“BDU, AzTU və UNEC-in Yüksək Texnologiyalar Parkında bir araya gəlməsi çox mühüm bir addımdır.”
AzEdu.az xəbər verir ki, bu sözləri Yüksək Texnologiyalar Parkı və ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığın qurulmasına dair Anlaşma Sazişinin imzalanma mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib.
O qeyd edib ki, hazırda ölkəmiz öz tarixinin ən şərəfli və maraqlı dövrlərini yaşayır və bu, rəhbərliyin uzaqgörən siyasətinin nəticəsidir:
"İki il əvvəl cənab Prezident tərəfindən Milli Elmlər Akademiyasının 37 müəssisəsi Təhsil Nazirliyinin tabeliyinə verilib və bu müəssisələrin sahələri əsasən texniki və texnoloji sahələri əhatə edir. Bundan əlavə, SABAH qruplarının əhatəliliyinin genişləndirilməsi ilə bağlı yaxınlarda Sərəncam imzalanıb. Bizim ali təhsil sahəsindəki aparıcı layihələrimizdən biri SABAH qruplarıdır və bu, bizim üçün çox önəmlidir,” - deyə o vurğulayıb.
O, həmçinin qeyd edib ki, istehsalat və biznes qurumları ilə əlaqələrin olmaması hələ də çatışmazlıqlarımızdandır.
Ülkər Səttarova BDU, AzTU və ADNSU-nun Yüksək Texnologiyalar Parkında bir araya gəlməsinin çox mühüm bir addım olduğunu bildirib və Türkiyədə 20-dən çox texnoparkın olduğunu, lakin onların çox az bir hissəsinin işini səmərəli qurduğunu qeyd edib.