Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-20 16:39:00
Magistraturaya qəbul: “Rəqabət güclü olacaq”

17 may magistratura imtahanının yekun nəticələri açıqlandı. Nəticələrə əsasən demək olar ki, bu il maksimum nəticə toplayan olmadı.

 

Maraqlıdır, yekun nəticə keçid ballarına necə təsir göstərəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, builki bakalavrları gərgin müsabiqə vəziyyəti gözləyir:

 

“Bu il magistratura səviyyəsinə qəbul imtahanlarında xarici dil fənninə essenin əlavə edilməsi balların ən azı 3-4 bal aşağı enməsinə ciddi şəkildə şərait yaratdı. Həmçinin, bu il magistraturaya qəbul olmaq istəyənlərin sayındakı artım müsabiqə şərtinin gərgin olacağını qaçılmaz edir. İlkin statistik göstəricilərə baxanda görürük ki, yüksək bal toplayanların sayında kəskin şəkildə azalma var. Amma orta bal toplayanların sayı hədsiz dərəcədə çoxdur. Yəni keçən illə müqayisədə 60-85 bal arası toplayanlar, həmçinin 50-65 bal arası toplayanların sayı çoxdur”.

 

Təhsil ekspertinin sözlərinə görə ötən il 45-47 balla müəyyən ixtisaslara qəbul olmaq istəyənlər bu il o şansdan yararlana bilməyəcəklər:

 

“Əlbəttə, bu il plan yerlərində də müəyyən qədər artım var. Amma orta bal toplayan bakalavrlar mütləq şəkildə diqqətli olmalıdırlar. Xüsusən müsabiqə şərtini ödəməyib 45-dən aşağı bal toplayanların qəbul olmaq şansları çox aşağı, hətta yox dərəcəsindədir. Statistik təhlillərə diqqət etmək lazımdır. Abituriyentlər diqqətlə plan yerlərini və bakalavrların sayını təhlil edəndən sonra ixtisas seçsələr yaxşı olar”.