Azedu.az

Saathesabı dərs yükünə SON: Səriştəli müəllim repetitorluq ETMƏYƏCƏK

Xəbərlər

Müəllimlər və elm adamları

14 Noyabr 2025, 10:09
Saathesabı dərs yükünə SON: Səriştəli müəllim repetitorluq ETMƏYƏCƏK

Yeni sistemin tətbiqi ilə müəllimlər həm daimi işlə təmin olunacaq, həm də əməyinin qarşılığını daha ədalətli şəkildə alacaqlar. Həftəlik dərs yükünün 18–24 saat müəyyənləşdirilməsi də təsadüfi deyil, bu, beynəlxalq təcrübədə sınaqdan keçmiş modeldir.

Bu fikirləri AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib.

O, qeyd edib ki, sosial mediada səslənən “səriştəli müəllimlər repetitorluğa üz tutacaq” fikirləri emosional reaksiyadır:

"Bu məsələ əslində təhsil sistemimizdə keyfiyyətə əsaslanan yeni mərhələnin başlanğıcıdır. Elm və Təhsil Nazirliyinin təqdim etdiyi model müəllimləri məcbur edən deyil, onların peşəkar dəyərlərini tanıyan və inkişafını stimullaşdıran bir yanaşmadır. Bu modelin mahiyyəti müəllimlik peşəsini sadəcə dərs deməkdən çıxarıb, düşünən, araşdıran, layihələrdə iştirak edən, fərdi yanaşma göstərən müasir müəllim obrazını formalaşdırmaqdır.

Yeni sistemin tətbiqi ilə müəllimlər həm daimi işlə təmin olunacaq, həm də əməyinin qarşılığını daha ədalətli şəkildə alacaqlar. Həftəlik dərs yükünün 18–24 saat müəyyənləşdirilməsi də təsadüfi deyil, bu, beynəlxalq təcrübədə sınaqdan keçmiş modeldir. Məsələn, Finlandiya, Sinqapur və Cənubi Koreyada müəllimlər dərs saatlarının azaldılması hesabına metodik hazırlıq, fərdi konsultasiya və layihə fəaliyyətlərinə vaxt ayırırlar. Bu, tədris keyfiyyətini yüksəldir, müəllimin həm yaradıcılıq, həm də psixoloji rifah səviyyəsini artırır.

Bəzən sosial mediada səslənən “səriştəli müəllimlər repetitorluğa üz tutacaq” fikirləri emosional reaksiyadır. Dövlət bu modeldə repetitorluğa alternativ olaraq sabit və sosial təminatlı bir sistem qurur. Yəni müəllim artıq yalnız dərs saatı ilə deyil, peşəkarlığı, metodik fəaliyyəti və inkişaf səviyyəsi ilə də dəyərləndiriləcək. Bu, qısamüddətli qazancdan çox, uzunmüddətli peşəkar inkişaf və sosial status deməkdir".

Bu dəyişiklik sadəcə inzibati qərar deyil, təhsilin fəlsəfəsində yenilənmədir:

"Dünyanın qabaqcıl təhsil sistemlərində müəllimlər məhz bu cür modellərlə işləyir və peşələrinə görə cəmiyyətdə ən yüksək hörmətə malikdirlər. Bizdə də bu istiqamət təhsilin gələcəyini yenidən dizayn etməyə imkan verir. Əgər seçim və qiymətləndirmə mexanizmləri ədalətli və şəffaf şəkildə həyata keçirilərsə, bu model müəllim peşəsinin nüfuzunu artıracaq, təhsil keyfiyyətinə isə ciddi müsbət təsir göstərəcək.

Bu dəyişiklik sadəcə inzibati qərar deyil, təhsilin fəlsəfəsində yenilənmədir. Dövlət müəllimi bu sistemdə mərkəzə qoyur, onun inkişafına sərmayə yatırır və gələcəyin məktəb mühitini səriştəli, motivasiyalı, dəyərli müəllimlər üzərində qurur. Bu, həm milli, həm də beynəlxalq səviyyədə müasir təhsil vizyonuna tam uyğun bir addımdır".

QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?
Son xəbərlərDaha çox