Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-08 10:50:00
Şagirdləri çox maraqlandıran sual: Summativ qiymətləndirmə ildə neçə dəfə keçirilə bilər?

Ötən tədris ilində qiymətləndirilmə qaydalarına edilən dəyişiklər müəllimlərdə xeyli suallar yaratdı. Orta ümumtəhsil müəssisələrində yarımil sonu yaxınlaşdığına görə bəzi məsələlər indi də aktuallığını saxlayır.

Hazırda müəllim, şagird və valideynləri maraqlandıran məqamlardan biri də summativ qiymətləndirmələrin  bir tədris ilində neçə dəfə keçirilməli olması ilə bağlıdır.

AzEdu.az məlumat verir ki, bu barədə Təhsilalanların attestasiyası qaydalarında qeyd olunub. Qaydalara görə, kiçik summativ qiymətləndirmə II-XI siniflərdə bütün fənlər üzrə keçirilməlidir. O, hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılmalıdır.

Böyük summativ qiymətləndirmə isə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda aşağıdakı fənlər üzrə aparılmalıdır:

-IV, IX və XI siniflərdə bütün fənlər üzrə;

-V, VI, VII və VIII siniflərdə ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;

-Ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;

-Təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə.

Xatırladaq ki, summativqiymətləndirmə zamanı şagirdin topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

30-dək olan ballar “2” qiyməti ilə;

30-dan 60-dək olan ballar “3” qiyməti ilə;

60-dan 80-dək olan ballar “4” qiyməti ilə;

80-dən 100-dək olan ballar “5” qiyməti ilə.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları