Türkiyənin Ankara şəhərində 16 yaşlı yeniyetmə onlayn kompüter oyununda tanış olduğu şəxslərin yönləndirməsi nəticəsində xlor tərkibli təmizləyici vasitə içərək həyatını təhlükəyə atıb.
AzEdu.az-ın Türkiyə mətbuatından əldə etdiyi məlumata görə, təxminən iki ildir silah və zorakılıq məzmunlu onlayn oyun oynayan Y.D. oyunda tanış olduğu şəxslərin təsiri altına düşüb.
Bildirilib ki, həmin şəxslər əvvəlcə yeniyetmədən mobil telefonunu zibilə atmasını istəyiblər. Bu göstərişi yerinə yetirən Y.D. ailəsi və yaxınları ilə əlaqəsini itirib.
Məlumata əsasən, daha sonra həmin şəxslər ona oyunda "səviyyə keçəcəyi" vədi verərək bir şüşə xlor tərkibli təmizləyici vasitə içməyi tapşırıblar. Yeniyetmə bu göstərişi yerinə yetirdikdən sonra halı pisləşib.
Hadisəni görən qonşular dərhal təcili tibbi yardım çağırıblar. Xəstəxanaya çatdırılan yeniyetmə həkimlərin müdaxiləsi nəticəsində xilas edilib.
Baş verən hadisədən sonra ailə məsul şəxslərin müəyyən edilərək qanun qarşısında cavab verməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.