Keçdiyimiz gün sosial mediada Mingəçevir Dövlət Universitetinin 62 yaşlı məzunu gündəmdədir. Hər kəs onun bu yaşda təhsilə olan marağından bəhs edir.
AzEdu.az Təhsil Portalı Mingəçevir Dövlət Universitetinin 62 yaşlı məzunu Rəhman Cəlilovla əlaqə saxladı. Onun tələbəlik illəri ilə bağlı təəssüratlarını öyrəndik.
Müsahibəni təqdim edirik:
– Rəhman bəy, oxucularımızın sizi daha yaxından tanıması üçün özünüz haqqında məlumat verin.
-Mən 1963-ci ildə Şəki rayonunun Baltalı kəndində anadan olmuşam. Şəki şəhər 14 nömrəli tam orta məktəbdə 8-ci sinifə qədər təhsil almışam. Ardınca isə 3 il texniki peşə məktəbində təhsil alaraq qırmızı diplomla məzun olmuşam. Daha sonra Şəki Kənd Təsərrüfatı Texnikumunun texnik-mexanik ixtisasına qəbul oldum. Bir il oxuduqdan sonra hərbi xidmətə yollandım. Təxris olunduqdan sonra təhsilimi davam etdirərək 1986-cı ilin may ayında texnikumu bitirdim.
1994-cü ilin avqustundan Şəki Regional Hidrometeoroloji Müəssisəsində müxtəlif vəzifələrdə, stansiya rəisindən direktorluğa qədər çalışmışam.
2018-ci ildə dostlarımın təkidi ilə imtahan verərək 215 balla Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə qəbul oldum. İmtahana xüsusi hazırlaşmadan bu nəticəni əldə etmişdim. Sadəcə coğrafiyaya bir qədər nəzər salmışdım. Nəticədə coğrafiyadan 25 sualdan 23-nü, xarici dildən isə 16 sualı düzgün cavablandırmışdım. Təhsilimin sonuncu ilində üzrlü səbəblərdən universiteti dondurdum, lakin 2025-ci ildə ali təhsili başa vuraraq diplomumu aldım.
Hidrometeorologiyanın müxtəlif sahələrində 31 il çalışmışam. 2025-ci ilin yanvar ayının sonunda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 12 saylı Şəki–Zaqatala Regional bölməsində fəaliyyət göstərməyə başlamışam.
-62 yaşında ali təhsili başa vurmaq necə bir hissdir?
-62 yaşında ali təhsili tamamlamaq mənim üçün çox böyük bir hissdir. Uşaqlarıma da ali təhsil vermişəm. İki qızım müəllimdir, oğlum isə kollec məzunudur.
Coğrafiya, riyaziyyat, fizika fənlərini bizim işimizlə əlaqədar olan dərsləri iş yerimdə də keçirdiyim üçün dostlarım hər zaman mənə inanırdı. Onlar deyirdilər: “Sən insanlara dərs, praktiki məşğələlər keçirsən, əlbəttə ki, bacararsan”. Mən də düşündüm ki, özümü sınayım.
Məni həm motivasiya edən, həm də qarşıma maneə kimi çıxan məqamlar oldu. İş həyatımda dəfələrlə belə sözlərlə qarşılaşırdım: “Siz kollec məzunusunuz…” Məhz bu səbəbdən qərara aldım ki, ali təhsil almalıyamsa, bunu etməliyəm. Oxumaq prosesi gözəl idi, amma dünən diplomumu əlimə aldığım an hiss etdiyim sevincin həddi-hüdudu yox idi. O an bütün zəhmətlərimin və keçdiyim əngəllərin dəyərli olduğunu daha dərindən anladım.
– Uzun illərdən sonra yenidən tələbə olmaq sizin üçün çətin idimi?
-Bəlkə də universitetdə tələbələrə qarşı o diqqət və qayğı olmasaydı, təhsilimi yarıda qoya bilərdim. Ancaq universitetin ab-havası, keçirilən dərslər və tələbələrə göstərilən qayğı mənə stimul və ilham verdi. Bu səbəbdən yenidən tələbə olmaq mənim üçün çətin olmadı.
– Sessiyalar və imtahanlar necə keçirdi?
-İmtahanlar tam şəffaf təşkil olunurdu. Suallar bilet formasında idi. Müəllimlər də qaranlıq qalan məqamları izah edirdilər. İmtahanlarla bağlı heç bir çətinliyim olmadı.
– Gənc tələbələrlə ünsiyyətiniz necə idi?
-Dərsin ilk günü sinifə daxil olanda tələbələr elə düşündülər ki, müəllim mənəm (gülür). İçəri keçib oğlan tələbələrlə görüşdüm, qızlara salam verib qabaq partada əyləşdim. Tələbələr yaxınlaşıb soruşdular: “Dayı, siz müəllim deyilsiniz?” Dedim ki, mən də sizin kimi tələbəyəm. Həmin anda bütün tələbələr gülməyə başladı. Onlar üçün bu yaşda həvəsli bir tələbə yoldaşı ilə qarşılaşmaq bir az qeyri-adi idi. Fikrimcə, bu, onlara da ayrıca stimul verdi.
Əvvəlki iş yerimdə bir əməkdaşım var idi. Savadlı biri olduğunu görürdüm. Ona da ali məktəbə hazırlaşmasını tövsiyə etdim. O da bu il MDU-ya qəbul oldu və mənə təşəkkür edir ki, “Sizin sayənizdə qəbul oldum”.
– İmtahanlara hazırlaşanda özünüzü daha çox tələbə kimi hiss edirdiniz, yoxsa həyat təcrübəsi olan bir mentor kimi?
-Orada parta arxasında idim, buna görə də özümü tələbə kimi hiss edir və elə də davranırdım.
Amma müəllimlərin əksəriyyəti mənə “müəllim”, “dayı” deyə müraciət edirdilər. Bu da mənə ruh yüksəkliyi verirdi. Əlbəttə ki, onların mənə belə müraciət etməsi ilə mən müəllim olmuram, amma insana göstərilən dəyər onu həvəsləndirir. Düşünürsən ki, yox, hələ yaşamağa dəyər. Həyat gözəldir…
– Rəhman bəy, təhsil aldığınız sahə üzrə çalışmağı düşünürsünüzmü?
-Bu yaşdan sonra ixtisasımla bağlı iş təklifi gələcəyinə inanmıram. Amma təklif gəlsə, təbii ki, çalışaram.
– Gənclərə təhsil və həyatla bağlı hansı tövsiyələriniz var?
-Gənclərə tövsiyəm odur ki, valideynlərinin yaratdığı şəraitdən maksimum istifadə etsinlər, dərsə ciddi yanaşsınlar və seçdikləri sahədə mütəxəssis olsunlar. Onlar valideynlərinin zəhmətini puç etməsinlər. Təhsil yalnız şəxsi inkişaf üçün deyil, həm də ölkəmizə faydalı olmaq üçün vacibdir. Biz başqa dövlətlərə baxıb həsəd aparmaq əvəzinə, elə etməliyik ki, onlar bizə baxıb həsəd aparsınlar.