XƏBƏRLƏR

19.09.2019 09:40
“Həmkarlarımın  MİQ üçün kursa getmələri məncə düzgün deyil” – Yüksək bal toplayan müəllim  

“Kiminsə uğurunda kiçik bir payın olması məncə, dünyadakı ən böyük xoşbəxtlikdir”

Bu sözləri AzEdu.az-a açıqlamasında Aynur Məmmədova deyib.

Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. (Sokrat)

“20-30 ildən sonra şagirdimin də məni yad edəcəyini, dərs dediyim şagirdin yüksək yerlərdən səsinin gəldiyini düşünəndə işimə sevgim daha da artır. Necə ki, müəllimim mən ali məktəbə qəbul olanda sevinmişdi, eləcə də öz şagirdlərimin uğuru ilə sevinmək istəyirəm. Kiminsə uğurunda kiçik bir payın olması məncə dünyadakı ən böyük xoşbəxtlikdir”

Budəfəki həmsöhbətimiz Aynur Məmmədova müəllimlərin işə qəbul müsabiqəsində yüksək nəticə göstərən müəllimlərdəndir. MİQ-də 59 bal toplayan Aynur müəllim açıqlamasında öncə hazırlıq prosesindən danışıb:

“2011-2015-ci illərdə Bakı Dövlət Universitetində bakalavrı bitirib, 2015-2017-ci illərdə magistraturanı da məhz BDU-da davam etdirdim. Təhsilimi başa vurduqdan sonra heç hazırlaşmadan ilk dəfə 2017-ci ildə MİQ-də iştirak etmək qərarına gəldim. Magistraturanı bitirib ali məktəbdə qalıb işləyə də bilərdim. Təhsil Nazirliyinin müəllimlər üçün yaratdığı şərait təhsilimi başa vurar-vurmaz  məktəbdə işləməyə həvəs oyatdı.

MİQ-də ilk iştirakımda işə qəbul oluna bilməsəm də ruhdan düşmək yerinə heç bir kursa getmədən öz üzərimdə daha çox çalışdım. Riyaziyyatla bağlı bütün vəsaitlərdən istifadə edirdim. İxtisasımın məntiqlə əlaqəsi olduğu üçün bu sahədə çox əziyyət çəkmədim”.

Öz üzərində çox çalışan A.Məmmədova  MİQ üçün kursa gedənlərə də münasibət bildirdi:

“Təkcə MİQ-də yüksək bal toplamağa yox, həmdə ixtisasını mükəmməl bilməyə çalışırdım. Həmişə savadlı müəllim olmaq istəmişəm. 

MİQ üçün heç bir kursa getmədən sadəcə öz üzərimdə çalışırdım. Mənə görə, kurslar vaxt itkisindən başqa bir şey deyil.  Açığı bunu düzgün qəbul etmirəm. Çünki kursdakılar da eyni bizim kimi müəllimdirlər. Bizdən nə artıqdırlar, nə də əksik. Azərbaycan dili və ədəbiyyat müəllimlərinin məntiqdən hazırlığa getmələrini müəyyən qədər başa düşmək olar. Əks hallarda isə müəllimlərin MİQ üçün kursa getmələri məncə düzgün deyil”.

Açıqlaması zamanı Aynur müəllim dərs metodlarından da söz açdı:

“MİQ-də ilk dəfə 2017-ci ildə 53 bal toplasam da heç bir məktəbə qəbul oluna bilmədim. Öz üzərimdə işləyib növbəti il 59 bal toplayaraq, Xırdalan məktəbində işə başladım.  Bu il isə yenidən həmin balla 38 nömrəli tam orta məktəbdə işə qəbul olundum.
İstər ötən il, istərsə də bu il dərs dediyim şagirdlərə yalnız müəllim deyil, bir ana, bacı, dost kimi münasibət göstərməyə çalışıram. Xüsusilə də ibtidai sinfi yeni bitirən şagirdlərin məndən qorxmamaları üçün əlimdən gələni edirəm. Uşaqlarda dərsə həvəs yaratmaqdan üçün yarışlar, oyunlar təşkil edib, qalibləri diplom, fəxri fərman və s. ilə mükafatlandırıram.  Tədris etdiyim riyaziyyat çox geniş, mürəkkəb, bir qədər də çətin fəndir. Onun içində həyata aid demək olar ki, hər şey var. Uşaqlara da bunu öyrətməyə çalışıram”. 

Yerdəyişmədə uğur qazansa da A.Məmmədova sırf şagirdləri üçün yaşayış yerinə yaxın məktəbə getməyib:

“Yaşayış yerim Xırdalandan çox uzaq olduğuna görə ötən ilki balımla yenidən MİQ-də iştirak etdim.  38 nömrəli məktəbə qəbul olunsam da, müəllim kollektivimdən xüsusilə də şagirdlərimdən ayrıla bilmədiyim üçün yeni məktəbə getmədim. Yerdəyişmə üçün müraciət etməzdən əvvəl uşaqlar başqa müəllim istəmədiklərini deyirdilər. Gözümün qabağına şagirdlərim gəldi. Sırf onlara görə bütün çətinlikləri gözə alaraq Xırdalan məktəbində qaldım.

Bu gün də fürsət tapdıqca müəllimlərimlə əlaqə saxlayıram. Hər bayram təbrik edirəm.  20-30 ildən sonra şagirdimin də məni yad edəcəyini, dərs dediyim şagirdin yüksək yerlərdən səsinin gəldiyini düşünəndə işimə sevgim daha da artır. Necə ki, müəllimim mən ali məktəbə qəbul olanda sevinmişdi, eləcə də öz şagirdlərimin uğuru ilə sevinmək istəyirəm. Kiminsə uğurunda kiçik bir payın olması məncə dünyadakı ən böyük xoşbəxtlikdir”.

İlin gənc müəllimi-Müraciət formu