2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrində bir sıra ixtisasların illik təhsil haqları məlum olub.
AzEdu.az-ın DİM-in nəşr etdiyi "Abituriyent" jurnalının 9-cu sayında təqdim olunan məlumatlara əsasən, kolleclərdə ödənişli təhsil haqları ixtisas və təhsil müəssisəsindən asılı olaraq dəyişir.
Ən aşağı illik təhsil haqları əsasən regionlarda yerləşən kolleclərdə 600-800 manat civarındadır.
Bakıda fəaliyyət göstərən bəzi özəl kolleclərdə isə illik təhsil haqqı 2 300 manata qədər yüksəlir.
Bakı və region kolleclərində illik təhsil haqları ilə bağlı əsas göstəricilər belədir:
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci:
Bank işi və maliyyə işi üzrə təhsil haqqı 1100-1200 manat, mühasibat uçotu üzrə 1000-1200 manat, vergi işi üzrə 1000-1100 manat, sosial iş üzrə isə 900-1100 manatdır. Ailə və ev təsərrüfatı və kitabxana işi 1100, ətraf mühitin mühafizəsi və bərpası, eləcə də turizm işinin təşkili ixtisasları 1200 manatdır.
UNEC-in nəzdində Qida Sənayesi Kolleci:
Marketinq, çörək və unlu qənnadı, ət və ət məhsulları, ətraf mühit, istehlak mallarının ekspertizası, konservləşdirilmə, qida məhsullarının təhlükəsizliyi, şərabçılıq, iaşə, mehmanxana təsərrüfatı və turizm kimi ixtisaslar üzrə dövlət sifarişi ilə yanaşı 1000 manatlıq ödənişli yerlər də var.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollec:
Kargüzarlıq və arxiv işi, bank, maliyyə, mühasibat, vergi, kompüter sistemlərində proqram təminatı və sosial iş ixtisaslarında dövlət sifarişi ilə yanaşı 900-1100 manat arasında ödənişli təhsil imkanları təqdim olunur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci:
Burada müxtəlif texniki, İT, telekommunikasiya, turizm, dizayn və zərgərlik ixtisasları üzrə illik təhsil haqqı 1000-1200 manat təşkil edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci:
Ailə və ev təsərrüfatı, inklüziv təhsil, ətraf mühit, kompüter şəbəkələri, sosial iş, turizm, dekorativ-tətbiqi sənət və rəngkarlıq daxil olmaqla müxtəlif ixtisaslar üzrə ödənişli təhsil haqqı 1000-1100 manatdır.
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci:
Marketinq, telekommunikasiya, kompüter sistemləri və şəbəkələri, mobil şəbəkə, nəqliyyat, logistika, poçt rabitəsi və digər ixtisaslarda ödənişli təhsil haqqı 1200-1300 manatdır.
Tibb kollecləri:
1 və 2 nömrəli Bakı tibb kolleclərində, eləcə də Gəncə, Naxçıvan, Sumqayıt, Quba, Mingəçevir, Şəki, Lənkəran, Saatlı və Cəlilabad tibb kolleclərində əsasən əczaçılıq, mamalıq, tibb bacısı, laboratoriya diaqnostikası və digər ixtisaslar üzrə dövlət sifarişi yerləri mövcuddur. Ödənişli təhsil haqları isə əsasən 900-1200 manat arasında dəyişir.
Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci:
Elektrik təchizatı, gəmi energetik qurğuları, gəmi sürücülüyü və gəmilərin təmiri ixtisaslarında ödənişli təhsil haqqı 1200 manatdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci:
Əksər ixtisaslar üzrə illik təhsil haqqı 1000 manat, dizayn (interyer dizaynı) üzrə isə 1100 manat müəyyənləşib.
Region kolleclərində təhsil haqları daha aşağıdır:
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə ödənişli təhsil haqları 600-800 manat, Qazax Dövlət Sosial-İqtisadi Kollecində 600-800 manat, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində 600-800 manat, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində 700-800 manat, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində 700-800 manat təşkil edir.
Ağcabədi Pedaqoji Kollecində bir sıra ixtisaslar üzrə illik təhsil haqqı 700-800 manat, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 700-900 manat, Masallı Dövlət Regional Kollecində 800-900 manat, Ağdaş Dövlət Humanitar Kollecində 900 manat, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində isə 900 manatdır.
Şəki Dövlət Regional Kollecində müəyyən ixtisaslar üzrə təhsil haqqı 800 manat, Şuşa Humanitar Kollecində 800 manat, Ağdam Dövlət Sosial-İqtisadi Kollecində 1000 manat, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində 800-900 manat, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə isə 900-1100 manatdır.
Mingəçevir Turizm Kollecində ödənişli təhsil haqları 900-1100 manat, Sumqayıt Dövlət Texniki Kollecində 1000-1100 manat, Sumqayıt Musiqi Kollecində 700 manat, Naxçıvan Dövlət Texniki Kollecində isə 850 manatdır.
Özəl kolleclərdə təhsil haqları daha yüksəkdir:
Özəl orta ixtisas təhsili müəssisələri arasında ən yüksək illik təhsil haqlarından biri Qərbi Kaspi Kollecindədir. Burada müxtəlif ixtisaslar üzrə illik ödəniş 2100-2300 manat təşkil edir.
Bakı Biznes və Kooperasiya Kollecində təhsil haqqı 1200-1300 manat, Odlar Yurdu Kollecində 1500 manat, Bakı Avrasiya Kollecində isə 1200-1500 manatdır.
Beləliklə, təqdim olunan məlumatlar əsasında orta ixtisas təhsili müəssisələrində ödənişli təhsilin illik qiyməti 600 manatdan başlayaraq 2300 manatadək dəyişir. Bununla yanaşı, bir çox kollecdə ixtisaslar üzrə dövlət sifarişi yerləri də nəzərdə tutulub və həmin yerlərdə tələbələr təhsil haqqı ödəmirlər.