları da deyilir. İnteraktiv təlimdə şagirdlərin idrak fəallığının təmin edilməsi hər şeydən üstün tutulur. Burada iki cəhətə önəm verilir. Birincisi idrak fəallığının yaradılması, ikincisi onun davamlılığına nail olunmasıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları