“BilBacar" müsabiqəsində 190 minə yaxın şagird iştirak edib”.
AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun şöbə müdiri İbrahim Baxışlı “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışında deyib.
O bildirib ki, müsabiqə şagirdləri düşünməyə yönəldən tapşırıqlar əsasında təşkil olunub:
“Burada şagirdləri düşünməyə vadar edən tapşırıqlardan ibarət mərhələ olub və ümumilikdə təxminən 250 belə tapşırıq şagirdlərin qarşısına çıxarılıb.
Müsabiqədə ölkə üzrə təxminən 190 minə yaxın şagird könüllü olaraq iştirak edib. Bu göstərici təxminən 2300 məktəbi əhatə edir. Birinci mərhələdən sonra dörd hazırlıq və yarış mərhələsi təşkil olunub ki, şagirdlər tapşırıqlarla əvvəlcədən tanış ola bilsinlər.
Dörd yarış mərhələsi nəticəsində ən yüksək nəticə göstərən təxminən 203-cü və 204-cü sinif şagirdləri finala vəsiqə qazanıb və finalçılar arasından 36 şagird qalib olub.
Cins bölgüsünə nəzər salsaq, iştirakçılar arasında qız və oğlanların sayı təxminən bərabər olub. Finalçıların 55 faizi qızlardan, 45 faizi oğlanlardan ibarət olub.
Qaliblər sırasında isə 16 qız və 20 oğlan yer alıb. Ümumilikdə müsabiqədə 2316 təhsil müəssisəsi iştirak edib, bunların 1300-dən çoxu kənd və qəsəbə məktəbləridir. Ölkənin demək olar ki, bütün rayon və şəhərlərindən məktəblər bu yarışa qoşulub.
Regionlar üzrə ən aktiv iştirak Gəncə-Daşkəsən, Şəki-Zaqatala, Bakı və Abşeron-Xızı bölgələrində qeydə alınıb. Ümumilikdə 3-cü və 4-cü sinif şagirdlərinin 67 faizi müsabiqədə iştirak edib”.