Valideyn–müəllim əməkdaşlığı düzgün qurulmadıqda şagirdin həm tərbiyəsində, həm də təhsilində ciddi boşluqlar yaranır və bu boşluqlar uşağın inkişaf trayektoriyasını birbaşa zəiflədir.
AzEdu.az-a bu sözləri təhsil eksperti Kamran Əsədov söyləyib.
O, qeyd edib ki, valideynin tədris prosesinə sərhədsiz müdaxiləsini qanunla məhdudlaşdırır:
"Psixoloji və pedaqoji araşdırmalar göstərir ki, ailə və məktəb əlaqəsinin zəif olduğu siniflərdə şagirdlərin motivasiyası 30%-ə qədər aşağı düşür, davranış pozuntuları 25–28% artır, akademik nəticələr isə orta hesabla 18-22% geridə qalır. Bu göstəricilər göstərir ki, ailə-məktəb münasibətləri yalnız sosial ünsiyyət yox, təhsil nəticələrinin formalaşmasında həlledici mexanizmdir.
Normativ baza da bu yanaşmanı təsdiqləyir. “Ümumi təhsil haqqında” Qanunun 29-cu maddəsində valideynlərin öhdəlikləri sırasında “məktəblə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesini dəstəkləmək, uşağın inkişafına təsir edən məlumatları məktəbə təqdim etmək” kimi müddəalar yer alır. Bu müddəalar valideynin məktəblə əlaqədə olması zərurətini ortaya qoysa da, eyni zamanda valideynin tədris prosesinə sərhədsiz müdaxiləsini qanunla məhdudlaşdırır. Çünki müəllimin tədris metodikasına qarışmaq, qiymətləndirməyə təsir etmək və məktəb idarəçiliyini yönləndirməyə çalışmaq qanuni deyil və pedaqoji baxımdan zərərlidir".
Elektron gündəlik sistemi valideynləri məlumatlandırmada şəffaflığı artırıb, qiymətləndirmənin izlənməsini asanlaşdırıb:
"Statistika göstərir ki, valideynlərin 20%-i məktəb prosesinə həddindən artıq qarışır, 60%-i yalnız formal şəkildə məlumat alır, 20%-i isə məktəblə demək olar ki, heç bir əlaqə saxlamır. Bu üç qrupun heç biri sağlam əməkdaşlıq modeli yaratmır. Effektiv əməkdaşlıq yalnız balanslı rola əsaslanır: valideyn tərbiyə və ev mühiti ilə bağlı məsuliyyəti daşıyır, müəllim isə tədris və pedaqoji prosesə cavabdehdir.
Dünya təcrübəsi göstərir ki, valideyn–məktəb əlaqəsinin ən uğurlu modeli tərəfdaşlıq modelidir. Finlandiyada valideynlər uşağın inkişafı ilə bağlı müəllimlə müntəzəm dialoq aparır, lakin məktəbin metodik işinə müdaxilə etmir. Estoniyada valideynlər məktəb prosesinə müşahidəçi və dəstəkçi kimi cəlb olunur, lakin qərarverici deyil. Sinqapurda valideynlərin rolunun 70%-i evdə öyrənmə mühitinin yaradılmasına yönəlib, məktəb isə akademik yükün bütün komponentlərinə tam cavabdehdir. Bu ölkələrdə valideyn-müəllim əlaqəsinin düzgün qurulması nəticəsində akademik nəticələr 15–20% daha yüksək olur, məktəb intizamı isə əhəmiyyətli dərəcədə stabilləşir.
Azərbaycanda da son illərdə Elm və Təhsil Nazirliyi bu istiqamətdə mühüm işlər görüb. Elektron gündəlik sistemi valideynləri məlumatlandırmada şəffaflığı artırıb, qiymətləndirmənin izlənməsini asanlaşdırıb. Şagirdin davamiyyəti, dərsə münasibəti və fəaliyyətinə dair rəqəmsal hesabatların tətbiqi valideyn–məktəb əlaqəsinin daha operativ olmasına şərait yaradıb. Nazirliyin bu sahədə rəqəmsallaşmanı gücləndirməsi, məktəblərdə valideyn iclasları ilə bağlı standartların hazırlanması və emosional ünsiyyət qaydalarının müəllimlərə öyrədilməsi müsbət idarəetmə nümunəsi kimi qeyd olunmalıdır".
Müəllim valideynlə kommunikasiya üslubunda daha səmərəli və şəffaf şəkildə fəaliyyət göstərməlidir:
"Bu əməkdaşlıq modelində dəyişiklik tələb edən əsas məsələ valideynlərin rolu ilə bağlı maarifləndirmənin gücləndirilməsidir. Valideyn məktəbdə metodikanı yox, uşağın psixoloji və davranış inkişafını dəstəkləməlidir; məktəbin işinə yön vermək yox, məktəbin formalaşdırdığı təlim prosesini evdə tamamlamalıdır. Müəllim isə valideynlə kommunikasiya üslubunda daha səmərəli və şəffaf şəkildə fəaliyyət göstərməlidir. Praktik addım kimi məktəblərdə “valideyn–müəllim pedoqoji dialoqları”, tematik görüşlər, qısa məzmunlu monitorinq hesabatları, psixoloji maarifləndirici seminarlar təşkil edilməlidir.
Hesab edirəm ki, valideyn–müəllim əməkdaşlığı düzgün qurulduqda şagird həm tərbiyədə, həm akademik bilikdə daha sabit və davamlı inkişaf əldə edir. Elm və Təhsil Nazirliyinin son illərdə bu sahədə atdığı addımlar yeni idarəçilik mədəniyyəti formalaşdırıb və bu xətt davam etdirildikcə sağlam ailə–məktəb tərəfdaşlığı təhsil sistemində daha güclü nəticələr yaradacaq".