I və IV ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanı keçirilib. Bir sıra abitruyentlər iddia edir ki, ikinci cəhd birinci cəhddən daha çətin olub. Onların fikrincə, bu səbəbdən əksər iştirakçılar ballarını artırmaq imkanını itiriblər və ikinci cəhd öz məqsədini tam doğrultmayıb.
Maraqlıdır, ikinci cəhd imtahanının çətinlik səviyyəsi necə olmalı idi? Birinci cəhdlə eyni, yoxsa daha çətin?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb.
Bu il üçün ikinci cəhd imtahanları daha ağır keçdi:
“Abituriyentlər adətən belə düşünürlər ki, ikinci cəhd blok imtahanları onların ballarını artırmaq üçün əlavə bir şansdır. Bu yanaşma illər ərzində formalaşıb. Maraqlıdır ki, Dövlət İmtahan Mərkəzinin ikinci cəhd üçün keçirdiyi imtahanlar da əvvəlki illərdə müəyyən qədər fərqli qəbul olunub. İllərin təcrübəsi göstərir ki, abituriyentlər ilk imtahanda daha çox stres yaşayır, lakin ikinci cəhddə özlərini daha rahat hiss etdikləri üçün bəzən daha yüksək nəticələr əldə edirlər.
Lakin təcrübə göstərir ki, artıq Dövlət İmtahan Mərkəzi də bu yanaşmanı abituriyentlərin düşüncəsindən çıxarmağa çalışır. Bunun üçün ikinci cəhd imtahanlarında əvvəlki qaydada çətinlik səviyyəsi qorunur və abituriyentlərin gözləntilərinin əksinə olaraq daha sadə, asan suallara üstünlük verilmir.
Yəni bir tərəfdən gözlənilirdi ki, Dövlət İmtahan Mərkəzi abituriyentləri daha çox təşviq etmək məqsədilə imtahanı daha asan formada tərtib etməyə maraqlı olardı. Amma təcrübə göstərir ki, bu, heç də belə deyil.
Ona görə də ikinci cəhd imtahanlarına ümid edən abituriyentlər, əlbəttə ki, bir qədər artıq düşündükləri nəticələri əldə edə bilmədilər. Burada başqa bir məqam da var. Görünür, Dövlət İmtahan Mərkəzi bu il üçün müəyyən balanslaşdırılmış siyasət apardı. Məsələn, ikinci və üçüncü qruplarda bu kimi bir vəziyyət yaranmadısa, birinci və dördüncü qruplar üçün də belə güzəştlərə, belə desək, fərqli yanaşmalara gedilmədi. Ümumilikdə isə bu il üçün ikinci cəhd imtahanları daha ağır keçdi.
Bu ilin ballarının aşağı düşməsi ilə bağlı ilkin nəticələr artıq buraxılış imtahanlarından sonra müşahidə olunurdu. Buraxılış imtahanlarında nisbətən çətin sualların yer alması ümumi nəticələrin də aşağı düşəcəyi ehtimalını artırmışdı və bu, gözlənilən idi.
Amma görünür, sürprizlərlə yadda qalan Dövlət İmtahan Mərkəzi daha ağır və çətin suallar tətbiq etməklə bütün bu proqnozları müəyyən qədər alt-üst etdi”.