Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-30 13:14:00
Kolleclərə qəbulla bağlı ən çox verilən suallar və cavabları

Ümumi təhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral-mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edililib.

AzEdu.az abituriyentlərin çoxsaylı istəyini nəzərə alaraq, 9 illik bazadan kolleclərə qəbulla bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir.

Qeyd edək ki, sualları təhsil üzrə mütəxəssis Elçin Əfəndi cavablandırıb.

-SUAL - Ümumi orta təhsil bazasında 9 illik bazadan kolleclərə qəbul hansı qaydada aparılır?

-CAVAB - 9 illik bazadan kolleclərə qəbul yeni qaydada, kurikulum sistemi əsasında aparılır. Cari ilin məzunları Azərbaycan dili (və ya rus dili), riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərin məzunları isə eyni formatda keçirilən imtahan nəticələri əsasında müsabiqədə iştirak edə bilirlər. 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə şagirdlərə (abituriyentlərə) Azərbaycan dili (və ya rus dili), riyaziyyat və xarici dil fənləri üzrə 45 tapşırıq təqdim olunur. Burada əldə oluna bilinəcək ən yüksək bal 90, fənlər üzrə isə 30 baldır. İkinci mərhələdə isə şagirdlərə (abituriyentlərə) bütün suallar qapalı tipli olmaqla 30 test tapşırığı təqdim olunur. Burada əldə oluna bilinəcək ən yüksək bal 210, fənlər üzrə isə 70 baldır. İki imtahan nəticəsi üzrə maksimal bal 300-dür.

- SUAL - İxtisas seçimində iştirak etmək üçün müvafiq şərtlər hansılardır?

-CAVAB - İxtisas seçimi üzrə müsabiqədə iştirak üçün Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə şərtləri müəyyən olunub. Belə ki, müsabiqəyə hər iki imtahan mərhələsi üzrə topladığı ümumi balı 50-dən az olmayan abituriyentlər buraxılır. Bu zaman qabiliyyət tələb edən ixtisaslar üzrə fənlərə bal məhdudiyyəti tətbiq olunmasa da, qabiliyyət tələb etməyən ixtisaslar üzrə bal məhdudiyyəti mövcuddur. Şagirdlərdən qabiliyyət tələb etməyən ixtisasların müsabiqəsində iştirak etmək üçün Azərbaycan dili və ya rus dili fənni üzrə 20, riyaziyyat fənni üzrə 10 bal tələb olunur. Xarici dil fənninə isə ümumiyyətlə bal məhdudiyyəti tətbiq olunmur.

-SUAL- Bu il ümumi orta təhsil bazasında, yəni 9 illikdən kolleclərə qəbul üzrə nə qədər plan yeri ayrılıb?

-CAVAB - 2019/2020-ci tədris ili üçün 9 illik bazadan kolleclərə qəbul üzrə ümumilikdə 11.366 plan yeri ayrılıb ki, onlardan 9.928 yer Azərbaycan, 1438 yer isə rus bölməsi üzrədir.

-SUAL- 9 illik bazadan kolleclərə ixtisas seçimi hansı tarixlərdə aparılacaq?

-CAVAB - 9 illik bazadan kolleclərə ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək davam edəcək.

Cari ilin məzunları ilkin qeydiyyat prosesində iştirak etməyiblərsə, hazırda Dövlət İmtahan Mərkəzi onlar üçün bu şansı yaradıb. Kolleclərə sənəd qəbulu davam edir və bu günədək 21.127 nəfər ərizəsini təsdiqləyib. Onlardan  20.516 nəfəri Azərbaycan, 611 nəfəri isə rus bölməsinin abituriyentləridir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları