Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 07:38:08
26 mart dünyanın ən qədim və məşhur universitetlərindən birinin yaranma günüdür

 

Utrext Universiteti Niderland Krallığında, Utrext  şəhərinin mərkəzində yerləşir. Niderlandın böyük dövlət universitetlərindən biri olan bu ali məktəbdəki qədim binalar, bağçalar,  yaxınlıqdakı küçələrin adları onun zəngin tarixə malik olmasının sübutudur.

Qədim tarixə malik olan Utrext Universitetinin yaranması 1636-cı ilə təsadüf edir.

1634-cü ildə Utrext Şəhər Şurası “Şöhrətləndirilmiş məktəb” adlı ali məktəb açır. 26 mart  1636-cı ildə həmin məktəb Utrext Universitetinə çevrilir və elmi dərəcə vermək hüququ qazanır. Universitetdə dörd fakültə (fəlsəfə, hüquq, ilahiyyat, tibb) yaradılır . Fəaliyyətinin ilk illərində  universitetin yeddi müəllimi və onlarca tələbəsi olur. Ali məktəbin tələbələri yalnız oğlanlardan ibarət idi. Burada həmin dövrdə təhsil alan yeganə qadın ilahiyyat üzrə mühazirələri dinləyən Anna Mariya van Şurman olur. Leyden, Franeker, Qroningen, Hardervik, Amsterdam kimi qədim və nüfuzlu ali məktəblərlə rəqabət aparan Utrext Universiteti tədricən böyüyür və çiçəklənir. Tezliklə, universitetin Botanika bağı və Smeetoren Astronomiya Rəsədxanası istifadəyə verilir.

Utrext Universitetinin inkişafında burada fəaliyyət göstərən alimlərin (fizioloq-həkim Hubrext, hüquqşünaslar Hamaker və Molenqraaff, tarixçilər Kernkamp və Geyl, dəqiq elmlər üzrə Maqnus və Minnaert, ilahiyyatçı Van Unnik və s.) böyük rolu olur. 1925-ci ildə Baytarlıq Məktəbinin Utrext Universitetinə birləşdirilməsi nəticəsində ali məktəbdə altıncı fakültə - baytarlıq fakültəsi yaradılır.

1929-cu ildə ilk dəfə olaraq Utrext Universitetinin alimi Kristian Eykman Nobel mükafatına layiq görülür. İkinci Dünya Müharibəsindən sonra universitetdə Geoelmlər, Biologiya, Kimya departamentləri, Sosial elmlər fakültəsi açılır, tələbələrin sayı sürətlə artmağa başlayır. 1960-cı ildən bir çox fakültələr və onların kitabxanaları, xəstəxanaları, akademik müəssisələri De Uithof ərazisinə köçürülür. Dəqiq elmlər fakültəsi genişləndirilərək nəhəng elmi-tədqiqat mərkəzinə çevrilir.

Hazırda Utrext Universiteti dövlət ali təhsil müəssisəsi olsa da,  II Dünya Müharibəsindən başlayaraq sərbəst fəaliyyət göstərir.

De Uithof kampusunda Utrext Universitetinin 30-a yaxın binası mövcuddur. Kampusun binaları qeyri-adi memarlıq üslubu ilə seçilir. Memar Rem Kolhaas tərəfindən inşa edilən Edukatorium binası dairəvi divarlara və şüşə körpüyə malikdir. Minnaert binasında yağış suyu toplamaq məqsədi ilə xüsusi hovuz quraşdırılıb. Kampusun ərazisində yerləşən binaların əksəriyyəti burada çalışan alimlərin adlarını daşıyır, məsələn: həkim Albert Abraham Hijmans van der Berqin, fizik Nikolas Blombergenin, qadın fizik Karolina Blikerin, kimyaçı Huqo Kruytun, sosiologiya fakültəsinin yaradıcılarından olan Martinus Langeveldin, belçikalı astronom Marsel Minnaertin, həkim van Straatenin, De Uithof ərazisində binaların tikintisini aparan memar Marinus Ruppertin, "İncil"in tədqiqatı ilə məşğul olan alim Villem van Unnikin, botanik Frits Ventin, fiziklər Robert van Qraaf və Leonard Salomon Ornşteynin, meteoroloq Buys Ballotun və s.

2007-ci ilin yanvarında baş vermiş qasırğa nəticəsində qaldırıcı kran Ruppert binasının üzərinə yıxılır. Hadisə nəticəsində bir neçə insan yaralanır və bina 2007-ci ilin sentyabrınadək fəaliyyət göstərmir. De Uithof kampusunda 1002 tələbə tutumuna malik Kambridgelaan, 552 nəfərlik De Bisschoppen, 377 nəfərlik Kasa Konfetti yataqxanaları yerləşir.

Utrext Universiteti 7 fakültə və 3 institutdan - IVLOS Təhsil İnstitutu Ruzvelt Akademiyası və Utrext Universitet Kollecindən ibarətdir.

Utrext Universitetinin 2009-2010-cu tədris ilində illik büdcəsi 716 milyon avro təşkil edib. Universitetdə təhsilhaqqı yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı ölkələrini təmsil edən, eləcə də əcnəbi tələbələr üçün fərqlidir. Yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı ölkələrindən olan tələbələrin təhsil haqqı 2010-2011-ci tədris ilində bakalavr və magistratura səviyyələrində 1672 avrodur. Əcnəbi tələbələrin təhsil haqqı həmin tədris ilində fakültədən asılı olaraq bakalavr səviyyəsində 6000-8450, magistratura səviyyəsində isə 14000-19000 avro arasında dəyişir.

Universitetdə tələbələrə təhsilhaqqı və yaşamaq xərclərini ödəməkdə köməklik məqsədi ilə hər ay DUO qrantı verilir. Bu qrant yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı ölkələrini təmsil edən və əyani təhsil alan tələbələrə ayrılır. Əcnəbi tələbələr üçün isə universitetdə müxtəlif məbləğli Utrext Üstünlük, Sylff, Fulbrayt/NAF, NFP; Çin, Xorvatiya, İslandiya, Makedoniya, Türkiyədən olan tələbələr üçün Huyqens; indoneziyalılar üçün Stuned; çinli doktorant və tədqiqatçılar üçün CsC; ABŞ-dan olan tələbələr üçün FAFSA və FFELP və s. təqaüd proqramları mövcuddur.

Utrext Universitetində tələbəyə yataqxanalarda qalmaq üçün ayda 400-650, qida, geyim, nəqliyyat, məişət xərcləri üçün 350-450, tibbi sığortadan keçmək, müayinə üçün 40-100, kitab və digər dərs ləvazimatları üçün 65-85, ümumi xərclər üçün isə 500 avro lazım gəlir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Utrext Universiteti 100 ən yaxşı ali məktəb arasında York Universiteti ilə birgə 70-ci yerdə sıralanmışdır.

2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in açıqlamasına görə, Utrext Universiteti 143-cü yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 83-cü yerdə qərarlaşıb.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları