XƏBƏRLƏR

08.11.2019 13:31
Gələcəyin təhsili necə olacaq?

OECD-nin təhsil kompası ölkələr qarşısında yeni vəzifələr qoyur

Müxtəlif cari dəyişikliklər və qlobal trendlər həm cəmiyyətlər, həm də  hər bir fərd üçün effektiv cavab tədbirlərini tələb edən  yeni ehtiyaclar və imkanlar  yaradır.

Belə tələblər təhsilalanların hazırlığına müəyyən təsir göstərir, çünki daimi iqtisadi və sosial dəyişikliklərlə əlaqədar olaraq təhsil sisteminin müxtəlif aspektlərinin  sürətlə yenilənməsini zərurətə çevirir, yeni  istiqamətlərin  və  fəaliyyət  növlərinin,  həmçinin bugünkü günə uyğun olan vəzifələrin, texnologiyaların və sosial çağırışların yaranmasına gətirir.

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD)  təhsil sahəsində beynəlxalq qurum olaraq, müxtəlif təhsil səviyyələrinə və ömürboyu təlimə yönəlmiş PISA PIAAC, TALIS,  ESP kimi  bir sıra irihəcmli layihələr reallaşdırır.

Lakin son zamanlar təhsil sahəsindəki mövcud inkişaf durumu  nəinki qərarların vaxtında qəbul edilməsini, həm də gələcək inkişafın müəyyən dərəcədə proqnozlaşdırılmasını tələb edir. Buna görə də təşkilat həm istifadəçilər, həm də əmək bazarı tərəfindən təhsil sorğusunun necə dəyişəcəyi, eləcə də gələcəkdə tələb olunan mütəxəssislərə sahib olmaq və əmək qüvvəsinin kontekstdən düşməsini minimuma endirmək üçün siyasətin necə hazırlanmalı olduğu barədə məsələləri  üzə çıxarıb.

Bu mənada  hazırda milli təhsil sistemləri tərəfindən maraqla öyrənilən  OECD-nin “Təhsilin və bacarıqların gələcəyi: Təhsil 2030” (Future of Education and Skills: Education 2030) layihəsi həm ümumi məktəb, həm də peşə təhsilinə yönəlib və qismən də PISA layihəsinin metodologiyası əsasında qurulub, həmçinin TİMMS-in təkmilləşdirilməsindən istifadə edir.

Layihənin aktuallığı ondan ibarətdir ki, bu layihə dünyada təhsilin mümkün gələcəyinin, yəni hazırda ibtidai və orta məktəbdə təhsilalanların,  2030-cu ildə isə işçi yaşına daxil olan əhalinin əsas hissəsini təmsil edəcək insanların tədqiqinə və proqnozuna yönəlib.   Lakin hazırda gələcəkdə hansı peşələrin mövcud olacağını və hansı peşələrə tələb yaranacağını söyləmək mümkün deyil.

Məktəb sisteminin müvəffəqiyyəti gələcək çağırışların həllinə yönəlmiş siyasi qərarlardan asılıdır. Bu baxımdan, layihə gələcəkdə spesifik bilik, bacarıq və dəyərlərlə bağlı kompetensiyaların ümumi anlayışını formalaşdırmağa, məktəb islahatlarının həyata keçirilməsi və gələcək ehtiyaclar üçün təhsilin rəqabətlilik, səmərəlilik və aktuallığını təmin etmək üçün müxtəlif ölkələrin əsas steykholderləri  (maraqlı tərəfləri) arasında dialoq qurmağa imkan verəcək.

Layihə özündə iki əsas istiqaməti ehtiva edir:

  1. 2030-cu ilin məqsəd və inkişaf vəzifələrinə uyğun konseptual təlim çərçivəsinin işlənib hazırlanması.

Beynəlxalq səviyyədə “kompetensiya” anlayışı, onların texniki xüsusiyyətləri və digər aspektləri əhəmiyyətli dərəcədə fərqləndiyindən, OECD nöqteyi-nəzərindən 2030-cu ildə tələb olunacaq səriştəlilik və onların növləri üzrə beynəlxalq diskussiyaların təşkili zərurətə çevrilir. Diskussiyalar təhsil sistemlərinin məqsədlərinin işlənib hazırlanması və onların daha dəqiq müəyyənləşdirilməsi zamanı ölkələr tərəfindən gələcəkdə tətbiq oluna biləcək müəyyən mövqe formalaşdırmağa imkan verəcək. Ümumi anlayış əsasında kompleks təlim çərçivəsinin yaradılması ölkələrə təhsilalanların nəticələrinin beynəlxalq səviyyədə deyil, həm də ölkə səviyyəsində qiymətləndirilməsinə və tanınmasına zəmin yaradacaq. Ölkənin və onun əhalisinin gələcəyinin formalaşmasında bu cür bacarıqların həlledici əhəmiyyətə malik olduğu ehtimal edilir. Həmçinin, PISA kimi mövcud genişmiqyaslı tədqiqatların həyata keçirilməsi üçün də layihənin nəticələrindən istifadə edilməsi planlaşdırılır.

  1. İkinci istiqamət isə tədris proqramlarının beynəlxalq təhlilini əhatə edir. Ölkələrin təhsil  proqramlarına qarşı bir çox tələb və sorğuların irəli sürülməsi problemilə kifayət qədər  tez-tez rastlaşması ilə əlaqədar (tədris planlarının yüklənməsi, təhsil sistemindəki dəyişikliklərə siyasi və rəqabət aparan hədəflərin təsiri), bir elementin (tədris planları, qiymətləndirilmə, pedaqoji təcrübələr və s.) dəyişməsi yalnız  sistemin başqa əlaqəli elementlərinin dəyişikliyi mümkün olduğu təqdirdə effektiv olacaq.

Layihə empirik və sistematik xarakter daşıyan tədris proqramlarının işlənib hazırlanması və təkmilləşdirilməsinə kömək edən bilik bazasının yaradılması məqsədi ilə tədris proqramlarının beynəlxalq müqayisəli təhlilinin aparılmasını nəzərdə tutur.

Layihə çərçivəsində 2019-cu ildən başlayaraq növbəti hədəflər kimi  bacarıqların inkişafını daha effektiv şəkildə dəstəkləməyə qadir olan tədris mühitinin təhlili də planlaşdırılır.

Layihədə iştirakçıların müxtəlif səviyyələrdə iştirakı nəzərdə tutulur:

* Ölkələr - səlahiyyətlər, tədris proqramları və onlara aid aspektlərin ümumi anlayışını yaratmaq və təsdiq etmək üçün;

* Ekspertlər - siyasətçilər, məktəblər, şəbəkələr və sosial tərəfdaşlarla müzakirələrin təşkili məqsədilə beynəlxalq multidisiplinar ekspert şəbəkəsinə daxil olmaq üçün;

* Məktəb şəbəkələri - beynəlxalq səviyyədə digər məktəb şəbəkələri ilə təcrübə mübadiləsi, qabaqcıl tədqiqat nəticələrinə çıxış, tədqiqat nəticələrinə daxil olmaq və maraqlı tərəfləri dialoqa cəlb etmək üçün;

* Sosial tərəfdaşlar - təhsilin gələcəyinə və layihənin nəticələrinə töhfə vermək üçün sosial tərəfdaşlar.

Layihənin həyata keçirilməsi çərçivəsində bu vaxta qədər bir sıra görüşlər keçirilib, o cümlədən “2030-cu tədris kompası” (Learning Compass 2030), Davamlı inkişaf üçün təhsil, İnnovasiya, Qlobal səlahiyyətlər və s.kimi konseptual təlim çərçivəsi məsələləri müzakirə edilib, artıq tədqiqatda iştirak etmiş ölkələrin tədris proqramlarının və problem üzrə ədəbiyyatın təhlilinin nəticələri nəzərdən keçirilib. 

Hazırda 15 ölkə artıq tədris proqramlarının təhlili üzrə sorğu kitabçasının hazırlanmasına cəlb olunub və 5 ölkə isə tədqiqatda iştirak etmək arzusunu ifadə edib. Yuxarıda sadalanan məsələlərə əlavə olaraq tədris və təlimin təkmilləşdirilməsi və transformasiyası üçün innovativ yanaşmalar məsələsinə baxılıb.

2030-cu il üçün tədris və təlim

OECD-nin “Learning Compass 2030” layihəsi gələcək təhsilin arzu olunan vizyonunu müəyyən edən inkişafetdirici öyrənmə sistemidir. Bu, istədiyimiz gələcəyə istiqamətləndirmə nöqtələrini təmin edir: fərdi və kollektiv rifah. Tədris kompası  tələbələrin tanımadıqları kontekstlərdə oriyentasiya üçün müstəqil öyrənmək ehtiyaclarını vurğulamaq məqsədilə qəbul edilib. Layihə  XXI əsrdə tələbələr üçün lazım olan bilik, bacarıq, yanaşma  və dəyərlərin ümumi anlayışının formalaşdırılmasına yönəlib.  Təlim və tədrisin çərçivəsi dünyanın hər yerindən olan siyasətçilər, tədqiqatçılar, məktəb rəhbərləri, müəllimlər və tələbələr tərəfindən birgə yaradılır. 

Layihə cəmiyyətlərin gələcəyinə necə kömək edə bilər?

Layihədə qeyd olunur ki, biz gələcəyi proqnozlaşdıra bilmərik, lakin biz  buna açıq və hazır olmalıyıq.  Bu layihənin məqsədi təhsilin rolunu vurğulamaqla  cəmiyyətimizi daha davamlı və yaradıcı gələcək istiqamətində formalaşdırmağa kömək etməkdir.

Təhsilin məqsədləri sadəcə olaraq gəncləri əmək dünyasına hazırlamaqdan daha genişdir. Məktəblər şagirdləri hələ yaradılmamış iş yerlərinə, hələ kəşf edilməmiş texnologiyalara, hələ gözlənilməyən problemlərin həllinə hazırlamalıdır.  Təhsil gənclərə iradə azadlığı və məqsədyönlülük, həmçinin öz potensialını reallaşdırmaq, digər insanların həyatına töhfə vermək və daha yaxşı gələcəyin yaradılmasına kömək etmək üçün lazım olan səlahiyyətlər verə bilər.

Bu layihə ölkələrə təhsil məqsədləri, tədris proqramları, tədris modelləri, qiymətləndirmələr, müəllimlərin peşəkar inkişafı və təhsil şərtləri ilə tələbələri, müəllimləri və məktəbləri gələcəyə hazırlaşmağa kömək edir.

Bu layihə, məsələn, Birləşmiş Millətlər Təşkilatının təhsil sahəsində davamlı inkişafın 4.7 məqsədi ilə uyğunlaşır.  Məsələn, ölkələrin “qlobal vətəndaşlıq” və “Davamlı İnkişaf naminə təhsil”i  mövcud fənlərə necə tətbiq etməsi barədə layihənin bilik bazası ölkələrin öz tədris proqramlarının hazırlanması və bir-birindən öyrənmələri barədə düşünə biləcəyi əsasları təmin edir.

 “Təhsilin və bacarıqların gələcəyi-2030” layihəsinin məqsədi nədir?

Layihə  ölkələrə təhsilin qarşısında duran uzunmüddətli problemlərin dərk edilməsi və öyrənilməsinə yardım göstərilməsi üçün işə salınıb. Bu proses çərçivəsində layihə 2030-cu ildə və onun hüdudlarından kənarda daha yaxşı gələcək istiqamətində öz dünyasını inkişaf etdirmək və formalaşdırmaq üçün bu gün tələbələrin tələb etdiyi səriştələri (bilikləri, vərdişləri, münasibətləri və dəyərləri) müəyyən edir. Layihə çərçivəsində müəllimlərin profilləri, tədris mühitinin növləri və tələbələrin bu səlahiyyətləri inkişaf etdirməyə kömək edə biləcək institusional mexanizmlər də nəzərdən keçiriləcək.

Bundan əlavə, layihə həm elmi cəhətdən əsaslandırılmış, həm də sistemli tədris proqramlarının hazırlanması və inkişaf etdirilməsi prosesini həyata keçirmək məqsədi daşıyır. Bu, layihə milli tədris proqramlarının işlənib hazırlanması məqsədi güdmür və onların icbari tətbiqini nəzərdə tutmur, daha çox ümumi dil və ümumi məkanın yaradılmasına yönəldilir ki, bu zaman ölkələr təhsil sistemlərinin işlənib hazırlanmasına təsir edən məsələləri fərdi və kollektiv şəkildə öyrənə bilsinlər.

Qeyd edək ki,  “OECD Learning Compass 2030”  öyrənmə üçün gələcək yönümlü əsasdır. Bu qeyri-müəyyənlik və sürətli dəyişikliklər dünyasında tələbələri istiqamətləndirir və onlara istədiyimiz gələcəkdə oriyentasiya etməyə kömək edir. Dünyanın hər yerindən siyasətçilər, tədqiqatçılar, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və sosial tərəfdaşlar, eləcə də digər beynəlxalq təşkilatlar tərəfindən birgə yaradılmış tədris kompası təhsilin geniş məqsədləri barədə ümumi dil və anlayış yaradır. Kompas qlobal dərəcədə məlumat  çəkisinə və lokal  kontekstə malikdir. (Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu