Payızın son günlərinin sakit, soyuq nəfəsi Qax rayonunun Qıpçaq kəndinə aparan yolu bir başqa gözəlliklə bəzəmişdi. Azərbaycanın füsunkar təbiəti ilə seçilən bu bölgənin hər guşəsi sanki bir tablo idi: yolboyu sarı-qızılı rəngə bürünmüş heyva ağacları öz ətiri ilə cənnət baxçalarını xatırladan tabloya bənzəyir. Qıpçağın qədim çinarları isə əsrlərin yükünü çiyinlərində daşıyan sıldırım dayaq kimi qürurla ucalırdı. Yol irəlilədikcə sanki zaman da geri qayıdır, biz qədim tayfalar yurduna, türk kimliyinin izlərini daşına, torpağına hopdurmuş Qıpçaq kəndinə yaxınlaşırdıq.

Bu gün üz tutduğumuz ünvan isə bu qədim yurdun ən müqəddəs məkanı – Şəhid Mehdi Ziyadov adına Qıpçaq kənd tam orta məktəbi idi. Məktəbin həyətinə daxil olan kimi kəndin oğlu, məktəbin direktoru, şair və araşdırmaçı-jurnalist Nadir Ziyadlının poetik dünyası göz önünə gəlir:
Daşına torpağına qoy mən baş qoyum,
Mənim əziz kəndim, a qədim yurdum.
Tarixlər şahidi qədim Qıpçağım…
Qıpçaqdan başlayan yol
1960-cı ildə bu kənddə dünyaya gələn Nadir Ziyadlı ilk təhsilini elə bu məktəbdə alıb. Daha sonra Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat İnstitutunda fəaliyyətə başlayan gənc mütəxəssis hələ universitet illərindən söz və elm mühitinin mərkəzində idi. O dövrdə yaratdıqları “Şölə” ədəbi birliyinin fəal üzvlərindən olan Nadir müəllim Sabir Rüstəmxanlı, Vaqif Bəhmənli, Şamxal Rüstəmli, Dəmir Gədəbəyli kimi ziyalılarla gəncləri görüşdürərək birgə ədəbi məclislər təşkil edir, maarifçilik ruhunu gənclər arasında yayırdı.

Elə özü də həmin illəri belə xatırlayır:
“Universitet illəri yaradıcılığımın, tələbəlik ideallarımın formalaşdığı dövr idi. Radioda çalışdığım illərdə gənc qələm sahiblərinin çıxışlarına şərait yaradır, onların sözünü dinləyicilərə çatdırırdıq. Sözün gücünü o vaxtdan dərk etmişəm”.
Elmi fəaliyyətini yarımçıq buraxıb kəndə dönməsi isə taleyin qərarı deyil, missiyasının seçimi idi. O, 7 ay kimya müəllimi kimi fəaliyyət göstərsə də, bədii yaradıcılıqdan ayrılmadı. Qaxın tarixi barədə araşdırmaları, Qıpçaq türklərinin ən qədim dövrlərə gedib çıxan izlərini üzə çıxarması onun ziyalı ömrünün mühüm səhifəsidir.
Nadir müəllimin araşdırmalarına görə, Qıpçaq kəndinin tarixi 700–800 il əvvələ dayanır, Əyriçay vadisinin ilkin məskunlaşması isə antik dövrlərə qədər gedib çıxır. Bu faktlar kəndin təkcə coğrafi məkan deyil, həm də mədəniyyət ocağı, türk yaddaşının daşıyıcısı olduğunu sübut edir.
Məktəbin tarixi və yenilənən siması
Qıpçaq kənd məktəbinin tarixi özü də bir təhsil salnaməsidir: 1931-ci ildə 7 illik məktəb kimi fəaliyyətə başlayıb. Sonralar tam orta məktəb statusu alıb. 2011-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən müasir standartlara uyğun yeni bina inşa edilib. 2024–2025-ci tədris ilində isə məktəb əsaslı təmir olunub. Bu təmir məktəbin bütün infrastrukturunu yeniləyib — dərs otaqları, laboratoriyalar, kitabxana, idman zalı və inzibati bölmələr müasir təhsil tələblərinə uyğunlaşdırılıb.

