Azedu.az

Müxtəlif siniflərin birləşdirilməsi təhsil keyfiyyətini aşağı salır

Məktəblər

Müəllimlər və elm adamları

7 Mart 2025, 12:35
Müxtəlif siniflərin birləşdirilməsi təhsil keyfiyyətini aşağı salır

Ombudsmanın 2024-cü il üzrə məruzəsində qeyd olunub ki, siniflərin birləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır. Hazırda bəzi məktəblərdə vəziyyət o yerə çatıb ki, hətta I və IV siniflər birləşdirilərək onlara dərs keçilir. Bu isə ciddi problemlər yaradır.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis Ramin Nurəliyev siniflərin birləşdirilməsinin təhsilə mənfi təsir etdiyini vurğulayıb:

 

"Ucqar kəndlərdə şagird sayı az olan məktəblərdə eyni siniflərin birləşdirilməsi bir yana, fərqli siniflərin birləşdirilməsi qətiyyən doğru addım deyil. Bundan əlavə, bir sinifdə 30-dan çox şagirdin olması tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Heç bir beynəlxalq tədris sistemində bu qədər şagirdin olduğu sinifdə uğurlu nəticələr əldə edildiyi müşahidə olunmayıb. Pedaqoji heyət də təsdiq edir ki, bu cür siniflərdə keyfiyyətli tədris mümkün deyil. 1 sinifə həftədə cəmi 2 saat dərs keçən müəllim bu müddətdə şagirdlərə fənni necə effektiv çatdıracaq? 45 dəqiqə ərzində davamiyyətin yoxlanılması, ev tapşırıqlarının nəzərdən keçirilməsi, mövzulararası əlaqə qurulması, yeni dərsin izahı və qiymətləndirmə aparılması tələb olunur. Bu səbəbdən də siniflərdə şagird sayı nə qədər az olarsa, keyfiyyət bir o qədər yüksək olar.

 

2024-cü ildə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumitəhsil məktəblərində siniflərin birləşdirilməsi istiqamətində addımlar atıldı. Bu qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və əksəriyyət bu addımın tədrisin keyfiyyətini aşağı salacağını düşünür".

 

Ekspert ucqar kəndlərdə siniflərin birləşdirilməsinin müəllimlərin dərs saatına və əməkhaqqısına təsir etdiyini də vurğulayıb:

 

"Siniflərin birləşdirilməsi zamanı müəllimlərin dərs saatlarının və maaşlarının azaldılması, hətta bəzi pedaqoqların işsiz qalması düzgün yanaşma deyil. Hazırda təkcə siniflərin deyil, məktəblərin də birləşdirilməsi problemi mövcuddur. Bir kəndin şagirdləri hər gün təhsil almaq üçün başqa bir kəndə getməyə məcbur edilir. Əgər bir sinifdə cəmi 5 şagird varsa, onlarla da tədris prosesini davam etdirmək lazımdır".

 

O, işğaldan azad olunan ərazilərdə məskunlaşmanın davam etdiyini xatırladaraq, bu bölgələrdə təhsilin təşkilinin vacibliyini qeyd edib:

 

"Məskunlaşma yeni başlayıbsa, həmin ərazidə məktəb fəaliyyət göstərməməlidirmi? İstər işğaldan azad olunan ərazilərdə, istərsə də digər ucqar kəndlərdə yaşayan şagirdlərə təhsil almaq imkanı yaradılmalıdır. Az sinif, az şagird var deyə tədrisi dayandırmaq, fərqli sinifləri birləşdirmək doğru yanaşma deyil. Hər sinfin özünəməxsus tədris planı var. II sinfi I siniflə, IV sinfi III siniflə birləşdirib heç bir fayda əldə edə bilmərik".

 

Ekspert məktəb və siniflərin birləşdirilməsi zamanı bütün amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb:

 

"Bu cür qərarlar qəbul edilərkən müəllimlərin iş şəraiti, valideynlərin maddi imkanı və şagirdlərin rahatlığı nəzərə alınmalıdır. Müəllimin həyat tərzi, aldığı əməkhaqqı, valideynin övladını başqa kəndə aparıb-gətirmək imkanı önəmli məsələlərdir. Hər dəfə qarlı-çovğunlu havada şagirdi uzaq kəndə göndərmək mümkündürmü? Əlbəttə ki, yox. Buna görə də siniflərin və məktəblərin birləşdirilməsi zamanı bütün detallara diqqət yetirilməli, əsas məqsəd tədrisin keyfiyyətini qorumaq olmalıdır".

İrandan Türkiyəyə ŞOK ZƏRBƏ-Ağır döyüşlər gedir
Son xəbərlərDaha çox