XƏBƏRLƏR

13.09.2019 17:30
Liseylərdə işləmək istəyən müəllimlər üçün onlayn qeydiyyat platforması yaradılacaq - Şöbə müdiri

2019-2020–ci tədris ili üçün Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri təşkil edilir.

Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqələrində yüksək nəticə göstərmiş (50-dən yuxarı bal toplayan) şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər. Digər məktəblilərin qəbulu isə Riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də Məntiq suallarından ibarət test imtahanı ilə təşkil edilib.

-Bəs, bu liseylərdə hansı müəllimlərin çalışacağına nəyə əsasən qərar veriləcək?

“Növbəti illərdə bu liseylərdə işləmək istəyən müəllimlər üçün onlayn qeydiyyat platforması yaradacaq, müsahibə və müsabiqə yolu ilə orada işləyəcək keyfiyyətli müəllimləri seçəcəyik”.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Təhsil TV-nin “Həftənin sualı” verilişində məlumat verib.

O bildirib ki, hazırda əsas məqsəd liseylərdə keyfiyyətli tədris aparacaq kadrların seçilməsidir:

“Növbəti illərdə bu liseylərdə işləmək istəyən müəllimlər üçün onlayn qeydiyyat platforması yaradacaq, müsahibə və müsabiqə yolu ilə orada işləyəcək keyfiyyətli müəllimləri seçəcəyik. Amma bu il vaxt məhdud olduğuna görə, yerli təhsili idarəetmə orqanlarından həmin rayon və şəhərlərdə işləyən, MİQ və diaqnostik qiymətləndirmə nəticələri kifayət qədər yüksək olan müəllimlərin adlarını əldə etdik. Daha sonra Təhsil Nazirliyi tərəfindən yaradılmış komisiya yerlərdə müsahibə keçirdi və orada dərs deyəcək müəllimləri seçdik. Bu tədris ilində onlarla birillik müqavilə bağlayacayıq. Dərslərini izləyəməyi də unutmayacağıq. Şagirlər, valideynlər, həmçinin biz razı qalsaq, bu müəllimlərlə iş fəaliyyətimiz davam edəcək. Əks təqdirdə liseylərə ən yaxşı müəllimləri cəlb etməyə çalışacayıq. Ümid edirəm, bu işin öhdəsindən gələ biləcəyik”.

Qeyd edək ki, lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.

Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu