Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-24 16:10:10
“İnşaatın müasir problemləri” – Azərbaycan və Türkiyə alimləri birgə həll yolları axtarırlar

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və İstanbul Texniki Universitetinin (İTÜ) birgə təşkilatçılığı ilə “İnşaatın müasir problemləri” mövzusuna həsr olunmuş beynəlxalq elmi–praktik konfrans işə başlayıb.

 

Bu barədə AzEdu.az-a AzMİU-dan bildirilib. Qeyd olunub ki, konfransdan öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin AzMİU-nun qarşısındakı abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

 

Konfransı AzMİU-nun İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev açaraq işğaldan azad edilmiş ərazilərdə gedən geniş quruculuq və yenidənqurma işlərinə diqqət çəkib, Azərbaycanın tikinti sektorunda normativ, texniki sənədlərdə, layihələndirmə işində olan aktual problemlərdən bəhs edib. “Statistika Komitəsinin məlumatına görə, hazırda qaçqın və məcburi köçkünlər nəzərə alınmadan 600 mindən çox insanın mənzil şəraitinə ehtiyacı var. Nəzərə alsaq ki, Azərbaycanda 1 ilə 14-15 min mənzil tikilir, deməli, biz hələ uzun müddət tikinti işləri aparmalıyıq. Qarabağda gedən tikinti işlərini də bu rəqəmlərə əlavə edəndə tikinti sektorunda görməli işlərin miqyası genişlənir”, - deyə Sahib Fərzəliyev əlavə edib.

 

Elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova çıxışında İTÜ və AzMİU arasında elm, təhsil, beynəlxalq əlaqələr sahəsində uğurlu əməkdaşlıq əlaqələrinə diqqət çəkib: “Bu əməkdaşlığın nəticəsidir ki, biz inşaatın problemlərindən bəhs edən birgə beynəlxalq konfrans təşkil edirik”. İTU ilə növbəti müştərək konfransın iyun ayında keçiriləcəyinin deyən prorektor müzakirə olunacaq mövzunun elmə və istehsalata faydasından danışıb.

 

İTÜ-nün İnşaat mühəndisliyi kafedrasının müdiri professor Mustafa Gençoğlu çıxışında iki ali məktəb arasında 5 il əvvəl bağlanan ikili diplom proqramının vaxtının uzadılacağını deyib: “Dünən həmkarlarımızla görüşdə qərara gəldik ki, bu əməkdaşlığı daha 25 il uzadaq. Təhsil, elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığı davam etdirək, beynəlxalq xarakterli konfranslar təşkil edək”.

 

AzMİU rəhbərliyinə təşəkkürünü bildirən Mustafa Gençoğlu konfransın davamının Türkiyədə də təşkil ediləcəyini bildirib.

 

Türkiyənin “PROYAPI” mühəndislik və müşavirlik şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Akif Aygen mövzunun tikinti şirkəti üçün əhəmiyyətini diqqətə çatdırıb. O, hazırda Qarabağ və Şərqi Zəngəzurda inşaat sahəsində qarşılaşdıqları problemlərdən danışıb və inşaata həsr olunan elmi platformanın bu tip problemlərin həllində əhəmiyyətini qeyd edib.

 

Konfransın plenar iclasında Özbəkistan, Türkiyə və Azərbaycan elm adamlarının “Unikal bina və tikililərin uzun müddətli fəza strukturlarının seysmik müqavimət nəzəriyyəsinin işlənib-hazırlanmasında qeyri-xəttiliyin nəzərə alınması problemləri”, “Seysmik həyəcanlar altında hiperbolik soyutma qülləsinin qeyri-xətti zaman tarixinin təhlili” və “Azərbaycanın seysmik rayonlarda tikinti normalarının təkmilləşdirilməsinin bəzi nüansları” mövzularında məruzələri dinlənilib.

 

Qeyd edək ki, konfransa 26 müəssisə və təşkilatdan 109 məqalə daxil olub.