https://www.zirve.edu.az/
27.03.2018 10:59
Qəbul imtahanlarının qaydası dəyişdirilir - Yeni qaydalar

Əvvəlki illərin məzunlarını hansı çətinliklər gözləyir?

2019-cu ildən etibarən, qəbul imtahanları kurikulum sistemi əsasında həyata keçiriləcək. Abituriyentlərə 3 saat müddətində hər qrup üzrə 3 fənn təqdim olunacaq. Suallarda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da öz əksini tapacaq. Tapşırıqların yoxlanmasında da yeni üsullar tətbiq ediləcək.

Yeni modelin hələ gələn il tətbiq olunacağına baxmayaraq, qəbulla bağlı bir sıra suallar ortaya çıxıb. Əvvəlki illərin məzunları kurikulum sistemi əsasında təhsil almadığından imtahanların bir qaydada aparılıb-aparılmayacağı kimi məqamlar  maraq doğurub.

Dövlət İmtahan Mərkəzindən AzEDU-ya verilən məlumata görə, 2019-cu ildə keçirələcək qəbul imtahanlarında iştirak edəcək bütün abituriyentlər eyni qaydada imtahan verəcəklər.

Bu o deməkdir ki, kurikulum sistemi üzrə təhsil almayan abituriyentlər də bu sistem əsasında tərtib olunan qaydada imtahan verməlidirlər.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir, tədris prosesində yeni qiymətləndirmə vasitələri tətbiq olunur.

Bunları nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı da yeni qaydalar əsasında keçirilib. 2019-cu ildən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq.

Nəzrin Rüstəmova