Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-17 12:15:33
Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

“Biz hələ də sinif otaqlarını odun peçi ilə qızdırırıq. Odunla kifayət qədər təmin olunsaq da, bu, təhlükəsizdir. Hamısı 1963-cü ildən qalma qapı-pəncərələrdir. Sınanları da özümüz düzəltdiririk”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Ağsu şəhər 5 saylı tam orta məktəbin direktoru Qarayev Elman deyib. Onun sözlərinə görə, məktəb 1963-cü ildən bəri bir dəfə də olsun əsaslı təmir olunmayıb. E.Qarayev qeyd edib ki, deputatın çıxışı ilə bağlı hələki heç bir cavab gəlməyib:

“Deputat Tahir Kərimli bu məktəbin əsaslı təmirə getməsi və şagird kontingenti baxımından sinif otaqlarının çoxaldılması üçün məsələ qaldırıb. Lakin bu çıxışla bağlı, şəxsən, heç bir xəbər almamışam”.

Xatırladaq ki, ötən gün Tahir Kərimli deputat seçildiyi 87 saylı Ağsu - İsmayıllı seçki dairəsi ərazisi üzrə problemlərdən danışarkən Ağsu şəhər 5 saylı tam orta məktəbdəki problemlərdən söz açıb:

“Ağsuda elə kənd məktəbləri var ki, orada təhsil almaq üçün əlverişli şərait yoxdur, hətta bəzi məktəblərdə ilanlar görünür. Rayonun 5 nömrəli məktəbindəki vəziyyət orada təhsil almağı mümkünsüz edir.

Direktor E.Qarayev deyib ki, məktəbin internat dövründəki yataq korpusunda məcburi köçkünlər məskunlaşıblar. Onun sözlərinə görə, məktəbdə sinif otaqları çatışmamasının bir səbəbi də budur:

“Bu məktəb 1963-cü ildən 2009-cu ilə qədər internat məktəbi olub. 2009-cu ildən etibarən isə 5 saylı tam orta məktəb adını alaraq ümumtəhsil məktəbləri statusu verilib. Elə həmin ildə mən bu məktəbə direktor təyin olunmuşam. 260 yerlik məktəbin, yaranan ildən bəri keçdiyi inkişaf yolu, keyfiyyətləri nəzərə alaraq deyə bilərik ki,  şagird sayı artaraq 550 nəfəri keçib. Ona görə, hazırda məktəbdə sıxlıqdır. Tələbat yüksək olduğu üçün müraciət edən valideynləri məcbur geri qaytarırıq. Şəraitimiz yoxdur, yerimiz məhduddur və istilik, təhlükəsizlik cəhətdən əlverişli deyil”.

Direktor nazirlik tərəfindən məktəbin əsaslı təmirə getməsinin vacibliyi barədə məktub gəlsə də, hələ də heç bir nəticə olmadığından narazılığını bildirib:

“Məktəbin fotoları aiddiyatı üzrə bütün nazirliklərə, qurumlara göndərilib. 2011-ci ildə Şamaxıda təhsil nazirinin qəbulunda olarkən narazılığımızla bağlı yazılı şəkildə meraciət etdim. Məktəbə cavab da gəldi ki, bu məktəb əsaslı təmirə getməlidir. Bütün bunlara baxmayaraq hələ də heç bir nəticə yoxdur.

Rayonda yerimiz - yurdumuz köhnə də olsa ən öndə gedən məktəblərdənik. Keçən il 2 buraxılış sinfindən 15 nəfər ali məktəbə qəbul olunub. Bizim məktəb 2009-cu ildən bəri ali məktəbə qəbulda rayonda liderdir. Əsaslı təmirə gedən məktəblərdə isə, 3-4 buraxılış sinfi olmasına baxmayaraq, universitetə qəbul aşağı səviyyədədir”.

Nəzrin Cavid