Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 09:25:44
DİM-də təlim keçirilib

“Situasiya mühakimə testlərinin təkmilləşdirilməsi və validasiyası” mövzusunda təlim keçirilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması) 3-cü bəndində nəzərdə tutulmuş məsələlərin (dövlət qulluğunda sertifikasiya sisteminin təkmilləşdirilməsi) icrası üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum müəyyən edilib.

 

Nəzərdə tutulmuş istiqamətin icrası çərçivəsində 19-21 fevral 2024-cü il tarixlərində “İmtahan və sertifikasiya üzrə tədqiqat mərkəzi”nin (RCEC, Research Centre for Examination and Certification) eksperti Arnold Brauer tərəfindən “Situasiya mühakimə testlərinin (SMT) təkmilləşdirilməsi və validasiyası” mövzusunda Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin əməkdaşları və ekspertləri üçün təlim keçirilib.

 

Təlimin ilk günü A.Brauer iştirakçılara təlimin məzmunu və məqsədləri barədə məlumat verib və onların gözləntiləri müəyyən edilib. Təlimin davamında situasiya mühakimə testlərində ssenarilərin yazılması və sualların formatı, cavab bəndləri və “ən yaxşı təcrübə”yə dair təlimatlar haqqında fikir mübadiləsi aparılıb.

 

Təlimin növbəti günündə təlimçi situasiya mühakimə testlərində etibarlılıq və validlik, təqdimetmə metodları barədə nəzəriyyə və prinsiplər üzrə təqdimatlarla çıxış edib. Təlim müddəti ərzində iştirakçılar mövzunun mənimsənilməsi üçün fərdi və qrup tapşırıqları yerinə yetiriblər. Həmçinin situasiya mühakimə testlərinin yazılmasında hədəf kütlənin müxtəlifliyinin nəzərə alınmasının önəmi vurğulanıb.

 

Təlimin son günündə iştirakçılar test tapşırıqlarının keyfiyyətinə dair RCEC-in yoxlama cədvəli ilə tanış olublar, eyni zamanda əvvəlki günlər nəzərdən keçirilmiş SMT mövzularının müzakirəsi aparılıb.

 

Təlim zamanı fərdi və qrup tapşırıqları, qrup müzakirələri, məsələlərə dair praktik həllərin hazırlanması kimi interaktiv metodlardan istifadə edilib. Təlimin sonunda iştirakçılara RCEC-in sertifikatları təqdim edilib.