Azedu.az

Beynəlxalq yarışmada medal qazanan Xədicə: “Sevinc hissi keçirə bilmədim”

Xəbərlər

21 May 2026, 11:06
Beynəlxalq yarışmada medal qazanan Xədicə: “Sevinc hissi keçirə bilmədim”

Ötən günlərdə İtaliyanın Çezenatiko şəhərində keçirilən Beynəlxalq Qızlar İnformatika Olimpiadasında (EGOI) Azərbaycanı təmsil edən komanda uğurla çıxış edərək 2 bürünc medal qazanıb.

Medal qazanan şagirdlərin hər ikisi Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyinin şagirdləridir.

AzEdu.az bu münasibətlə bürünc medal qazanan Xədicə Məhərli ilə əlaqə saxlayıb.

O, bildirib ki, hər bir insanın potensialı var və ona uyğun şərait yaradılarsa, istənilən sahədə uğur qazana bilər:

“Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyinin 10-cu sinif şagirdiyəm. Bu yolda mənə ən böyük dəstəyi valideynlərim verib. Hər zaman yanımda olublar və mənə inanıblar. 9-cu sinif buraxılış imtahanından 278 bal toplamışdım.

Gələcəkdə təhsilimi xaricdə davam etdirmək istəyirəm. Daha çox Avropa universitetlərini düşünürəm, amma gələcəkdə hansı universitetdən qəbul cavabı alacağıma görə Amerika və ya Asiya universitetlərini də seçim kimi nəzərdən keçirə bilərəm.

Olimpiadalara marağım 7-ci sinifdə liseyə qəbul olduqdan sonra yaranıb. Həmin vaxtdan bu sahəyə hazırlaşmağa başlamışam. Amma daha ciddi hazırlıq prosesim 9-cu sinifdən etibarən başlayıb. 8-ci sinifdə iştirak etdiyim bir yarış mənə böyük motivasiya vermişdi. Orada müəyyən uğurlar qazansam da, bəzi nəticələr istədiyim kimi olmamışdı. Bu isə məni daha çox çalışmağa sövq etdi.

Olimpiada müddətində telefonlarımız bizdən alınmışdı. İlk günün nəticələrinə görə bürünc medal ehtimalı olduğunu düşünürdüm. İkinci gün isə daha yaxşı nəticə göstərdiyimi hiss etdim. Hətta bir anlıq gümüş medal qazana biləcəyimi düşünmüşdüm. Bürünc medal qazananda isə o qədər də böyük sevinc hissi keçirmədim, amma sonradan özümü toparladım.

Fikrimcə, hər bir insanın potensialı var və ona uyğun şərait yaradılarsa, istənilən sahədə uğur qazana bilər. Əsas məsələ insanın qarşısına çıxan imkanlardan düzgün istifadə etməsi və öz üzərində çalışmasıdır.

Digər şagirdlərə tövsiyə edirəm ki, səbirli olsunlar. Hər şeyin öz zamanı var. İnsan daim çalışmalı, özünə inanmalı və uğursuzluqlardan ruhdan düşməməlidir".

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
Son xəbərlərDaha çox