Azedu.az

İmtahan çətin idi, yoxsa hazırlıq zəif? - II cəhd üzrə RƏY

İmtahanlar və qəbul məsələləri

14 İyul 2026, 11:44
İmtahan çətin idi, yoxsa hazırlıq zəif? - II cəhd üzrə RƏY

Dünən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci cəhdi keçirildi. Keçirdiyimiz sorğular zamanı abituriyentlərin bir qismi imtahanın əvvəlki cəhdlə müqayisədə daha çətin olduğunu bildirdi. 

Doğrudanmı imtahanların çətinlik səviyyəsi artır, yoxsa abituriyentlərin hazırlıq prosesi bu qiymətləndirməyə təsir göstərir?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, abituriyentlərin bir qismi imtahanın asan olduğunu bildirsə də, əksəriyyət birinci cəhdlə müqayisədə ikinci cəhdin daha çətin keçdiyini qeyd edib:

186661

"Bununla belə, nəticəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıran abituriyentlər də kifayət qədərdir. Məsələn, birinci cəhddə müsabiqə şərtini ödəyə bilməyən bəzi abituriyentlər ikinci cəhddə bu şərti yerinə yetirə biliblər.

Bütün bunlar onu deməyə əsas verir ki, builki qəbul müsabiqəsi kifayət qədər rəqabətli olacaq. Buna həm abituriyentlərin sayının çoxluğu, həm də ikinci cəhddə nəticələrini yaxşılaşdıran namizədlərin sayının artması təsir göstərəcək.

İmtahanın çətinlik dərəcəsinə gəldikdə isə, müşahidələr göstərir ki, ikinci cəhddə abituriyentlər həm psixoloji, həm də fiziki baxımdan daha çox yorulurlar. Bundan əlavə, bəzi namizədlər ilk cəhddə əldə etdikləri nəticəyə arxayın olduqları üçün ikinci imtahana əvvəlki qədər ciddi hazırlaşmırlar. Nəticədə, bəziləri ballarını cəmi bir-iki bal artıra bilir, hətta aşağı nəticə göstərənlər də olur. Əlbəttə, məqsədyönlü şəkildə hazırlaşan abituriyentlər arasında nəticəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıranlar da var.

Əslində isə imtahan suallarının çətinlik səviyyəsi birinci cəhdlə müqayisədə ciddi şəkildə fərqlənmir. Sadəcə, ikinci cəhddə hazırlıq səviyyəsinin zəifləməsi və yorğunluq amili səbəbindən eyni səviyyəli suallar abituriyentlərə daha çətin görünür və onlar da bunu imtahanın çətin olması kimi qiymətləndirirlər".

Ötən illə müqayisədə builki vəziyyət daha müsbət görünür:

"Keçirdiyimiz sorğuların müqayisəli təhlili göstərir ki, bu il abituriyentlər ötən ildə olduğu kimi bütün fənləri kütləvi şəkildə "çətin" kimi qiymətləndirməyiblər. Bu da onu deməyə əsas verir ki, ikinci cəhd üzrə ümumi nəticələr ötən illə müqayisədə daha yüksək olacaq.

Bir məqama da toxunmaq istərdim. Son illərdə abituriyentlər arasında imtahanların çətin olması ilə bağlı fikirlər daha çox səslənir. Halbuki qəbul imtahanlarında əsasən məntiqi təfəkkür, analiz və tətbiqetmə bacarıqları yoxlanılır. Texnoloji vasitələrdən və süni intellekt alətlərindən asılılıq artdıqca, gənclərin müstəqil düşünmə və suallar üzərində işləmə vərdişləri zəifləyə bilər. Bu tendensiya davam edərsə, gələcək illərdə də abituriyentlərin imtahanları daha çətin qiymətləndirməsi ehtimalı yüksəkdir".

TƏCİLİ! Başqırdıstan da vuruldu - Ukraynadan Rusiyaya şok zərbələr
Son xəbərlərDaha çox