“Şagirdlərdə tənqidi və yaradıcı təfəkkürlə yanaşı sağlam həyat tərzi də formalaşmalıdır”.
AzEdu.az xəbər verir ki, “BilBacar” müsabiqəsinin 2025/2026-cı tədris ili üzrə qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov intellektual oyunların şagirdlərdə tənqidi təfəkkürün formalaşmasında rolundan danışıb.
O qeyd edib ki, belə yarışlarda iştirak edən şagirdlər öz səhvlərini görməyi və nəticə çıxarmağı öyrənirlər:
Şahmat ən yüksək intellektual idman növüdür. Bu gün aramızda dünya çempionu olmuş Aynur xanım Sofiyeva da iştirak edir. O, canlı nümunədir. Şahmatda nəzəri bilik kifayət etmir, əsas məsələ uzağı görmək və bir neçə addım sonranı planlaya bilməkdir. Məhz bu bacarıq sayəsində o, dünya çempionu olub.
Mən istəyirəm ki, şagirdlərimizdə yaradıcı və tənqidi təfəkkür formalaşsın. Bununla yanaşı, sağlamlıq da əsasdır. Uşaqlar mütləq idmanla məşğul olmalıdırlar. İncəsənət, musiqi və rəqs kimi fəaliyyətlər də vacibdir. Bunlar stressi azaldır, müsbət emosiyalar yaradır və nəticədə qarşıya qoyulan məqsədlərə daha asan nail olmağa kömək edir”.