Ən çox maraq doğuran məsələlərdən biri isə speaking üzrə toplanılan balın neçə il qüvvədə qalacağıdır.
Əgər namizəd speaking mərhələsindən yüksək nəticə toplayarsa, həmin bal 2 il qüvvədə qala bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Dövlət İmtahan Mərkəzinin magistratura imtahanlarına "speaking" mərhələsini əlavə etməsi ilə, həmin balın iki il qüvvədə qalması həm daxili qaydalar, həm də beynəlxalq təcrübə baxımından tamamilə mümkündür:

"Hazırda Azərbaycanda buraxılış imtahanlarının nəticələrinin iki il qüvvədə qalması təcrübəsi mövcuddur. Bunu magistraturanın gələcəkdə nəzərdə tutulan "speaking" mərhələsində də tətbiq etmək mümkündür. İlk növbədə burada beynəlxalq standartlara uyğunluq təmin olunmalıdır. Onu da qeyd edim ki, dünyada ən populyar dil imtahanları olan IELTS və TOEFL sertifikatlarının qüvvədə olma müddəti də məhz iki il olaraq müəyyən edilib.
Eyni zamanda nəzərə almaq lazımdır ki, dil canlı bir bacarıqdır. İnsan uzun müddət danışıq praktikasından uzaq qaldıqda bu bacarıq tədricən passivləşir. Bu baxımdan iki illik müddət namizədin dil səviyyəsinin aktual olub-olmadığını qiymətləndirmək üçün optimal zaman kəsiyi hesab oluna bilər. Bu yanaşma, həm də dil bacarıqlarının dinamikası baxımından beynəlxalq praktikada özünü doğrultmuş bir reallıqdır".
Digər tərəfdən, əgər bakalavr son kursda yüksək "speaking" balı toplayıb, lakin həmin il magistraturaya daxil ola bilməzsə, növbəti il bu mərhələni yenidən keçmək məcburiyyətində qalmaz”, - deyə həmsöhbətimiz əlavə edib:
Balın iki il qüvvədə qalması Dövlət İmtahan Mərkəzinin üzərinə düşən yükü də əhəmiyyətli dərəcədə azalda bilər. Eyni zamanda müddət məsələsinin optimallaşdırılması və fərqli tətbiq modellərinin nəzərdən keçirilməsi də faydalı ola bilər".
Nəticələrin qüvvədə qalması namizədlər üçün əlavə imkan yaradır:
"Beynəlxalq SAT imtahanı ilə bağlı da son dövrlərdə müxtəlif müzakirələr aparılsa da, həmin imtahanın nəticələri də müəyyən müddət, o cümlədən iki il ərzində etibarlı sayılır. Ümumilikdə isə nəzərə almaq lazımdır ki, bu il əldə olunan nəticə növbəti ildə fərqli ola bilər. Çünki imtahanlara hazırlaşan hər bir gənc zamanla daha yaxşı nəticə əldə etmək üçün üzərində işləyir və bacarıqlarını inkişaf etdirir.
Digər tərəfdən, tələbə bakalavr pilləsində oxuyarkən magistraturaya qəbul olmaq istəyir, lakin hansısa səbəbdən həmin il qəbul ola bilmirsə, planını növbəti ilə dəyişir və bu halda imtahan nəticəsinin qüvvədə qalması onun üçün əlavə imkan yaradır".