Qax bölgəsinin sərt qışı xüsusilə dağətəyi Qıpçaqda daha kəskin hiss olunur. Lakin məktəb yeni kombi istilik sistemi ilə tam təchiz edilib. Sinif otaqlarına daxil olanda ilk hiss etdiyimiz isti, rahat və işıqlı tədris mühiti oldu. Şimal-qərbin soyuğundan məktəbdə əsər-əlamət yox idi. Bu da dərslərin keyfiyyətinə, şagirdlərin diqqətinə bilavasitə təsir göstərən mühüm amildir.
Məktəbdə ilk təəssürat – şəhidlərin və qəhrəmanların izi
Dəhlizə daxil olan kimi diqqətimizi çəkən ilk stendlər şəhid və döyüşçülərin xatirəsinə həsr olunmuş guşələr oldu. Məktəb öz adını Şəhid Mehdi Ziyadovun adından götürüb. Nadir müəllimin vətənə bağlılığıda qardaşının şəhid adını daşıyan bu məktəbə bağlılığı da bizə aydın olur. Burada həmçinin bu məktəbin yetirməsi olan generalların və zabitlərin də şəkilləri yer alır. Bu guşələr təkcə tarixi yaddaş deyil, həm də məktəbdə vətənpərvərlik tərbiyəsinin əsas daşıyıcılarıdır.
Görkəmli məzunlar – elmin və peşəkarlığın ünvanları
Bu məktəbin yetirmələri sırasında: Geodeziya mühəndisi Əkrəm Ziyadov, Kimya elmləri namizədi, BDU-nun dosenti Çingiz Yusifov, Gəmi kapitanı Söhrab Yusifov, müxtəlif dövlət qurumlarında çalışan onlarca mütəxəssis var. Bu adlar Qıpçaq məktəbinin təkcə bir kənd məktəbi olmadığını, bölgənin elm və təhsil tarixində öz imzasını qoyduğunu göstərir.

Məktəbdə olduğumuz gün təsadüfən sadə bir gün deyildi — burada Azərbaycan şairi, nasir, publisist, radio və televiziya jurnalisti Gəray Fəzlinin 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilirdi.
Gəray Fəzli Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair, publisist, nasir, müharibə veteranı, radio və televiziya jurnalistikasının inkişafında rolu olan Qax rayonunun ziyalılarından olub. Şeirləri nəğmələrə dönüb, nəğmələri dildən dilə dolaşıb. Onun yaradıcılığı romantik duyğular, vətən torpağına məhəbbət, insan taleyi və əmək qəhrəmanlığı mövzularını əhatə edir. “Başucalığı”, “Dost yolu”, “Qayıdış” kimi əsərləri bu gün də sevilə-sevilə oxunur.
Nadir müəllim tədbir əsnasında Gəray Fəzlinin ömür yolundan susdurulmuş səsindən lakin susdurula bilməyən qələmindən şagirdlərə bəhs etdi: “Gəray Fəzli Azərbaycan poeziyasının mənəvi dayaqlarından biridir. O, sözə səmimiyyət qatıb, insanın iç dünyasını şeirin mərkəzinə çəkib. Şagirdlərimizin bu irsi dərk etməsi üçün belə tədbirlər çox vacibdir”.
Tədbirin təşkilatçısı, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Rahilə Əhmədlinin peşəkarlığı, şagirdlərin intellekt səviyyələrini artıran düşüncələrini aktivləşdirən sual sandığı oyunu tədbirə maraq qatdı. Şairin həyatı və döyüş yolu haqqında təqdimatlar edildi. Rahilə müəllimə qonşu kənddən MİQ imtahanında uğur qazanaraq Qıpçaq kəndində fəaliyyətə başlamışdı. Elə bura gəldiyi gündən şagirdlərin sevgisini qazanan Rahilə müəllimənin kurikulum modelinə əsaslanan dərs tətbiqi, rollu oyunlarda da intellektual yarışda da özünü biruzə verirdi. Xüsusilə 6-cı sinif şagirdi Aişə Qasımova tədbirin parlayan ulduzu idi.

