“Əsas məsələ bilik deyil, onun praktik tətbiqidir”
AzEdu.az xəbər verir ki, “BilBacar” müsabiqəsinin 2025/2026-cı tədris ili üzrə qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin bacarıq yönümlü inkişafının vacibliyini vurğulayıb.
Nazir müavini bildirib ki, müasir dövrdə nəzəri biliklərin əldə olunması kifayət etmir, əsas məsələ onların praktik tətbiqidir:
“Biri var biləsən, biri var bacarasan. Bilmək hələ azdır. Yaxşı ağıl hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdir. Bunu hələ çox uzaq bir dövrdə Rene Dekart deyib.
Xüsusilə müasir dövrdə nəzəri biliklər əldə etmək olar, amma onların nə dərəcədə praktikada tətbiqi vacibdir. Gənclər üçün əsas sual budur.
Elə bir dövrdür ki, istənilən ali məktəbi bitirmək, diplom almaq mümkündür. Lakin işə qəbul zamanı işəgötürən artıq nəzəri bilikləri deyil, praktik bacarıqları soruşur. Ən nüfuzlu ali məktəbi belə bitirmək olar, amma bacarıq yoxdursa, həmin diplom yalnız kağız parçasına çevrilir. Ona görə də bu gün əsas məsələ gənclərdə hansı bacarıqların formalaşdırılmasıdır”, - deyə Firudin Qurbanov qeyd edib.