Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-15 11:26:00
Təhsil eksperti: “M.Cabbarov bu liseyi yerdən qaldırdı”

“Mikayıl Cabbarovun Təhsil sahəsində gördüyü işlər bəhrəsini verməkdədir”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev şəxsi feysbuk hesabında yazıb.

O, olimpiadada qızıl medal qazanmağımızda  Təhsil Nazirliyinin tabeliyində olan Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin böyük rolunu qeyd edib.

“8-15 yanvar 2020-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar. Onların 6-sı Təhsil Nazirliyinin tabeliyindəki Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdləridir”.

Etibar Əliyev qeyd edib ki,  liseyin dirçəlməsi və olimpiada mərkəzinə çevrilməsi birbaşa Mikayıl Cabbarovun adı ilə bağlıdır:

“Liseyə qəbulun şəffaf keçirilməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması nəticəsində bu təhsil müəssisəsinə istedadlı şagirdlərin axını başlayıb. Onlar Mikayıl Cabbarov Təhsil naziri təyin olunduqdan sonra bu liseyə daxil olublar. Həqiqət naminə bu mütləq deyilməlidir. Çünki həmin liseyi M.Cabbarov yerdən qaldırdı”.

Qeyd edək ki, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları