Əgər universitet məzunu yalnız test həll etməyi bacarırsa, o zaman ali təhsilin verdiyi əlavə dəyər şübhə altına düşür.
AzEdu.az-a bu fikirləri əməkdar müəllim, sabiq deputat Sona Əliyeva söyləyib.
Müsahibimiz qeyd edib ki, ali təhsil tələbəni düşünməyə, mövqeyini əsaslandırmağa, sual verməyə və cavabını müdafiə etməyə hazırlamalıdır:
"Universitetlərdə imtahanların hansı formada keçirilməsi ilə bağlı müzakirələr təsadüfi deyil. Bu, əslində texniki detal deyil, ali təhsilin mahiyyəti ilə bağlı ciddi suallar doğurur. Biz universitetdə tələbədən nə gözləyirik?
Bu gün bəzi ali təhsil müəssisələrində imtahanlar testlə, bəzilərində yazılı, bəzilərində isə şifahi keçirilir. Hər kəs öz arqumentini səsləndirir. Amma məncə, burada əsas məsələ “test yaxşıdır, yoxsa şifahi?” sualı deyil. Biz analitik düşünən məzun istəyirik, yoxsa sadəcə nəticə göstərib universitet reytinqini göstərən tələbələrə ehtiyacımız var?
Test imtahanlarının üstünlüklərini danmaq olmaz. Böyük auditoriyada, qısa vaxtda, subyektivliyi minimuma endirərək qiymətləndirmə aparmaq baxımından test rahatdır. Xüsusilə faktoloji biliklərin ölçülməsində test öz işini yaxşı görür. Amma problem ondadır ki, universitet təhsili yalnız faktları yoxlamaqdan ibarət deyil. Ali təhsil tələbəni düşünməyə, mövqeyini əsaslandırmağa, sual verməyə və cavabını müdafiə etməyə hazırlamalıdır".
Bu gün universitetdə verdiyimiz qərarlar sabah ölkəni idarə edəcək insanların necə yetişəcəyini müəyyənləşdirir:
"Test yaddaşı yoxlayır, amma düşüncə prosesini stimullaşdırmır. Digər tərəfdən, şifahi imtahanlar da ideallaşdırılmamalıdır. Standartı olmayan, nəzarətsiz keçirilən şifahi imtahanlar bəzən ədalətsizlik hissi yaradır, subyektiv münasibətlərə yol aça bilir. Bu isə tələbənin universitetə olan inamını zədələyir. Ona görə mən bu müzakirəyə qəti “ya test, ya şifahi” yanaşması ilə baxmıram. Hər fənnin öz məntiqi var. Fundamental, analitik düşüncə tələb edən fənlərdə yazılı və açıq suallar daha məqsədəuyğundur. Tətbiqi və peşə yönümlü fənlərdə tələbənin bildiyini izah etməsi, fikrini ifadə etməsi vacibdir. Baza səviyyəli, kütləvi dərslərdə isə test məhdud və balanslı şəkildə istifadə oluna bilər. Yəni məsələ formanın adı deyil, məqsədin düzgün seçilməsidir.
Əgər universitet məzunu yalnız test həll etməyi bacarırsa, o zaman ali təhsilin verdiyi əlavə dəyər şübhə altına düşür. Əgər biz cəmiyyət üçün qərar verə bilən, məsuliyyət daşıyan, fikrini ifadə edən kadrlar yetişdirmək istəyiriksə, qiymətləndirmə sistemi də buna uyğun qurulmalıdır. İmtahan isə nəticə almaq üçün deyil, tələbənin həqiqətən nə bildiyini üzə çıxarmaq üçün keçirilməlidir. Çünki bu gün universitetdə verdiyimiz qərarlar sabah ölkəni idarə edəcək insanların necə yetişəcəyini müəyyənləşdirir".