Azedu.az

"Müəllimlik peşəsinə daxil olmaq və bu peşədə qalmaq  çətinləşəcək"-PROQNOZ

Xəbərlər

8 Dekabr 2025, 14:20
"Müəllimlik peşəsinə daxil olmaq və bu peşədə qalmaq  çətinləşəcək"-PROQNOZ

Elm və Təhsil Naziri çıxışlarında tez-tez qeyd edir ki, müəllimlərlə bağlı sertifikatlaşdırma prosesi çərçivəsində təxminən 8 min müəllimin fəaliyyətinə peşə tələblərinə cavab vermədiklərinə görə xitam verilib.

Maraqlıdır, gələcək illərdə işdən azad edilən müəllimlərin sayında artım, yoxsa azalma gözlənilir?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov danışıb. 

O, qeyd edib ki, sertifikatlaşdırma çərçivəsində təxminən 8 min müəllimlə əmək münasibətlərinə xitam verilməsi təsadüfi statistika deyil, illərlə yığılıb qalmış keyfiyyət boşluqlarının üzə çıxmasının nəticəsidir:

"Burada əsas məsələ rəqəmin böyüklüyü yox, bu rəqəmin sistemin hansı mərhələsinə aid olması və qarşıdakı illərdə hansı istiqamətdə dəyişəcəyidir. Sertifikatlaşdırmanın ilk dövrü hər bir ölkədə “kəskin filtrasiya mərhələsi” kimi çıxış edir və bu mərhələdə işdən çıxarılanların payının yüksək olması struktur problemlərin dərinliyini göstərir.

Statistik çərçivəyə baxdıqda mənzərə daha aydın olur. Azərbaycanda ümumi təhsil sistemində çalışan müəllimlərin sayı təxminən 150 min nəfərə yaxındır. Sertifikatlaşdırmadan keçmiş müəllimlərin kontekstində işdən azad edilən 8 min nəfər ümumi müəllim korpusunun təxminən 5–6 faizini təşkil edir. Prosesin ilk mərhələsində iştirak edənlər arasında bu nisbət daha yüksək – bəzi fənlər üzrə 10–12 faizə qədər olub. Bu göstərici beynəlxalq təcrübə fonunda qeyri-adi sayılmır. Gürcüstanda müəllimlərin attestasiyası islahatının ilk illərində sistemdən kənarlaşdırılanların payı 14–15 faizə çatmışdı. Polşada 2000-ci illərin ortalarında aparılan müəllim keyfiyyəti islahatları zamanı ilkin mərhələdə müəllim korpusunun təxminən 9 faizi peşə tələblərinə cavab vermədiyi üçün məktəblərdən uzaqlaşdırılmışdı. Estoniyada isə ilk mərhələdə itki 7–8 faiz olmuş, sonrakı illərdə bu göstərici 2 faizdən aşağı enmişdi".

Uzun illər məktəblərdə faktiki olaraq toxunulmazlıq statusu olan müəllim anlayışı aradan qalxır:

"Qanunvericilik prizmasından yanaşdıqda, sertifikatlaşdırma prosesi hüquqi baxımdan tam əsaslandırılmış mexanizmdir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 30-cu maddəsində müəllimin peşəkar fəaliyyətinin keyfiyyət göstəriciləri əsasında qiymətləndirilməsi və bu keyfiyyətin dövlət tərəfindən qorunması əsas prinsip kimi təsbit edilir. Eyni zamanda Əmək Məcəlləsinin müvafiq maddələri işçinin peşə yararlılığının qiymətləndirilməsi, ona inkişaf və adaptasiya imkanlarının yaradılması şərtilə əmək münasibətlərinə xitam verilməsini mümkün sayır. Sertifikatlaşdırmada müəllimə bir neçə mərhələdə şans verilməsi, təkrar qiymətləndirmə və hazırlıq mexanizmlərinin mövcudluğu prosesin yalnız inzibati deyil, hüquqi və etik əsaslara söykəndiyini göstərir.

Müsbət tərəflər artıq sistem səviyyəsində hiss olunur. Ən mühüm nəticə müəllim peşəsinə qarşı ictimai və institusional tələblərin yüksəlməsidir. Uzun illər məktəblərdə faktiki olaraq toxunulmazlıq statusu olan müəllim anlayışı aradan qalxır. Sertifikatlaşdırmadan sonra ixtisasartırma kurslarına müraciət edən müəllimlərin sayında ciddi artım müşahidə edilir; Elm və Təhsil Nazirliyinin açıqlamalarına əsasən, son illərdə bu göstərici əvvəlki dövrlə müqayisədə 1,5–1,7 dəfə yüksəlib. Digər müsbət məqam peşəkar müəllimlərin maddi və sosial baxımdan stimullaşdırılmasıdır. Sertifikatlaşdırma nəticələrinə uyğun diferensial əməkhaqqı mexanizmi müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdırır və “hamı eyni maaşı alır” psixologiyasını zəiflədir".

Gələcək illərdə işdən azad olunan müəllimlərin sayının artması yox, azalması gözlənilir:

"Mənfi tərəflər isə əsasən keçid dövrü riskləri ilə bağlıdır. Uzun illər məktəbdə çalışmış, lakin bilik və metodika baxımından yenilənməmiş müəllimlər üçün proses sosial və psixoloji baxımdan ağırdır. Regionlarda müəyyən fənlər üzrə müvəqqəti kadr boşluqları yarana bilər. Lakin bu çatışmazlıqlar sertifikatlaşdırmanın yanlışlığını yox, onu müşayiət etməli olan dəstək mexanizmlərinin vaxtında və çevik qurulması ehtiyacını göstərir. Dünya təcrübəsi göstərir ki, keyfiyyət islahatları qısamüddətli narahatlıq yaradır, lakin uzunmüddətli sabitlik formalaşdırır.

Gələcək illər üzrə müqayisəli təhlil göstərir ki, işdən azad edilən müəllimlərin sayında kəskin artım yox, azalma tendensiyası gözlənilməlidir. Sertifikatlaşdırmanın ilk mərhələsi zəif müəllimlərin sistemdən çıxarılmasını təmin edir. Sonrakı mərhələlərdə sistem artıq nisbətən təmizlənmiş bazada işləyir və əsas diqqət nəzarətdən çox inkişaf mexanizmlərinə yönəlir. Gənc müəllimlər artıq sertifikatlaşdırma tələblərinə uyğun hazırlıqla məktəbə daxil olurlar. Bu isə potensial risklərin əvvəlcədən azalması deməkdir.

Dünya təcrübəsi bu proqnozu təsdiqləyir. Sinqapurda müəllimlərin performans əsaslı qiymətləndirilməsi tətbiq edildikdən sonra ilk illərdə ciddi kadr itkisi baş verib, lakin sonrakı mərhələdə işdən azadetmə minimuma enərək daha çox mentorluq və inkişaf modelləri ilə əvəzlənib. Estoniyada ilkin filtrasiya mərhələsindən sonra müəllimlərin peşəkar inkişafına ayrılan resurslar artırılıb və müəllim dövriyyəsi sabitləşib. Bu ölkələrin hamısında əsas prinsip müəllimi cəzalandırmaq yox, peşəni standartlara uyğunlaşdırmaq olub".

Müəllimlik peşəsinə giriş və bu peşədə qalmaq daha çətin olacaq:

"Azərbaycan kontekstində də eyni mərhələli model formalaşır. Yaxın illərdə işdən azad edilən müəllimlərin sayının azalması gözlənilir, lakin tələblərin yumşaldılması gündəmdə deyil. Əksinə, sertifikatlaşdırma tədricən “kadr təmizləmə mexanizmi”ndən “keyfiyyətin qorunması aləti”nə çevriləcək. Bu, sistemin sağlamlaşdığını göstərən əsas indikator olacaq.

Bu prosesdə Elm və Təhsil Nazirliyinin mövqeyi xüsusilə qeyd edilməlidir. Nazirliyin sertifikatlaşdırmanı ardıcıl, prinsipial və ictimai təzyiqlərə baxmayaraq davam etdirməsi, paralel olaraq müəllim maaşlarının mərhələli artırılması, peşəkar inkişaf proqramlarının genişləndirilməsi və metodiki dəstəyin gücləndirilməsi strateji baxımdan düzgün və uzaqgörən yanaşmadır. Nazirlik faktiki olaraq sertifikatlaşdırmanı cəza mexanizmi kimi yox, müəllim peşəsinin nüfuzunu bərpa edən keyfiyyət aləti kimi təqdim edir və bu, islahatların davamlılığı üçün həlledici şərtdir.

Hesab edirəm ki, qarşıdakı illərdə işdən azad edilən müəllimlərin sayında artım deyil, tədrici azalma müşahidə olunacaq. Amma müəllimlik peşəsinə giriş və bu peşədə qalmaq daha çətin olacaq. Bu, təhsilin keyfiyyəti baxımından geriyə yox, irəli atılan addımdır. Sertifikatlaşdırma nəticəsində müəllimlərin sayı deyil, müəllim adının çəkisi və cəmiyyət qarşısında məsuliyyəti artır və məhz bu dəyişiklik Azərbaycan təhsil sisteminin uzunmüddətli qazancı kimi dəyərləndirilməlidir".

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox