2026-cı il üçün təhsil və elm xərclərinə 5,2 milyard manat vəsait nəzərdə tutulur. Bu, cari illə müqayisədə 48,0 milyon manat və ya 8,4 faiz çoxdur. Bu artım təhsil sistemində islahatların dərinləşməsi və müəllimlərin sosial rifahının yaxşılaşması baxımından hansı nəticələri verə bilər?
AzEdu.az-a mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli danışıb.

Müsahibimiz qeyd edib ki, bu artımın əsas təsirlərindən biri müəllimlərin sosial təminatının möhkəmlənməsi olacaq:
"Bu qərar ölkəmizdə təhsil və elmin strateji prioritet kimi qiymətləndirilməsinin növbəti sübutudur. 2026-cı il dövlət büdcəsində təhsil və elm xərclərinin 5,2 milyard manata çatdırılması, həm də əvvəlki illə müqayisədə 48 milyon manatlıq artımın nəzərdə tutulması, dövlətin bu sahəyə verdiyi siyasi və iqtisadi dəyərin bariz göstəricisidir. Bu artım sadəcə rəqəmsal göstərici deyil o, təhsilin keyfiyyətinin yüksəldilməsinə, insan kapitalının inkişafına və müəllimlərin sosial rifahının yaxşılaşmasına yönəlmiş konkret bir siyasətin tərkib hissəsidir.
İlk növbədə, bu artımın əsas təsirlərindən biri müəllimlərin sosial təminatının möhkəmlənməsi olacaq. Son illər ərzində müəllim əməyinin stimullaşdırılması, maaş artımları, sertifikasiya və diferensial ödəniş mexanizmləri kimi addımlar bu istiqamətdə mühüm rol oynayıb. 2026-cı ildə ayrılan əlavə vəsait bu prosesi daha da gücləndirə, təhsil sistemində maddi və mənəvi motivasiyanı artıracaq. Müəllim rifahının yaxşılaşması yalnız sosial məsələ deyil, həm də təhsilin keyfiyyətinə birbaşa təsir göstərən faktordur. Çünki rifah içində olan, əməyinin dəyərini hiss edən müəllim daha yaradıcı, daha məsuliyyətli və daha səmərəli fəaliyyət göstərir".
Elm sahəsinə ayrılan vəsaitin artması isə elmi potensialın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır:
"Eyni zamanda, büdcə artımı təhsil müəssisələrinin infrastruktur imkanlarının genişləndirilməsinə, yeni tədris resurslarının tətbiqinə və məktəblərin maddi-texniki bazasının yenilənməsinə şərait yaradacaq. Bu, xüsusilə region məktəblərində keyfiyyət fərqlərinin aradan qaldırılmasına, müasir təlim texnologiyalarının tətbiqinə və rəqəmsal təhsilin inkişafına mühüm töhfə verə bilər. Dövlətin bu istiqamətdə apardığı siyasət uzunmüddətli perspektivdə daha ədalətli və inklüziv təhsil mühitinin formalaşmasına xidmət edir.
Elm sahəsinə ayrılan vəsaitin artması isə elmi potensialın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu addım ölkəmizdə tətbiqi elmin, innovativ layihələrin və elmi-tədqiqat institutlarının fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradacaq. Nəticə etibarilə, elm və istehsalat arasında əlaqələrin güclənməsi, gənc alimlərin fəaliyyətinin stimullaşdırılması və elmi kadrların yetişdirilməsi üçün daha dayanıqlı sistem formalaşacaq.
Unutmaq olmaz ki, təhsil və elm bir-birini tamamlayan iki strateji sütundur. Dövlətin bu sahələrə paralel şəkildə investisiya yatırması Azərbaycanın gələcək inkişaf modelini insan kapitalı üzərində qurduğunu bir daha nümayiş etdirir. Bu yanaşma həm iqtisadi, həm də sosial baxımdan ən səmərəli investisiyadır.
Ümumilikdə desək, 2026-cı il üçün nəzərdə tutulan bu artım, təhsildə və elmdə islahatların dərinləşməsinə, müəllim nüfuzunun möhkəmlənməsinə, gənclərin intellektual inkişafına və ölkənin gələcək potensialının daha möhkəm əsaslar üzərində qurulmasına xidmət edəcək. Təhsil və elmə qoyulan hər manat əslində Azərbaycanın gələcəyinə, bilikli və düşünən nəsillərin formalaşmasına yönəlmiş sərmayədir".