XƏBƏRLƏR

14.08.2019 11:09
Gecələr gözətçilik edib, özünü və bacısını oxutduran İbadət – “İşləyib təhsil haqqımı ödəyəcəyəm”-FOTO

Gecə işləyib, gündüz oxuduğu üçün gözləri həmişə şiş olurdu”

Bu sözləri AzEdu.az-a açıqlamasında Laçın rayonu, Taxtakörpü qəsəbə tam orta məktəbin ingilis dili müəllimi Şəbnəm Cəbrayılova deyib.

O, şagirdi İbadət Səmədovun uğurundan ağız dolusu danışır:

“İbadətə V sinifdən dərs deyirəm. X-XI siniflərdən etibarən Azərbaycan dili, riyaziyyat  müəllimləri ilə İbadətin hazırlığına bacardığımız qədər kömək edirdik. Aşağı sinifdən çalışqan, dərsə məsuliyyətli idi. Kurslara getməyə imkanı olsaydı, daha yüksək nəticə göstərərdi”.

“Dəfələrlə onu işdən əlində kitabla qayıdan görmüşəm”

Açıqlaması zamanı, Şəbnəm müəllim İbadətin çalışqanlığından, hələ şagird olsa da bacısına valideyn kimi yanaşmasında da söz açdı:

“Gecələr yaxındakı inşaatda gözətçi işləyirdi. İşdə belə dərs oxuyurdu. Dəfələrlə onu işdən əlində kitabla qayıdan görmüşəm. Anası evdar xanım, atası isə fəhlədir. Ailəsinin maddi vəziyyəti aşağı olduğu üçün işləyərək onlara dəstək olurdu. Buna baxmayaraq, dərslərini də axsatmırdı. Hazırlıq materiallarının surətini çıxarıb öyrənirdi. Gecə işləyib, gündüz oxuduğu üçün gözləri həmişə şiş olurdu.

Hazırda İbadətin bacısına dərs deyirəm. O da qardaşı kimi çox çalışqandı. Bütün fənlərdən yüksək qiymət alır. Özü də əlaçıdır. İbadət şagird olsa da, daim bir “valideyn” kimi bacısının dərsləri ilə maraqlanır. Çox çətinlik gördüyü üçün yaşından böyük düşünür.

Bəzən elə uşaqlar olur ki, valideyn onlar üçün hər cür şərait yaratsa da, onlar  heç nə əldə edə bilmirlər. Belə yoxluq içində əziyyət çəkən uşaqları gördükcə təəssüf hissi keçirməkdən başqa əlimizdən heç nə gəlmir”.

“Ödənişli əsaslarla da olsa, ali təhsil alacağam”

Mövzuya bir də İbadətin gözündən baxmaq istədik.

“Demək olar ki, yatmırdım”

Gündüzlər oxuyub, gecə işləyən İbadət işdə belə dərs hazırlayırmış:

“Açığı işləməyə çoxdan öyrəşmişəm. Elə abituriyent vaxtından gündüzlər oxuyub, gecələr yaxındakı inşaatda gözətçi işləyirdim.  Səhər saat 8-də işdən gəlirdim, axşam 8-ə qədər oxuyub, 9-da yenidən işə gedirdim. Elə işdə də dərs hazırlayırdım. Demək olar ki, yatmırdım.

Hazırlığımda ailəmin və müəllimlərin dəstəyi böyükdür. Öz dərslərimlə yanaşı, bacıma da kömək edirdim. VII sinifdə oxumasına baxmayaraq, o,  daha çalışqandı. Mənim yolumu davam edir,  o da II ixtisas qrupuna hazırlaşır”.

“Təhsil haqqını isə yenə də işləyərək ödəyəcəyəm”

Ödənişli əsaslarla oxuyacaq həmsöhbətimiz təhsil haqqını yenə özü işləyərək ödəyəcək:

“Açığı  əvvəllər  elə də yaxşı oxumurdum. Amma öz üzərimdə çox çalışdım və sonda istədiyim nəticəni əldə etdim. Buraxılış imtahanından 137, blok imtahanından isə 144 bal topladım. İxtisas seçimində  menecment ixtisası üzrə Azərbaycan Memarlıq və İnşaat və Azərbaycan Dövlət İqtisad Universitetini yazmışam. Əsas xəyalım AZMİU-da oxumaqdı. Ödənişli əsaslarla da olsa, ali təhsil alacağam. Təhsil haqqını isə yenə də işləyərək ödəyəcəm”.

Qeyd edək ki, İbadət ixtisas seçiminin nəticələrindən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin menecment ixtisasına ödənişli əsaslarla qəbul olub.

O, yataqxanada deyil, ayrıca evdə kirayə qalacağını, həm ev, həm də təhsil xərclərini özü işləyərək ödəyəcəyini deyir.

 

İlin gənc müəllimi-Müraciət formu