XƏBƏRLƏR

26.07.2019 16:50
Təhsildə əsas göstərici müəllim amilindən asılı olacaq  

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalında yenə qələbəlikdir. 14 gündən bəri keçirilən imtahanların sonuncu seansı da başa çatmaq üzrədir. Bu dəqiqələrdə idman zalının böyük və kiçik zallarında imtahanların son seansı davam edir. Ancaq toplantı otağındakı həyəcan hər iki zaldan daha yüksəkdir, desək, yanılmarıq. Test imtahanları mərhələsinə start verilən ilk gündən bəri uğur qazanan namizədlər bir “dəyirmi masa” ətrafına toplaşıb. Hər birinin gözündən sevinc yağır. Di gəl, bu sevinc çöhrələrindəki həyəcanı gizlətməyə yetmir. Bu gün üçün xüsusi hazırlaşdıqları hiss olunan müəllimlər bir yandan imtahanlara qatılıb uğur qazanaraq peşəkarlığını və yüksək hazırlığını sübut etməyin sevincini, digər yandan isə gözlənilən görüşün həyəcanını yaşayır.  

Aralarında müəllimliyə namizəd də var, ən az 3, hətta 30 il iş təcrübəsi olanlar da. Başqa sözlə desək, müəllim olmaq istəyən də, “Əməkdar müəllim” adını daşımağı hədəfləyən də var. Neçə illik pedaqoji təcrübəsinin olmasından asılı olmayaraq, hər biri üçün gözlənilən görüşün ötürdüyü həyəcan da, bəxş etdiyi qürur da eynidir. Onlar Təhsil naziri Ceyhun Bayramovla görüşəcəklər. Görüşdə, sadəcə Bakı şəhərində yaşayan və işləyən deyil, həm də bölgələrdəki məktəblərin müəllimləri iştirak edəcək. 

Müəllim olmaq istəyənlərin sayı çoxdursa... 

Görüşə qatılacaq müəllim və müəllimliyə namizədlər test imtahanı mərhələsinə qatılan 48204 namizəd arasında fərqlənənlərdir. Onlardan 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb. 

Hələ görüş başlamayıb, ancaq sakitlikdən istifadə edib xəyallarında uğuruna görə nazirin təbrikinə təşəkkür edənlər belə var. 

Budur, görüş anı yaxınlaşır və müəllimlərin bütün diqqəti Təhsil naziri C.Bayramova yönəlir. Təhsil naziri sözə özü başlayır.  O, müəllimlərin işə qəbul imtahanlarında qazandıqları uğurları xüsusi qeyd edir. İnanır ki, müəllimliyi seçən hər bir namizədin bu qərarı ölçülüb-biçilmiş, üzərində düşünülmüş qərardır.

C.Bayramov vurğulayır ki, bu il 55 minə yaxın namizədin qeydiyyatdan keçərək müəllim olmaq üçün müraciət etməsi prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir. Bu gün müəllim olmaq istəyənlərin sayı çoxdursa, bunda dövlətin həyata keçirdiyi ardıcıl tədbirlərin rolu danılmazdır. Nazir deyir ki, təhsil sahəsində uğurlardan danışarkən ölçüləbilən qiymətləndirmə tədqiqatlarının nəticələrinə əsaslanılır. Buna nümunə olaraq son bir neçə il ərzində müsbət dinamikanın müşahidə olunduğu ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə diqqət çəkir. Təkcə ötən il 500-dən çox bal toplayan 2090 nəfər məktəb məzununun təhsil alacağı ali məktəbi və ixtisası seçərkən müəllim hazırlayan təhsil müəssisələrinə üz tutduğunu bildirir: “Bəzi ixtisaslar üzrə hətta inanılmaz dəyişikliklər baş verib. 2016-cı ildə ibtidai sinif müəllimliyini 500-dən yuxarı bal toplayan cəmi bir neçə nəfər məzun seçmişdi.  Ötən il bu rəqəm 235 nəfər idi. Eyni trendi biz işə qəbul imtahanlarında da gördük. Bir neçə ildir ki, vakansiyalar toplanır və həmin vakansiyalar üzrə müəllimlərin bir neçə mərhələdə işə qəbulu həyata keçirilir. 2016-cı illə 2018-ci il arasındakı müqayisə göstərir ki, müəllimlərin işə qəbulu imtahanlarına müraciət edənlərin sayı 300 faiz artıb”.

Təhsil nazirinin sözlərinə görə, müəllimlərin işə qəbulu imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirildiyi ötən 7 il ərzində builki qədər müraciət edən olmayıb. Dövlət başçısı İlham Əliyevin tapşırıqlarında, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan vəzifələr sırasında prioritet olaraq müəllimlərin cəmiyyətdə nüfuzunun qaldırılması olduğunu vurğulayan nazir bu hədəfə nail olunduğunu deyir. Hər cür şəraiti olan məktəbdə peşə bacarığı yüksək olmayan müəllimlə heç bir şəraiti olmayan məktəbin peşəkar müəllimlərinin əldə etdiyi nəticələri müqayisə edir. O əmindir ki, yaxın onillikdə də təhsildə əsas göstəricilər müəllim amilindən asılı olacaq.

Müəllim obrazı yaradanlar

Odur ki, yüksək bal toplayaraq müəllimlik peşəsinə yiyələnənlərin sevilən, sayılan müəllim obrazına duyulan tələbatı ödəyəcəklərinə inandığını vurğulayır: “Düzdür, bunun üçün bütün cəmiyyətin üzərinə məsuliyyət düşür. Müəllim obrazının yaradılması həm valideyndən, həm də mediadan asılıdır. Ancaq müəllimlərin üzərinə daha çox iş düşür. Müəllimlər sinifdə şagirdlə, onların valideynləri ilə düzgün işləməyi bacarmasa, əlbir olmasa, yüksək nəticə əldə etmək mümkün deyil. Unutmaq olmaz ki, müəllimin uşağın gələcəyində çox böyük rolu var. Əminəm ki, çox hallarda şagirdlər fənni müəlliminə görə sevir və seçir”.

Azərbaycan məktəblərinin son illərdə simasının tamamilə dəyişdiyini vurğulayan nazir müəllimlərin də ehtiyac duyulan  müəllim obrazının yaranmasında öz töhfəsini verəcəyinə inanmaq istəyir: “Siz öz nəticələrinizlə təsdiq etdiniz ki, heç də asan yolu seçmirsiniz. İnanıram ki, cəmiyyətdə möhkəmlənmiş müəllim obrazının formalaşmasında da öz töhfənizi verəcəksiniz”.

Yeni təsnifata uyğun kadr hazırlanacaq

Nazir  təhsildə, müəllimlərin fəaliyyətində nəyi görmək istədiyini açıqladıqdan sonra müəllimliyə namizədlərin də istəklərini dinləyir. İmtahanlarla, məktəblə, müəllimin özü ilə bağlı rəy, təkliflər çoxdur. Müəllimliyə namizədlər ən müxtəlif məsələlərə toxunurlar. Ancaq ümumi mənzərədən belə görünür ki, onları ciddi şəkildə narahat edən məsələ yoxdur.

Təhsil naziri deyir ki, müəllimlərin peşəkar keyfiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işə qəbul imtahanları əsas faktora çevriləcək. Bu imtahanların nəticələri əsasında pedaqoji kadr hazırlığı ilə məşğul olan ali məktəblərin nəticələri təhlil ediləcək, onların zəif cəhətlərini aradan qaldırmaq məqsədilə işlər aparılacaq. 

Nazir pedaqoji kadr hazırlığında artıq tədbirlərə başlandığını da qeyd edib: “2019-cu ilin fevralında ali təhsilin bakalavriat pilləsinin yeni standartları müəyyənləşdirilib və növbəti ildən yeni təsnifata uyğun kadr hazırlanacaq. Yeni təsnifatda praktiki məşğələlərin, internatura tipli təcrübələrin miqdarı əhəmiyyətli şəkildə artıb. Düşünürük ki, pedaqoji kadrların hazırlıq prosesində dərsdə olmaları önəmlidir və bakalavrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə olmalıdır”. 

Təkliflər dəyərləndirilir

Təhsil naziri görüşdə səslənən təkliflərin dəyərləndiriləcəyini, verilən qərarlarda nəzərə alınacağını vurğulayır: “Tez-tez belə görüşlərimiz olur. Məzunlarla, müəllimlərlə. Hər hansı prosesi keçib başa vurmuş insanlarla həmin proseslə bağlı düşüncələrini paylaşır, təkliflərini dinləyirik. Məsələn, məzunlarla görüşlərim olub. Hamısı olmasa da, bəzən elə fikirlər, təkliflər olub ki, biz həmin təklifləri verdiyimiz qərarlarda nəzərə almışıq. Odur ki, bu görüşdə də səslənən hər bir fikir, hər bir təklif bizim üçün önəmlidir”.

Görüşün sonunda həyəcandan heç bir əlamət qalmayıb. İndi o çöhrələrdə, sadəcə  maraqlı və səmimi keçən görüşün  təəssüratları qalıb.(Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu