XƏBƏRLƏR

02.12.2019 13:08
Ədəbiyyat İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub

Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında görkəmli mütəfəkkir, publisist və ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Əhməd bəy Ağaoğlunun Azərbaycanın və bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri və rolundan danışıb. Akademik Azərbaycan və Türkiyənin istiqlalı uğrunda mübarizə aparmış Əhməd bəy Ağaoğlunun hər iki ölkənin dövlət müstəqilliyi uğrunda mübarizədə öndə gedən ziyalılardan biri olduğunu qeyd edib, böyük mütəfəkkirin hər iki ölkənin parlamentinə deputat seçildiyini vurğulayıb.

Bildirilib ki, Əhməd bəy Ağaoğlu Azərbaycanda və Türkiyədə milli-mənəvi və islami dəyərlərin qorunub saxlanılması şərti ilə Şərq əsaslı və Qərb yönümlü inkişaf uğrunda fəaliyyət göstərib, məhz bu istiqamət onun publisistikasının əsasını təşkil edib. Görkəmli mütəfəkkirin hər iki xalqın milli istiqlalının əldə olunmasında böyük rolu olub.

İsa Həbibbəyli diqqətə çatdırıb ki, Əhməd bəy Ağaoğlu Ankara Universitetinin Hüquq fakültəsinin qurucularından olub, eləcə də ölkəmizdə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün “Difai” təşkilatını yaradıb.

Akademik İsa Həbibbəyli elmi sessiyanın keçirilməsini Azərbaycan Respublikası Prezidentinin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının AMEA-da icra olunması istiqamətində atılmış addımlardan biri kimi əhəmiyyətini bildirib. Sərəncam çərçivəsində akademiyanın institutlarında keçirilmiş tədbirlər haqqında ətraflı məlumat verib. O, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı keçirilmiş beynəlxalq simpoziumu xatırladaraq qeyd edib ki, bu tədbirdə görkəmli mütəfəkkirin Fransada yaşayan oğlu və bacısı nəvəsi iştirak edib, onlar Azərbaycanın bugünkü inkişafını yüksək qiymətləndiriblər.

Elmi sessiyada filologiya üzrə fəlsəfə doktorları - Şahbaz Şamıoğlunun “Əhməd bəy Ağaoğlu fenomeni”, Abid Tahirlinin “Əhməd bəy Ağaoğlunun epistolyar irsi” və filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlının “Əhməd bəy Ağaoğlunun bədii-publisistik irsinin nəşri və tədqiqi problemləri” mövzularında məruzələri dinlənilib.

İlin gənc müəllimi-Müraciət formu