Azedu.az

Malayziyada təhsili alan gənc : "Buradakı magistr təhsili mənə biliklə yanaşı geniş baxış qazandırdı" - MÜSAHİBƏ

Xəbərlər

11 Dekabr 2025, 13:10
Malayziyada təhsili alan gənc : "Buradakı magistr təhsili mənə biliklə yanaşı geniş baxış qazandırdı" - MÜSAHİBƏ

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlı bu gün həm yaşadıqları cəmiyyətlərdə öz yerlərini tutur, həm də Azərbaycanın adını yeni müstəvilərə daşıyırlar. Onların elm, mədəniyyət, biznes, yaradıcılıq və ictimai təşəbbüslərdə göstərdikləri fəaliyyət bir tərəfdən fərdi uğur hekayəsi yaradırsa, digər tərəfdən ölkəmizin qlobal məkanda tanınmasına töhfə verir.

Xaricdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrə uyğunlaşmaqla yanaşı, milli kimliklərini qorumağı bacarır, dilimizi, mədəni adətlərimizi və mənəvi dəyərlərimizi yaşadırlar. 

Belə insanların hekayələrinin ölkə ictimaiyyətinə çatdırılması həm də toplumun diasporla əlaqəsini möhkəmləndirir, milli qüruru artırır və Azərbaycanın beynəlxalq imicinə canlı, inandırıcı məzmun əlavə edir.

AzEdu.az xəbər verir ki, Modern.az saytının “Diasporun səsi” layihəsi də məhz bu missiyanı daşıyır: dünyada Azərbaycan izini görünən edən insanların uğur yolunu işıqlandırmaq və onların səsini vətəndə yaymaq.

Layihədə bu dəfə Malayziya Beynəlxalq İslam Universitetinin magistratura  pilləsində təhsil alan və bu ölkədə yaşayan Aqşin Məmmədovla bağlıdır

-    Aqşin bəy, nə üçün məhz Malayziyada magistr təhsili almağı seçdiniz və bu qərar sizə nə qazandırdı?

-    Düzünü desəm, Malayziyada magistr təhsili almaq qərarını təkcə akademik baxımdan yox, həm də şəxsi inkişaf baxımından çox düşündüm. Mənim üçün əsas məqsəd fərqli bir İslam cəmiyyətində tarix və sivilizasiya sahəsində elmi təcrübə qazanmaq idi. Malayziya həm müsəlman ölkəsidir, həm də çoxmillətli bir cəmiyyətdir bu, mənim üçün mədəniyyətlərin kəsişdiyi bir laboratoriya kimi oldu. Burada aldığım təhsil mənə yalnız nəzəri bilik deyil, həm də geniş baxış qazandırdı. Ən böyük qazancım isə müxtəlif mədəniyyətlərdən olan insanlarla eyni mühitdə oxumaq, onları yaxından tanımaq və öz milli kimliyimi daha dərindən dərk etmək oldu.

-    Malayziya və Azərbaycana baxdıqda gündəlik həyat tərzində, insanların davranışlarında və adət-ənənələrində sizi ən çox təəccübləndirən fərqlər hansılardır?

-    Ən çox diqqətimi çəkən fərqlərdən biri insanların ictimai davranışıdır. Malayziyada insanlar olduqca sakit, təmkinli və qaydalara riayət edən bir toplumdur. Azərbaycanda isə insanlar daha emosional və açıqdırlar, ünsiyyət daha səmimi və bir qədər doğma hiss olunur. Malayziyada məsələn, ictimai yerlərdə yüksək səslə danışmaq və ya mübahisə etmək çox nadir haldır. Amma hər iki xalqın ortaq cəhəti odur ki, qonaqpərvərlik və hörmət anlayışı çox güclüdür.

-    Milli mətbəx baxımından iki ölkə arasında hansı oxşar və fərqli cəhətləri görürsünüz? Orada ən çox hansı Azərbaycan yeməyini darıxaraq xatırlayırsınız?

-    Malayziya mətbəxi çox ədviyyatlı və rəngarəngdir, amma bizim mətbəxlə müqayisədə daha çox düyü və dəniz məhsulları üstünlük təşkil edir. Bizim plov, dolma, piti kimi yeməklər orada yoxdur. Ən çox darıxdığım yemək isə mənim üçün əvəzolunmaz hesab olunan yarpaq dolmasıdır. Hər dəfə yerli yeməkləri dadanda o tanış ləzzəti axtarıram, amma Azərbaycan yeməklərinin tamını heç nə ilə əvəz etmək olmur.

-     Bəs Malayziyada sizi ən çox cəlb edən və maraqlı gələn şey nədir - mədəniyyət, təbiət, insanların münasibəti, yoxsa təhsil sistemi?

-    Mənim üçün ən cəlbedici olan bu ölkənin təbiəti və insanların davranış mədəniyyətidir. Burada təbiət sanki canlı bir tablo kimidir hər yeri yaşıl, yağışlı və təmizdir. İnsanlar isə çox nəzakətli və yardımsevərdirlər. Amma bir tarixçi kimi məni ən çox cəlb edən cəhət Malayziyanın çoxmədəniyyətli quruluşudur. Malay, Çin və Hind mədəniyyətlərinin bu qədər harmonik şəkildə bir arada yaşaması mənə həqiqətən maraqlı gəlir. Bir yandan da, biz və malaylar arasında tarixi oxşarlıqlar var. Necə ki, Azərbaycan Sovet İttifaqından ayrılaraq müstəqil oldu və milli ənənələr daha çox ön plana çıxmağa başladı. Eynilə, malay xalqı da əvvəllər ingilis kolonial sistemi vasitəsilə idarə olunurdu. Məsafə nə qədər bizi ayırsa da, dil, din, millət teoriyalarının ortaya çıxmasında müstəmləkə sistemi bizlərə maneə olmuşdur.

-    Sizin fikrinizcə, həyat şəraiti və imkanlar baxımından Azərbaycanla Malayziyanı müqayisə etdikdə, hansı ölkə daha əlverişli görünür və niyə?

-    Hər iki ölkənin öz üstün cəhətləri var. Malayziyada həyat şəraiti xüsusilə təhsil və ictimai xidmətlər baxımından çoxsistemlidir. Amma mənim üçün “əlverişlilik” təkcə rahatlıq demək deyil, həm də mənəvi bağlılıqdır. Azərbaycanda doğmalıq, ailə və milli dəyərlər hissi daha güclüdür. Ona görə də, hər nə qədər Malayziyada müəyyən imkanlar geniş olsa da, mənim üçün Azərbaycan həmişə daha doğma və mənəvi baxımdan əlverişli ölkə olaraq qalacaq.

-     Ailəniz və yaxınlarınız sizin başqa ölkədə yaşamağınıza necə baxır? Onların bu qərarınızla bağlı ən çox narahat olduqları məqam nə idi?

-    Ailəm mənim qərarıma həm qürurla, həm də bir qədər narahatlıqla yanaşdı. Onlar hər zaman təhsilə böyük önəm veriblər, amma eyni zamanda uzaqda olmağım onları narahat edirdi. Zaman keçdikcə onlar gördülər ki, bu təhsil mənim üçün sadəcə diplom deyil, həm də həyati təcrübədir. İndi artıq daha rahat şəkildə dəstək olurlar və bu, mənə əlavə motivasiya verir.

-     Azərbaycanla bağlı ən çox nəyə görə darıxırsınız? Bəs Malayziyada sizi gündəlik həyatda motivasiya edən əsas səbəb nədir?

-    Ən çox ailəmin yanında olma hissinə və doğma mühitə görə darıxıram. Həmçinin, Azərbaycan havasının, küçələrinin, dostlarla söhbətlərin bir özəlliyi var ki, onu heç yerdə tapa bilmirsən. Malayziyada isə məni motivasiya edən əsas amil məqsədimdir, yəni təhsilim və gələcək planlarım. Burada hər gün yeni bir şey öyrənirəm və bu, mənə inkişaf hissi verir.

-     Gələcək planlarınızla maraqlanmaq istərdik: təhsili bitirdikdən sonra Azərbaycana qayıtmaq, yoxsa beynəlxalq karyera qurmaq fikriniz var?

-    Planım təhsili başa vurduqdan sonra Azərbaycana qayıtmaq və elmi fəaliyyətimi orada davam etdirməkdir. Xaricdə yaşamaq mənə çox təcrübə qazandırdı, amma doğma mühitdə öz ölkəmin tarixini araşdırmaq və tədris etmək mənim üçün daha dəyərlidir. Uzunmüddətli məqsədim isə doktorantura pilləsini də bitirib akademik sahədə çalışmaqdır. Yəni daha açıq şəkildə desəm, Azərbaycan gəncliyinin və elmi mühitinin inkişafı mənim üçün şəxsi maraqlarımdan daha dəyərlidir. Düşünürəm ki, modern dünya insanları daha rahat şəraitə öyrəşdirməyə səy göstərir. Amma bir yandan da dəyərlər, insanın şəxsi inkişafı və tarix yaddaşlardan silinir. Buna görə də, Azərbaycan gəncliyinin elm sahəsində dominant mövqedə olması və məqalələrdə, kitablarda, eləcə də çeşidli araşdırma işlərində alimlərimizin adlarını tez-tez görmək mənim üçün məqsədlərdən biridir.

-     İlahiyyat üzrə təhsil almağınız maraqlıdır. Niyə məhz bu ixtisası seçdiniz və Malayziyada bu sahədə tədris prosesi necə təşkil olunub?

-    Əslində uşaqlıqda ilahiyyatçı olmaq istəmirdim, tarixçi olmaq istəyirdim. Tarix mənə həmişə maraqlı gəlib, amma din də insan həyatını, mədəniyyəti və tarixi anlamaqda çox vacib bir sahədir. Ona görə düşünürdüm ki, ilahiyyat elmini öyrənmək tarixə daha dərin baxış qazandıracaq. Buna görə də, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq ixtisasında bakalvr təhsili aldım. 2024-cü ildə isə bakalavr təhsilimi başa vurdum və magistr təhsili  üçün deyərdim ki, mənim ixtisasıma uyğun ən ideal universitet olan Malayziya Beynəlxalq İslam Universitetini seçdim. Malayziyada bu sahə çox sistemli və akademik şəkildə tədris olunur. Burada tələbələrə yalnız dini bilik deyil, həm də tənqidi düşüncə, müqayisəli din araşdırması kimi yanaşmalar öyrədilir. Bu, mənim üçün çox faydalı təcrübə oldu.

-     Burada aldığınız dini biliklər və yanaşma tərzi ilə Azərbaycandakı dini tədris arasında hansı fərqləri müşahidə edirsiniz?

-    Əsas fərq metodologiyadadır. Azərbaycanda dini tədris daha ənənəvi yanaşmaya əsaslanır, Malayziyada isə akademik və analitik yönüm daha güclüdür. Burada dini elmlərə sosial elmlərlə yanaşı baxılır, yəni tarix, fəlsəfə, antropologiya ilə əlaqələndirilir. Bu yanaşma mənim dünyagörüşümü çox genişləndirdi. Artıq dini mövzulara təkcə inanc tərəfdən yox, həm də elmi tərəfdən baxa bilirəm. Məsələn, akademik sahədə Azərbaycanda yazı işlərinin müdafiəsi prosesində əsas yük faktların və məlumatların nə dərəcədə dərin olmasındadır. Burada isə araşdırma işində hansı metodlardan istifadə müdafiə prosesində əsas yer tutur. Onu da qeyd edim ki, mənim və mənim kimi burada təhsil alan azərbaycanlı tələbələrin əsas üstünlüyü məlumat və faktları daha yaxşı bilməyimiz və izah etməyimizdir. Bu da təbii ki, bizim təhsil metodunun qazandırdığı əsas keyfiyyətlərdən biridir.

-     Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki azərbaycanlı gənclərlə fəaliyyətini necə qiymətləndirirsiniz?

-    Məncə, Komitə xaricdə yaşayan gənclərlə çox faydalı və səmərəli işlər görür. Onların məqsədi təkcə bizi bir araya toplamaq deyil, həm də milli kimliyimizi qorumağa dəstək olmaqdır. Təşkil edilən proqramlar, görüşlər və layihələr gənclərin həm bir-biriləri ilə əlaqə qurmasına, həm də Azərbaycanı xaricdə düzgün təmsil etməsinə şərait yaradır. Hətta keçən il komitə nümayəndələrinin Malayziyaya səfəri də baş tutdu. Bizim üçün Azərbaycanın tanınmış xanəndələrindən ibarət çox yaxşı konsert proqramı da təşkil etdilər. Mən bu fəaliyyətləri yüksək qiymətləndirirəm.

-     Komitənin təşkil etdiyi VI Yay Düşərgəsində iştirak təəssüratlarınız necə idi? Bu proqram sizə nə qazandırdı?

-    Yay düşərgəsi mənim üçün çox dəyərli təcrübə idi. Fərqli ölkələrdə təhsil alan azərbaycanlı gənclərlə tanış oldum, fikirlərimizi bölüşdük. Düşərgədə ən sevdiyim nüans isə xaricdən təkcə azərbaycanlıların deyil, müxtəlif millətlərin tələbələrinin də cəlb olunması idi. Orada təkcə əyləncəli anlar yox, həm də milli düşüncəni gücləndirən müzakirələr oldu. Hiss etdim ki, harada yaşamağımızdan asılı olmayaraq, biz hamımız eyni kökdən gəlirik. Bu düşərgə mənə həm motivasiya, həm də ruh yüksəkliyi verdi. Azərbaycanda olanda görmək istədiyim, amma gedə bilmədiyim tarixi torpaqlarımızı gəzmək mənə çox böyük qürur və şərəf dolu anlar yaşatdı. Həmçinin, Xankəndi şəhərində Azərbaycanın çox böyük elm, musiqi, idman və sənət insanları ilə tanış olmağa fürsətim yarandı. Azərbaycanın dəyərli alimlərindən professor Solmaz xanım Rüstəmova ilə tanış olmaq mənə böyük sevinc hissi yaşatdı.

-     İşğaldan azad olunmuş Qarabağa ilk səfəriniz zamanı sizdə hansı duyğular yarandı? Həmin səfərdən yadınızda qalan ən təsirli an nələrdir?

-    O səfəri heç vaxt unuda bilmərəm. Qarabağa gedəndə sanki tarixlə canlı təmasda idim. Hər bir dağ, hər bir daş o dövrün izlərini daşıyırdı. Orada Azərbaycan bayrağını görmək, şəhidlərin xatirəsini yad etmək insanın qəlbində həm qürur, həm də kədər yaradır. Üzərində gəzdiyimiz torpaqlarda bir tarix və minlərlə qəhrəman yatırdı. Bu məğrur tarixi günləri gördüyümə görə bəlkə də tarixin ən yaxşı gəncliyini yaşadığımı iddia etsəm, kimsə mənə irad bildirməz. Qarabağda artıq bizim bir univeristetimiz də var. Çox yüksək şərait ilə təchiz olunmuş və müasir sistemi özündə birləşdirən elm ocağı olduğunu qeyd edə bilərəm. Amma ən əsası Qarabağın yenidən bərpası prosesinim çox yüksək keyfiyyətdə olduğunu gördüm. Xankəndi şəhərində bizim panellərdən ibarət müxtəlif mövzularda konfranslarımız oldu. İctimai, elmi, fəlsəfi xarakterli mövzularda edilən çıxışlar Azərbaycanın heç də dünya ölkələrindən geri qalmadığını, əksinə daha da öndə olduğunu mənə xatırlatdı. Mənim ən sevdiyim panel isə dünyaca məhşur fotoqraf Reza Degatinin çıxışı və l və ll Qarabağ müharibəsində çəkdiyi fotolardan ibarət videoformatlı fotosərgi oldu. Səmimi desəm, göz yaşlarıma hakim ola bilmədim. Bir də əsas duyğulandığım hissə, “Qarabağ”ın futbol matçını Xankəmdi Konqres Mərkəzində ekran qarşısında bərabər izləməyimiz oldu. Bütün bunlar birliyin, vüqarın və sarsılmaz duruşun simvoludur. Bütün bunlara görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər heyətinə və durmadan çalışan, qayğımıza qalan əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.


1484064

1484066

1484068

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox