İndeksli jurnallarda və nüfuzlu nəşrlərdə çap olunmaq tələbi bəzən bürokratik yanaşma ilə qarşılanır. Mən hesab edirəm ki, mütləq şəkildə müəllifin, yəni elmi iş üzərində çalışan, alim olmaq iddiasında olan şəxsin elmi yenilikləri olmalıdır.
AzEdu.az-a bu sözləri Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov söyləyib.
Müsahibimiz qeyd edib ki, müasir tələblər çərçivəsində məqalə yazmaq və çap etdirmək bacarığının inkişafına ehtiyac var:
"Elm sahəsində kifayət qədər bürokratik maneələr mövcuddur. Bürokratik maneələr dedikdə, bunları sistemləşdirsək daha yaxşı olar. Birincisi, bürokratik maneələrdən biri də odur ki, bəzən elmi tədqiqat mövzusunu seçərkən gənclərə qarşı münasibət və yanaşma düzgün şəkildə göstərilmir.
Zaman-zaman görmüşük ki, işlənmiş mövzular və strateji əhəmiyyəti olmayan mövzularda dissertasiya mövzuları təsdiqlənir. Həmin mövzunun aktuallığı nə qədərdir? Bu mövzunun tədqiqinə bir insanın aktiv elmdə olduğu dövrdə sərf etdiyi enerji və zaman elmimizə nə verəcək? Bütövlükdə cəmiyyətə faydası nə olacaq? Bu kimi məsələlər nəzərə alınmır.
Digər tərəfdən, indeksli jurnallarda və nüfuzlu nəşrlərdə çap olunmaq tələbi bəzən bürokratik yanaşma ilə qarşılanır. Mən hesab edirəm ki, mütləq şəkildə müəllifin, yəni elmi iş üzərində çalışan, alim olmaq iddiasında olan şəxsin elmi yenilikləri olmalıdır. Bu yeniliklər müxtəlif nəşrlərdə öz əksini tapmalıdır, indeksli jurnallarda çap olunmaq zəruridir. Bu, zəruri şərtlərdən biridir, amma hesab edirəm ki, heç də kifayət şərt kimi qiymətləndirilə bilməz. Son illərdə alimlər üçün elmi nəşrlərdə çap olunmaq tələbinin artması bir çox hallarda yalancı statistikanın formalaşmasına gətirib çıxarıb".
Daha ciddi problemlərdən biri isə elmi etikaya əməl olunmamasıdır:
"Bu da çox ciddi məsələlərdən biridir. Eyni zamanda bilirəm ki, alim olmaq üçün prosedurlar olmalıdır. Təbii ki, ciddi tələblər və filtrlər olmalıdır, amma bu heç də onu demək deyil ki, proseslər bürokratik olmalıdır. Bürokratik əngəllər ilə tələblər və çərçivələr tamam fərqli məsələlərdir və tənzimləmə düzgün qurulmalıdır. Konkret standartlar müəyyənləşməli və həmin standartlar çərçivəsində elmi fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçün bürokratik yox, daha çox münbit mühit formalaşdırılmalıdır.
Münbit elmi mühitin yaradılması çox önəmli məsələdir və eyni zamanda universitetlər, beyin mərkəzləri və dövlət qurumları arasında çevik münasibət sisteminin təmin olunması vacibdir. Digər tərəfdən, elmlə məşğul olan insanlar üçün çevik qrant proqramları və dövlət sifarişləri həyata keçirilməlidir və onlar həmin proqramlara cəlb olunmalıdırlar. Beynəlxalq elmi qrantlara çıxış imkanları kifayət qədər genişləndirilməlidir.
Həmçinin, müxtəlif beynəlxalq elmi tədbirlərdə iştirak imkanları artırılmalıdır. Bu istiqamətdə, rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin fəaliyyəti çərçivəsində biz bu kimi işlərə dəstək göstərmişik. Vacib məqamlardan biri odur ki, müasir tələblər çərçivəsində məqalə yazmaq və çap etdirmək bacarığının inkişafına ehtiyac var. Bu məqsədlə müxtəlif maarifləndirici seminarların təşkili zəruridir, çünki əksər alimlər bu sahədə ciddi çətinliklərlə üzləşirlər.
Bir daha qeyd etmək istəyirəm: çərçivələr lazımdır, standartlar lazımdır, ümumilikdə elmi fəaliyyət tənzimlənməlidir, amma bürokratiyaya yol verilməməlidir".