Azedu.az

BMU-da tətbiqi fizika üzrə yeni magistr ixtisaslaşması

Ali təhsil

14 İyul 2026, 12:36
BMU-da tətbiqi fizika üzrə yeni magistr ixtisaslaşması

Bakı Mühəndislik Universitetində (BMU) yeni tədris ilindən magistratura səviyyəsində “Fizika” ixtisasının “Tətbiqi fizika - yarımkeçiricilər və dielektriklər fizikası” ixtisaslaşması üzrə kadr hazırlığı həyata keçiriləcək.

AzEdu.az xəbər verir ki, Mühəndislik fakültəsində yeni açılan bu ixtisaslaşmanın əsas məqsədi yarımkeçirici və dielektrik materialların fiziki xassələrini dərindən bilən, onların tədqiqi, layihələndirilməsi və tətbiqi sahəsində müasir tələblərə cavab verən, elmi-tədqiqat işləri aparmaq bacarığına malik yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.

İxtisasın tədrisi elektronika, mikroelektronika, telekommunikasiya, nanotexnologiya, optoelektronika, müdafiə sənayesi, eləcə də elm və təhsil müəssisələri üçün yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edir. Bu ixtisasın məzunları ölkədə innovasiya və yüksək texnologiyalar sektorunun inkişafına töhfə verməklə yanaşı, elmi-tədqiqat institutlarında, təhsil müəssisələrində müxtəlif vəzifələrdə, həmçinin yarımkeçirici materialların, yarımkeçirici elektron və kvantoelektron cihazların, dielektrik sensorların hazırlanması və istismarı sahələrində mütəxəssis kimi fəaliyyət göstərə biləcəklər.

Tədris proqramının ilk mərhələsində tələbələrə yarımkeçirici kristalların yetişdirilməsi, materialların fiziki-kimyəvi analizi, nazik təbəqələrin alınması üçün nanoquruluşların formalaşdırılması, yarımkeçiricilərdə qeyri-tarazlıqlı və optik hadisələrin xüsusiyyətləri, eləcə də onların praktiki tətbiq sahələrinə dair fundamental nəzəri biliklər tədris olunacaq. Sonrakı mərhələdə magistrantlar yarımkeçirici materialların parametrlərinin müəyyənləşdirilməsi, yarımkeçirici materiallar əsasında hazırlanmış sensor və detektorların praktiki tətbiq sahələri, dielektriklərin yarımkeçiricilər elektronikasında tətbiqi, yarımkeçirici işıq mənbələri və qəbuledicilərinin hazırlanması texnologiyası, həmçinin onların məişətdə, sənayedə, aqrotexnikada və təbabətdə tətbiqi üzrə praktiki biliklərə yiyələnəcəklər.

“Tətbiqi fizika - yarımkeçiricilər və dielektriklər fizikası” ixtisaslaşması daha çox eksperimental yönümlü olduğundan magistrantların müasir tələblərə cavab verən mütəxəssis kimi formalaşmasında nəzəri biliklərlə yanaşı, praktiki bacarıq və vərdişlərin inkişafına da üstünlük veriləcək. Bu məqsədlə universitetin bazasında fəaliyyət göstərən müasir tədris və elmi-tədqiqat laboratoriyalarının imkanlarından geniş istifadə olunacaq. 

İxtisaslaşma üzrə tədqiqat metodları, yarımkeçirici material və strukturların alınma texnologiyası, yarımkeçirici və dielektriklərin elektron nəzəriyyəsi, nazik təbəqələr və nanoquruluşlar, tədqiqat analitikası, yarımkeçiricilərdə termoelektrik və qalvanomaqnit hadisələri, yarımkeçiricilərdə radiasiya prosesləri, yarımkeçiricilərdə optik və fotoelektrik hadisələr, yarımkeçirici cihazlar və onların tətbiq imkanları, yarımkeçirici çeviricilər, kompozit materiallar və nanotexnologiya, kvantoelektron sistemlər və onların tətbiqi kimi ixtisas fənləri tədris ediləcək.

Proqramın sonunda magistrantlar əldə etdikləri nəzəri bilikləri praktiki fəaliyyətlə əlaqələndirərək magistr dissertasiyalarını hazırlayıb müdafiə edəcəklər. Bu yanaşma onların elmi-tədqiqatçı, ali məktəb müəllimi və ya sənaye müəssisələrində tətbiqi fizika üzrə mütəxəssis kimi fəaliyyət göstərməsinə imkan yaradacaq.

TƏCİLİ! Başqırdıstan da vuruldu - Ukraynadan Rusiyaya şok zərbələr
Son xəbərlərDaha çox