Magistratura pilləsinə marağın azalması təkcə tələbə davranışının nəticəsi deyil; bu, ölkənin ali təhsil sisteminin struktur problemləri, universitetlərin akademik standartlarının zəifliyi, proqramların əmək bazarına uyğun olmaması və magistratura təhsilinin hüquqi-funksional mahiyyətinin praktik dəyərə çevrilməməsi ilə bağlı dərin sistem böhranıdır.
AzEdu.az-a bunu təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, universitetlərin əksəriyyəti magistr səviyyəsində nə innovasiya yaradır, nə də tələbəyə real dəyər qatır:
"Son beş ilin rəqəmləri bunu açıq şəkildə göstərir: magistraturaya müraciət edənlərin sayı təxminən 20–25 faiz azalıb, qəbul olunanların isə 27 faizdən çoxu təhsili yarımçıq qoyur. Bu dinamika göstərir ki, hazırkı model nə motivasiya yaradır, nə də tələbənin vaxt, maliyyə və əmək sərmayəsini doğruldur.
“Təhsil haqqında” Qanunun 15-ci maddəsində magistratura təhsili “elmi-pedaqoji və peşəkar fəaliyyət üçün ixtisaslaşmış hazırlıq mərhələsi” kimi təsbit olunub. Ancaq real vəziyyət göstərir ki, ölkədəki bir çox universitet bu tələbi faktiki olaraq yerinə yetirmir. Fənlərin əksəriyyəti bakalavr səviyyəsinin bir qədər genişləndirilmiş variantıdır, akademik tədqiqat komponenti formal xarakter daşıyır, metodologiya dərsləri keyfiyyətcə zəifdir, elmi rəhbərlik mexanizmi isə prosedur səviyyəsindən yuxarı qalxmır. Universitetlərin əksəriyyəti magistr səviyyəsində nə innovasiya yaradır, nə də tələbəyə dəyər qatır. Bu isə hüquqi çərçivə ilə faktiki nəticə arasında ciddi uyğunsuzluq yaradır.
Müsbət tərəf ondan ibarətdir ki, son illərdə Elm və Təhsil Nazirliyi magistr proqramlarının keyfiyyətinin artırılması üçün yeni tənzimləmə mexanizmləri üzərində çalışır: akkreditasiya qaydalarının sərtləşdirilməsi, proqramların monitorinqi, kadr hazırlığının nəticəyönümlü ölçülməsi və universitetlərin hesabatlılığının gücləndirilməsi istiqamətində addımlar atılır. Nazirliyin bu sahədə apardığı siyasət, xüsusilə də ali təhsildə keyfiyyət mexanizmlərinin yenilənməsi, magistratura pilləsini zəiflədən amillərin aradan qaldırılması üçün vacibdir və müsbət qiymətləndirilir".
Ekspertin sözlərinə görə, universitetlərin ən ciddi tənqid olunmalı tərəfi magistraturanın tamamilə “diplom istehsalı mərhələsi”nə çevrilməsidir:
"Lakin universitetlər bu siyasətə adekvat cavab vermir. Təhlil göstərir ki, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin 60 faizindən çoxunda magistr proqramları əmək bazarının real tələblərinə uyğunlaşdırılmayıb, kurikulum yenilənmə dövrü 5–7 il arasında dəyişir, bir çox proqramda fənlərin 40–50 faizi təkrar məzmun daşıyır. Bu tendensiya tələbə üçün magistraturanı cazibədar etmir. Dünya təcrübəsi ilə müqayisə də bunu göstərir: Avropa universitetlərində magistr tələbələrinin məşğulluq göstəricisi orta hesabla 75 faiz olduğu halda, Azərbaycanda bu göstərici rəsmi statistikaya görə 50 faizdən aşağıdır. Əsas səbəb universitetlərin elmi-tədqiqat mühitinin zəifliyi, əmək bazarı ilə əlaqələrin formal xarakter daşıması və magistr təhsili ilə karyera imkanları arasında kəsilmədir.
Universitetlərin ən ciddi tənqid olunmalı tərəfi magistraturanın tamamilə “diplom istehsalı mərhələsi”nə çevrilməsidir. Laboratoriya infrastrukturunun zəifliyi, beynəlxalq elmi bazalara çıxışın məhdudluğu, müəllim heyətinin elmi fəaliyyət göstəricilərinin çox aşağı olması, dissertasiyaların keyfiyyətsiz hazırlanması və çox zaman formal müdafiə mexanizmləri təhsilin mahiyyətini kölgədə qoyur. Universitetlərin böyük bir hissəsində nə elmi məktəb var, nə tədqiqat mədəniyyəti, nə də akademik dürüstlük mexanizmləri. Bu səbəbdən tələbələr magistr təhsilini akademik inkişaf yox, formal mərhələ kimi görməyə başlayıblar".
Kamran Əsədov hesab edir ki, universitetlər nazirliyin magistratura təhsili ilə bağlı apardığı islahatları dəstəkləmədiyi müddətdə magistratura pilləsi cəlbedici olmayacaq:
"Müqayisə göstərir ki, Azərbaycanda dəyişəcək əsas məsələ məzmun və nəticə yanaşmasıdır. Dəyişməlidir ki, magistratura bakalavrın mexaniki davamı yox, ixtisaslaşmış, seçici və yüksək səviyyəli hazırlıq mərhələsi olsun. Dəyişməlidir ki, universitetlərin proqram strukturu əmək bazarının real tələblərinə uyğunlaşdırılsın; tətbiqi tədqiqat mərkəzləri gücləndirilsin; elmi rəhbərliyin məsuliyyəti artırılsın; akademik standartlar sərtləşdirilsin; magistr qəbulu daha selektiv və düşünülmüş mexanizm üzərində qurulsun. Dəyişəcək əsas məsələ isə odur ki, Nazirliyin son illərdə apardığı keyfiyyət siyasəti nəticəsində universitetlər məcburən rekonstruksiya dövrünə keçəcək və bu, magistratura pilləsinin dəyərini yüksəldəcək.
Hesab edirəm ki, magistraturaya marağın artması üçün əsas stimul universitetlərin öz davranışını dəyişməsi, keyfiyyətə investisiya etməsi, elmi potensialı gücləndirməsi və əmək bazarı ilə əlaqəni real mexanizmə çevirməsi olacaq. Dövlətin - xüsusilə Elm və Təhsil Nazirliyinin – bu sahədə apardığı islahatlar doğru istiqamətdədir, lakin universitetlər bu xətti dəstəkləmədiyi müddətdə magistratura pilləsi cəlbedici olmayacaq. Təhsil sisteminin keyfiyyət mərhələsinə keçidi üçün bu dəyişiklik labüddür və gecikdirilməsi ölkənin intellektual və iqtisadi inkişafına mənfi təsir göstərə bilər".