Son 10 il ərzində magistraturada 100 balı cəmi bir nəfər (2023-cü ildə) toplaya bilib. İmtahan sistemində edilən dəyişikliklər və qiymətləndirmə meyarlarının genişləndirilməsi bu göstəricinin əldə olunma dinamikasına birbaşa təsir edir.
Bəs görəsən, gələcək illərdə magistraturada 100 bal toplamaq artıq mümkün olmayacaq və bu göstərici tarixə qovuşacaqmı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Orxan Vəliyev qeyd edib ki, imtahanlarda yüksək nəticə göstərmək magistraturaya qəbul prosesinin həm statistik, həm də keyfiyyət tərəfini müəyyən edən əsas amillərdən biridir:

“Bu günə qədər magistraturaya qəbul prosesi daha fərqli formatda həyata keçirilirdi. İngilis dili tələbi mövcud idi, lakin ümumi struktur və yanaşma indikindən fərqli idi. Orta təhsil və bakalavriat səviyyəsi də müəyyən dərəcədə bu sistemə uyğunlaşdırılmışdı.
Hazırda isə magistraturaya qəbul imtahanında xarici dil imtahanı çərçivəsində esse yazılması tələb olunur. Eyni zamanda "speaking" bacarıqlarının da yoxlanılması nəzərdə tutulur. Nəzəri baxımdan bu, müsbət bir yanaşmadır. Lakin bakalavriat və orta təhsil səviyyələri bu dəyişikliklərə inteqrasiya olunmasa, namizədlərin yüksək nəticə göstərməsi və bu sistemdən uzunmüddətli məmnunluğu təmin etmək çətin ola bilər.
Məsələ ondadır ki, bakalavriata hazırlıq mərhələsində abituriyentlər əsasən repetitorlarla hazırlaşırlar. Bu, təkcə Azərbaycana xas deyil, bir çox ölkədə mövcud olan praktikadır. Lakin bu hazırlıq modeli daha çox test yönümlü olduğuna görə, danışıq və esse yazma bacarıqları kifayət qədər inkişaf etdirilmir.
Digər tərəfdən, ali təhsil müəssisələrində bakalavriat səviyyəsində tədris olunan xarici dil fənninin, xüsusilə ingilis dilinin, esse yazmaq və danışıq bacarıqlarını nə dərəcədə inkişaf etdirdiyi ayrıca qiymətləndirilməlidir. Bu barədə tam məlumatlı olmadığım üçün qəti fikir bildirmək çətindir. Lakin çalışdığım Xəzər Universiteti kimi bəzi universitetlərdə bu problem demək olar ki, yoxdur, çünki tədris əsasən ingilis dilində aparılır”.
Digər universitetlərdə isə vəziyyətin daha ətraflı araşdırılmasına ehtiyac var:
“Ümumilikdə, magistraturaya qəbulda yüksək nəticələrin təmin olunmasını istəyiriksə, bu bacarıqların formalaşdırılması bütün təhsil pillələrində nəzərə alınmalıdır. Nəzəri baxımdan yeni yanaşma müsbət görünsə də, praktikada bütün mərhələlərin bir-biri ilə əlaqələndirilməsi vacibdir.
Hesab edirəm ki, uzunmüddətli perspektivdə universitetlərin qəbul prosesinə daha fəal şəkildə cəlb olunmasının yolları araşdırılmalıdır. Bu yanaşma bir çox ölkələrdə də tətbiq olunur. Eyni zamanda, ümumilikdə test əsaslı qəbul sisteminin tədricən bakalavriat səviyyəsi ilə məhdudlaşdırılması daha məqsədəuyğun ola bilər. Xüsusilə Türkiyə, eləcə də Avropa və Amerika təcrübələri nəzərə alındıqda, bu istiqamətdə müxtəlif modellər mövcuddur.
Magistratura səviyyəsində qəbul prosesində test mərhələsinin tədricən aradan qaldırılması və onun yerinə xarici dil biliklərinin yeni formatda qiymətləndirilməsi və yazılı, şifahi ixtisas imtahanlarının mümkünlüyü nəzərdən keçirilə bilər. Əlbəttə, universitetlərin bu prosesə hazır olma reallığını da nəzərdən qaçırmamaq lazımdır".