"Əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?" Bu sözləri elm və təhsil naziri müsahibələrinin birində səsləndirib.
Ancaq məsələ belə yanaşaq ki, həqiqətən də şagird dərsinə məsuliyyətli yanaşmırsa, oxumaq istəmirsə buna günahkar kimi müəllimi göstərmək doğrudurmu? Bəs, o sinif otağında oxumayanlarla yanaşı, öyrənənlər yoxdur?
Əlbəttə ki, müəllim hər bir şagirdi üçün məsuliyyət daşımalıdır, amma məsuliyyətsiz, dərsə biganə şagirdə görə müəllim niyə maaş almamalıdır? Təbii ki, məsələnin digər tərəfində dərsə biganə, məsuliyyətsiz şagirdin valideyinləri də var. Bütün məsələsə isə ailənin övladına aşıladığı tərbiyəyə görədir...
Mövzu ilə bağlı AzEdu.az-a "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Təranə Nuriyeva danışıb.
O, qeyd edib ki, bu gün elə şagirdlər var ki, məktəbdən kənarda təhsilə dəstək görmür:
"Elm və təhsil nazirinin müsahibələrindən birində səsləndirdiyi “Əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?” fikri ictimaiyyət arasında geniş rezonans doğurub. Sosial şəbəkələrdə və təhsil mühitində bu yanaşma birmənalı qarşılanmayıb: bir tərəf müəllimin əməyinin dəyərdən salındığını düşünür, digər tərəf isə məsuliyyətli və nəticəyönümlü təhsilin vacibliyini vurğulayır.
Mənim qənaətimə görə, nazirin səsləndirdiyi bu fikir kontekstdən çıxarıldığı üçün cəmiyyətdə yanlış anlaşılmalara səbəb olub. İlin bu ərəfəsində həmin cümlənin qəsdən natamam təqdim edildiyi təəssüratı yaranır. Cümlənin əvvəlini və sonunu nəzərə almadan verilən fikirlər isə müəllim əməyinə yönəlmiş ittiham kimi qəbul edilir və məsələnin əsl mahiyyətini kölgədə qoyur. Məsələ ondadır ki, təhsil prosesi təkcə müəllimin fəaliyyəti ilə məhdudlaşmır. Müəllim şagirdin bilik əldə etməsində əsas rol oynasa da, onun uğurunu müəyyən edən yeganə amil deyil.
Təhsil sinif otağından kənarda da davam edir. Bu gün elə şagirdlər var ki, məktəbdən kənarda təhsilə dəstək görmür. Valideyn nəzarətinin zəifliyi, ailədə təhsilə münasibətin laqeydliyi, sosial və psixoloji problemlər şagirdin öyrənmə prosesinə birbaşa təsir göstərir. Belə hallarda müəllimin bütün səylərinə baxmayaraq, gözlənilən nəticə əldə olunmaya bilər".
Reallıq ondan ibarətdir ki, ailə faktoru bəzən müəllim amilindən daha güclü təsir göstərir:
"Bu isə müəllimin üzərinə düşən məsuliyyəti azaltmasa da, onu təkbaşına günahlandırmağı ədalətsiz edir.
Nazirin mesajı nədir? Mütəxəssislərin fikrincə, nazirin açıqlaması müəllimi hədəfə almaqdan çox, formal tədris yanaşmasına qarşı yönəlib. Yəni dərs proqramını sadəcə icra edən, şagirdin anlayıb-anlamadığını izləməyən, fərdi yanaşma tətbiq etməyən müəllim modeli artıq dövrün tələblərinə cavab vermir.
Müasir təhsil sistemi müəllimdən yalnız bilik ötürməyi deyil, şagirdi prosesə cəlb etməyi, maraq oyatmağı və nəticəyə fokuslanmağı tələb edir.
Bununla belə, bu cür açıqlamaların düzgün izah olunmaması müəllim cəmiyyətində narahatlıq yarada bilər. “Şagird öyrənmirsə, günah müəllimindir” yanaşması müəllimin nüfuzuna xələl gətirir, onu təzyiq altında saxlayır və təhsildə formal hesabatçılığın artmasına səbəb olur. Təhsilin keyfiyyəti isə təzyiq və ittihamla deyil, əməkdaşlıq və qarşılıqlı məsuliyyətlə yüksələ bilər".
Uğurlu təhsil sistemi üç əsas tərəfin əməkdaşlığı üzərində qurulur:
"Müəllim - peşəkarlıq və metodika ilə; Şagird – məsuliyyət və səy ilə; Valideyn – nəzarət və dəstək ilə.
Bu zəncirin hər hansı bir halqası zəiflədikdə, nəticə də zəifləyir. Şagirdin öyrənməməsini yalnız müəllimin üzərinə yükləmək problemi həll etmir. Əksinə, bu yanaşma təhsildə əsas məsələlərdən yayınmağa səbəb olur. Təhsilin inkişafı üçün günahkar axtarmaq yox, müəllim, valideyn və şagird arasında sağlam əməkdaşlıq mexanizmi qurmaq daha vacibdir. Çünki təhsil tək bir şəxsin yox, bütöv bir cəmiyyətin məsuliyyətidir".