Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 13:23:00
Bakı Dövlət Universitetində imtahanlara ictimai baxış keçirilib

Yanvarın 23-də Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestri imtahanlarına ictimai baxış keçirilib.

AzEdu.az xəbər verir ki, əvvəlcə rektor Elçin Babayev BDU-nun rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media və ictimaiyyət nümayəndələri ilə müzakirələr aparıb. O, sessiya dövründə mövcud qanunvericiliyin və Təhsil nazirinin 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələblərinin nəzərə alındığını, bütün texniki-təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini bildirib. Rektor qeyd edib ki, imtahanların təşkili və keçirilməsi istiqamətində islahatlar aparılıb, xoşagəlməz hallar minimuma endirilib, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şəraitin yaradılıb, fakültə dekanları və kafedra müdirlərinin qarşısında konkret vəzifələr qoyulub.

Elçin Babayev diqqətə çatdırıb ki, imtahanlar bir qayda olaraq yazılı formada, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və test formasında keçirilir, tələbələrin imtahanlarla bağlı yaranan istənilən müraciətlərinə İmtahan Qərargahı tərəfindən operativ qaydada baxılır.

Sonra proses iştirakçıları sessiyanın gedişinə nəzarət edən, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən İmtahan Qərargahının fəaliyyəti ilə tanış olublar. Qərargahın sədri, professor Elşad Qurbanov bildirib ki, qərargah imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi daha yüksək səviyyədə təmin etmək, mümkün münaqişələri və neqativ halları operativ surətdə aradan qaldırmaq məqsədilə yaradılıb. “Qaynar xətt”, elektron poçt və universitetin bütün tədris korpuslarında şikayət və təkliflər üçün mövcud qaydada möhürlənmiş qutular vasitəsilə daxil olan məlumatların təhlili əsasında müvafiq tədbirlər həyata keçirilir. Qərargah, eyni zamanda, Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” xidmətindən daxil olan hər bir şikayətin operativ surətdə araşdırılmasını və nəticəsi barədə Təhsil Nazirliyinə məlumatların verilməsini təmin edir. Eyni zamanda, apellyasiya şikayətlərinin araşdırılması zamanı aşkar edilən ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər hazırlayır, lazım olduqda isə ekspert və mütəxəssislər cəlb edirlər.

İştirakçılara məlumat verilib ki, hər gün imtahanlardan öncə müəllim-koordinatorların bölgüsü aparılır və onlar müvafiq auditoriyalara təhkim edilirlər. İmtahanlar başa çatdıqdan sonra rektorluğun qərarı və yerdəyişmə qaydası gözlənilməklə yazı işlərinin yoxlanılması üçün ayrılmış auditoriyalara təhkim edilmiş rəhbər koordinatorlar təhkim olunduqları yoxlama zalına gedərək orada müəllim-koordinatorlar tərəfindən gətirilmiş imtahan yazı işlərinin qəbulunu həyata keçirirlər. Koordinatorların gətirdiyi imtahan yazı vərəqələri yoxlanıldıqdan sonra qəbul edilir və hər bir qrup üzrə tələbə sayı, imtahana gəlməyən və buraxılmayan tələbələrlə bağlı qeydlər aparılır. Əvvəlcə yazı işləri müvafiq olaraq kodlaşdırılır, sonra tələbənin şəxsi məlumatları olan hissə kəsilərək ayrılır. Təxminən saat 14:00-da kodlaşma bitir və işlər fakültələr üzrə yoxlamanı aparacaq müəllimlərə təqdim edilir. Hər bir sual yoxlayan müəllim tərəfindən əsaslandırılmaqla 0-10 bal arasında qiymətləndirilir. Yoxlama başa çatdıqdan sonra cavab vərəqələri ilə kəsilmiş hissə müvafiq kod ardıcıllığı ilə uyğunlaşdırılır, tələbənin balı ümumi bal vərəqinə yazılaraq yekun qiymət çıxarılır.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar imtahan keçirilən auditoriyalarda olub və imtahanların gedişini izləyiblər. Eyni zamanda, monitorinq otağında auditoriyalara kameralar vasitəsilə baxış keçirilməsi prosesi ilə tanış olublar. Onlar görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini təqdir ediblər.