Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 09:58:36
Şagirdlərin telefon azarını öldürmək üçün maraqlı addım atan direktorlar: “Həmən qutulara yığıb, daha sonra...”  

Şagirdlərin mobil telefondan istifadəsi ilə bağlı müzakirələrə tez-tez rast gəlirik. Çoxları bunun şagirdin dərsə vaxt ayırmasına mane olduğunu, diqqəti yayındırdığını deyir.

Hətta bəzi məktəblərdə şagirdin mobil telefondan istifadəsinə qadağa qoyulub. AzEdu.az həmin məktəblərin direktoru ilə əlaqə saxlayıb.

“Dərs başlayanda telefonlar qutulara yığılır”

147 saylı məktəbin direktoru Arif Əsədov bildirib ki, şagirdlərinin məktəbə telefon gətirməsinə qadağa qoymayıb, məktəb daxilində və dərs müddətində telefondan istifadə qadağandır:

“Dərs başlamamış telefonlar qutulara yığılır.Dərsdən çıxanda sinif rəhbəri telefonları həmin qutularda şagirdlərə paylayır. Bunu iclasda valideynlərlə müzakirə edib protokollaşdırmışıq. Onlar da buna etiraz etməyiblər. Lisey olduğuna görə əksər uşaqlar bura uzaq ərazilərdən gəlirlər. Telefonu onlara veririk ki, dərsdən çıxanda ailələri ilə əlaqə saxlasınlar. Üstəlik məktəbdə qapının ağzında telefon var. Dərs vaxtı hansısa problem olsa, şagirdlər valideynləri iləəlaqə saxlaya bilirlər”.

“Telefona marağı olan və olmayan şagirdlərin məsuliyyətləri də fərqlənir”

Direktorun sözlərinə görə, qadağa qoyulmadıqda tənəffüsdə şagirdlər ancaq telefonla məşğul olurlar:

“3-4 şagird heç tənəffüsdə də çölə çıxmır, yalnız oturub telefonla oynayır. Onun yoldaşları ilə ünsiyyət problemi yaranır, telefona bağlı olur. Dərsdə telefona zəng gələ bilər. Səssizə alsa da, fikri tez-tez telefonun yanında olur. Telefonlar dərsin keyfiyyətinə mane olur, diqqətini yayındırır. 

Telefonların ləğvindən sonra isə şagirdlərin dərsə marağı artıb. Diqqətlərini toplayırlar. Bizim məktəbdə tədrisin keyfiyyəti çox yaxşıdır. Düşünürəm ki, bunda elə telefonun da təsiri var. Telefona marağı olan və olmayan şagirdlərin məsuliyyətləri də fərqlənir”.

“Mobil telefonun qadağan olunması şagirdlərin mobil texnologiyalardan məlumatsız olmasına səbəb olmur ki?” sualına isə direktor belə cavab verib:

“Məktəbdə hansısa elektron resursa ehtiyac olduqda müəllim öz kompüterindən istifadə edir. Dərsin mövzusu elektron resurslara əsaslanırsa, müəllim lazım olan texnikadan yararlanacaq. Məktəb bununla bağlı təchiz olunub. Telefonun olması buna kömək deyil. Olmaması da maneə deyil. Təcrübələr göstərir ki, şagirdlər mobil telefondan az hallarda müsbət məqsədlər üçün istifadə edirlər. Biz onları nə qədər danışdırsaq, telefonun təyinatı , fəsadları ilə bağlı danışıqlar aparsaq,  sosiallaşmanın mənfi istiqamətlərinə getməməklə bağlı xəbərdarlıq etsək də, məktəbdən sonrakı hallara nəzarət mümkün deyil. Buna görə də bunu etməyə məcbur oluruq”.

“İlk əmrim telefonların ləğvi ilə bağlı oldu. Əvvəl valideynlərdən mənfi rəy alacağımı düşünürdüm”

193 saylı məktəbin direktoru Rahim Hüseynovda şagirdlərinə mobil telefonu qadağan etməsinin səbəblərini izah edib:

“Mən hələ Heydər Əliyev adına MüasirTəhsil  Kompleksinin direktoru işləyəndə ilk əmrin mobil telefonların məktəbə gətirilməməsi ilə bağlı oldu. Əvvəl valideynlərdən mənfi rəy alacağımı düşünürdüm. Amma hər biri buna müsbət yanaşdı.  “Valideynlər deyirdilər ki, telefon almaqdan yorulmuşuq. Gündə bir yeni model çıxır.  Uşaqlar da yenisini tələb edirlər”. Söhbət imkanlı valideynlərdən gedir. İndi görün, adi məktəblərdə  vəziyyət necədir.

Söhbət adi 20-30 manatlıq telefondan gedirsə,  problem yoxdur. Ondan yalnız zəng məqsədilə istifadə edirlər. Amma indiki şagirdlərin gətirdiyi telefonlar telefon deyil, onlar böyük bir resursdur. Əksər şagirdlər ondan oynamaq, bir-birinə sms göndərmək, şəkil çəkdirmək üçün istifadə edirlər. Müşahidə edəndə görürəm ki, ön partada əyləşənlər dərsə qulaq asırlar. Arxa partada oturanlar isə ikiqat əyilib aşağıda telefonla oynayırlar. Buna görə də valideynlərlə məsləhətləşib bu əmri verdim. Şagirdlər telefon gətirə bilərlər. Amma bu telefonlar onlardan yığılır. Hər sinfin öz qutusu var, telefonlar ora yığılaraq direktor müavinin otağına qoyulur. Günün sonunda sinif nümayəndəsi gəlib qutunu götürür və telefonları sahiblərinə paylayır. Məktəb təhvil aldığı telefona cavabdehdir. Əgər uşaqda qalıbsa, biz ona cavabdeh deyilik”.

“Təhlükə olmasa qadağa olmaz”

Deyilənə görə qadağan olunan şey insan üçün şirin olur. Bəs, bu qadağalar telefonu şagirdlər üçün daha da doğmalaşdırmır ki?

“Bəzi şeylər var ki, necəliyindən asılı olmayaraq, qadağandır. Təhlükə olmasa qadağa olmaz. Bu, aksiomdur. Məktəbli forması nə dərəcədə məcburidirsə, telefon da elə. Məktəbin öz daxili qayda-qanunları var və ona uyğun hərəkət etmək lazımdır. Şagirdlər məktəbə azərbaycanlı balasına layiq formada gəlməlidir. Telefonu ləğv etmək ən azından şagirdlərin dərsə diqqətini artırıb. Məktəbə telefon gətirənlərin sayında nə qədər fərq var”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları