Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 15:27:00
Təhsil krediti - Tələbələr faizin çox, ekspert az olduğunu deyir - AKTUAL 

Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu (TTKF) tələbələrə təhsil üçün kreditlərin verilməsini təmin edir. Təhsil tələbə kreditində (TTK)-da iki kateqoriya mövcuddur: Sosial və standart.

 

Kredit məbləği üçün tələb olunan faiz miqadrı isə belədir: Sosial (illik 2%) və Standart (illik 6%).

 

Tələbələr kredit faizlərinin yüksək olduğunu bildirir və narazılıq edirlər. Buna görə də bir çoxları kredit götürmək istəmir.

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a danışıb.

 

O, tələbələrdən fərqli olaraq, faizlərin aşağı olduğunu vurğulayıb:

 

“Düşünürəm ki, bu rəqəmlər çox aşağı faizi əks etdirir. Təbii ki, könül istərdi faiz məbləği daha aşağı olsun. Lakin praktiki olaraq biz bu məbləği 12 aya bölsək və nəzərə alsaq ki, tələbələr bu krediti universiteti bitirdikdən 2 il sonra ödəməyə başlayırlar, bu qərarın onların xeyrinə olduğu qənaətinə gələrik. Təhsil Tələbə Krediti Fondu formalaşandan sonra demək olar ki, sırf maddiyyata görə təhsilini dayandıranların sayına da müsbət mənada təsir edib.

Ümumilikdə götürsək, son illər yaranan bu kredit fonduna müraciət edənlərin sayı kifayət qədər çoxdur. Əlbəttə, burada təhsilin əlçatanlığı əsas məqsəddir. Eyni zamanda, bu, sosial həssas qrupa aid olanlara və yüksək ÜOMG-a sahib tələbələrə bir növ dəstəkdir”. 

 

Məlumat üçün qeyd edək ki, sosial kateqoriyaya aşağıdakı tələbələr aiddir:

Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar;

Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər;

Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs): - orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar; - işsiz kimi rəsmi qeydiyyatlıdırsa; - yaşa görə əmək pensiyası alırsa; - yaşa görə sosial müavinət alırsa.

 

Standart kateqoriyasına isə aşağıdakı tələbələr aiddir:

 

Birinci tədris ilinin ilk semestri üçün qəbul imtahanında toplanan balın təsdiq edilmiş minimum həddindən yuxarı balı yığılmalı, növbəti semestrlərdə isə sonuncu ÜOMG-si 71 və yuxarı bala malik olmalı;

İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəməli.

 

Qeyd: kreditin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır.

 

Kredit məbləği üçün tələb olunan faiz miqadrı isə belədir: Sosial (illik 2%) və Standart (illik 6%).

 

Təhsil göstəricilərinə əsasən güzəşt hüququ əldə etdikdə 0% (faizsiz)

 

Təhsil krediti kalkulyatoru: https://e-ttkf.edu.az/account/CreditCalculator

 

Kreditin verilmə müddəti bakalavriat səviyyəsində 14-22 il, magistratura səviyyəsində 12-18 il, orta ixtisas və peşə təhsili pillələrində isə 12-19 il ola bilər.

 

TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır:

  • yuxarı təhsil səviyyəsində əyani təhsil;
  • həqiqi hərbi xidmət dövrü;
  • məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);
  • işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;
  • sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.

 

Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır.

 

Belə ki:

 

  • Sosial növdə ÜOMG-si 71, Standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır;

 

  • Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı Sosial TTK-nin 50 faizi, Standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunur.

 

*Bu güzəştlər ilkin bağlanmış müqavilələrə müvafiq olaraq, semestrin və təhsil səviyyəsinin sonunda tətbiq edilir.