Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
İmtahanda yüksək bal toplayanlardan biri də Cəmilə Yusifovadır.
O,imtahanının test mərhələsindən 93.5 bal toplayan BANM-in V kurs tələbəsidir.
AzEdu.az Cəmilə ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
685 balla BANM-in İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunan Cəmilə Prezident təqaüdünə layiq görülən tələbədir:
“Hazırda universitetin 5-ci kurs tələbəsiyəm, bu il məzun olacağam. Universitet illərində müxtəlif təcrübə proqramlarında iştirak etmişəm və artıq 3 ilə yaxındır ki, informasiya təhlükəsizliyi sahəsində çalışıram. Hazırda da işləyirəm. Magistratura imtahanında ilk cəhdimdə esse ilə birlikdə 95 bal toplamışdım: 90 bal testdən, 5 bal isə essedən idi.
Hazırkı nəticələrdə isə test hissəsindən 93,5 bal toplamışam. Düşünürəm ki, hər iki imtahanın səviyyəsi təxminən eyni idi. Sadəcə, birinci imtahanda tam hazır deyildim. İmtahan zamanı mənə çox asan gəlmişdi, amma sonradan müəllimlərdən və digər tələbələrdən imtahanın çətin olduğunu eşidəndə düşündüm ki, deməli, tam hazır olmamışam".
Həm işləmək, həm universitetdə oxumaq, həm də magistraturaya hazırlaşmaq əlbəttə ki, çətin idi:
“Əsas məsələ bunların hamısını paralel şəkildə idarə edə bilməkdir. İlk vaxtlar mənim üçün də çox çətin olurdu, amma zaman keçdikcə insan öyrəşir və vaxt bölgüsünü daha düzgün qurmağı bacarır. Açığı, ilk imtahandan əvvəl özümə o qədər də inanmırdım. Düşünürdüm ki, məndən daha güclü tələbələr çoxdur.
Amma nəticələrimi gördükdən sonra anladım ki, əslində, mən də bacara bilərəm. Bu da özümə inamımı artırdı. Mənim üçün əsas problem daha çox mexaniki səhvlər olub. Hətta sınaqlarda bir dəfə 100 bal da toplamışam. Bu imtahanda da itirdiyim yarım bal mexaniki səhvlə bağlı idi.
İyun ayında keçiriləcək üçüncü imtahanda da iştirak etməyi düşünürəm. Əsas məqsədim yenidən özümü sınamaq və maksimum nəticə əldə etməkdir. Əgər imtahan bu səviyyədə olsa, düşünürəm ki, daha yüksək nəticə toplamaq mümkündür.
Gələcəkdə yüksək nəticə əldə etmək istəyən namizədlərə demək istəyərdim ki, ilk başladıqları nöqtəyə görə özlərini qiymətləndirməsinlər. Mənim də ilk nəticələrim yüksək deyildi. Məncə, insanı zirvəyə aparan əsas amil intizamdır. Hazırda daha çox iş həyatına fokuslanmışam, amma gələcəkdə xaricdə magistr təhsili almaq istəyirəm".