Aişə Qasımova: “Gəray Fəzlinin “Ana kəndim” şeirini deyəndə sanki həmin dövrü yaşayırmışam kimi hiss etdim. Mən şeiri çox sevirəm, gələcəkdə də yazmaq istəyirəm.”
Tədbirdən sonra şagirdlərin bu qədər ədəbiyyata bağlı olması məni məktəbin 36 illik kitabxanaçısı Ülkər Məmmədovanın yanına apardı fikirlərim.
Ülkər xanım söhbət zamanı qeyd etdi ki, Burada uşaqların ən çox sevdiyi müəlliflər Anar, Gəray Fəzli, Elçin, Çingiz Abdullayev, Mir Cəlal, eləcə də klassiklərdir. Uşaq ədəbiyyatı ilə yanaşı tarixi romanlarda sevən şagirdlərin milli mənəvi dəyərlərinə sadiq olduğunu vurğuladı Ülkər xanım. Oxuyan uşaq yazmağı da bacarır. Bizim şagirdlərin esse və məqalələri bunu sübut edir.” Onun dediklərindən aydın idi ki, məktəbdə mütaliə ənənəsi çox güclüdür.

Yazıçı ruhlu şagirdlər – gələcəyin ədəbi nəslinin addımları
8-ci sinif şagirdlərindən Ayşə Muradlı, Nuray Xəllili, Sevgi İsmayıllı bizə vətənpərvər məzmunlu məqalələrini təqdim etdilər. Nuray Xəllilinin “Atanın yadigarı”, “Vətən İnsanın köküdür” məqalələrində milli kimliyin ruhuni hiss etməmək mümkün deyildi. Sevgi İsmayıllı isə Nadir müəllimin yolunu seçmiş, gələcəkdə journalist olacağam deyirdi. Təqdim etdiyi məqaləsini də “Nadir müəllimə həsr etmişdi. “ Nadir müəllimin davamçıları” başlıqlı məqaləni oxuyarkən anladım ki, şair ruhlu bu məktəbin hər günü yazıb yaratmaqla keçir. Sevgi ilə kitabxanadakı söhbətimiz zamanı bu fikirlərini dedi: “Jurnalist olmaq istəyirəm. Yazmaq mənim üçün nəfəs almaq kimidir. Məktəbdə yaradıcı mühit həqiqətən güclüdür. Bizə dəyər vermələri bizi daha çox həvəsləndirir”.

7-ci sinif şagirdləri Mələkxanım Məmmədli və Aişə Musazadə isə öz məqalələrini xüsusi qürurla təqdim etdilər. Mələkxanımın “Qıpçağın qəhrəmanı Mehdi””, Aişənin isə “Palıd Ağacı” adlı yazıları səmimiyyəti ilə seçilirdi. Kitabxanadan sonra ibtidai sinifə keçdik.
Sertifikasiyadan 95 bal toplayan ibtidai sinif müəllimi Günəş Abdilova sinifdə həm psixoloji rahatlıq, həm də pedaqoji səmərəliliyi bir arada yaradan mühit formalaşdırıb.
Günəş Abdilova: “Uşaqda azad düşüncə formalaşdırmaq ən vacib amildir. Onlar yalnız əzbərləməməli, düşünməli, soruşmalı, nəticəyə gəlməyi öyrənməlidirlər”, – deyə bildirdi.

Sözün və rəngin ustası, 42 illik pedaqoji fəaliyyəti ilə seçilən Cəfər Yusifov həm Azərbaycan dili və ədəbiyyat, həm də təsviri incəsənət fənnini tədris edir:
Cəfər müəllim bizimlə söhbət edərkən bildirdi ki, “Şagird sözün gözəlliyini anladıqca rənglərin dili də ona təbiidir. Mən hər iki istiqamətdə onların iç dünyasını açmağa çalışıram”.

Qədim Qıpçağın sabaha açılan məktəbi
Qıpçaq kənd orta məktəbində keçirdiyimiz bir gün bizə bu həqiqəti bir daha göstərdi: Bu məktəb yalnız təhsil müəssisəsi deyil — bu məktəb tarixdir, kimlikdir, ruhdur. Burada, müəllimlər milli-mənəvi dəyərləri elm və müasir tədris standartları ilə birləşdirir, şagirdlər sözə, kitaba, vətənə sevgi ilə böyüyür, şəhidlərin ruhu, qədim türklərin izləri bu ocaqda yaşadılır.

Qıpçaq kəndi tarixin şahidi olduğu kimi, Qıpçaq məktəbi də gələcəyin qurucularını yetişdirən bir elm məbədi olaraq öz missiyasını uğurla davam etdirir.
Məktəbdən ayrılarkən Nadir müəllimin misraları yenidən könlümüzdə səsləndi:
A doğma diyarım, odum-ocağım,
Tarixlər şahidi qədim Qıpçağım…
Bu od-ocağın işığı hələ çox nəsillərin yolunu işıqlandıracaq… (mənbə: "Azərbaycan müəllimi")