Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbul sistemində 2024-2025-ci tədris ili üzrə tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq.
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, şəxsi kabinetə giriş yalnız Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək.
Vətəndaşların tətbiq edilən yeniliklə tanış olması məqsədilə 07 mart saat 15:00-dan etibarən bq.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə “Digital Login” vasitəsilə daxil olmaq funksiyası aktiv ediləcək.