Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-13 09:32:00
Magistraturaya II cəhd imtahanı asan olacaq? - AÇIQLAMA

Fevralın 11-i magistratura pilləsinə qəbul üzrə I cəhd imtahanı keçirildi. Eyni zamanda bu il ilk dəfə qəbul imtahanında xarici dil fənni üzrə tələbələrin yazı bacarıqlarını yoxlamaq məqsədi ilə esse (yazı) əlavə olunub.

 

Müşahidələr onu göstərir ki, magistraturaya qəbulda informatika fənni bir qədər çətin olub.

 

Maraqlıdır, bəs qəbulun II cəhdində suallar daha asan ola bilərmi?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) qeyd edib ki, birinci və ikinci cəhd imtahanlarının çətinlik səviyyəsi arasında demək olar ki, fərq olmur:

 

“Adətən II cəhd imtahanına bakalavrlar daha ciddi hazırlaşırlar. Bu da təbii ki, onların nəticəsinə müsbət təsir edir. Sualların tipi barədə hazırlıqlı olan tələbə onları daha asan cavablandıra bilir. I cəhd imtahanında 19000-dən bir qədər artıq bakalavr iştirak etdi. İkinci cəhdə də müəyyən qədər artım olacaq. 20.000 üzəri bakalavr, təxminən 15.000-ə yaxın  plan yeri üzərində mübarizə aparacaq”.

 

Ekspert bildirib ki, bakalavrlar hansı mövzunu zəif bilirlərsə, həmin mövzulara daha ciddi hazırlaşmalı və ikinci cəhd imtahanında ümumi nəticələrini artırmalıdırlar:

 

“Bu il ilk dəfə ingilis dili fənninə esse də daxil edildi. Bunun da nəticələri DİM-in açıqlamasına görə təxminən 6 həftə ərzində elan olunmalıdır. Qapalı tipli və kodlaşdırıla bilən sualların  cavabı isə yaxın tarixdə elan olunacaq və düşünürəm ki, həmin o qapalı tipli sualların cavabı elan olunandan sonra bakalavrlar təhlil aparmalıdırlar”.