Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-17 11:03:28
Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi yekunlaşıb

Yanvarın 11-də və 26-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi yekunlaşıb.

Dövlət İmtahan Mərkəzindən AzEDU.az -a bildiriblər ki, 77 dövlət orqanındakı 1.315 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibə mərhələsi başa çatıb.

Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilib.

DİM ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim önəm verdiyi üçün bu qurum tərəfindən hər gün keçirilən müsahibələrin nəticələri, statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı günlük yekun məlumatlar verilib.

Obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə, keçirilmiş bütün müsahibələrin videoçəkilişi aparılıb. Prosesə ictimai nəzarətin həyata keçirilməsi üçün QHT nümayəndələri də müstəqil ekspert qismində müsahibələrə cəlb olunublar.

Hər kəsə DİM-in saytında müsahibələrin keçirilmə qrafiki və nəticələri bölməsində nəticələrlə, ayrıca olaraq dövlət orqanı, vakant vəzifə və müsahibədə uğur qazanmış namizədlərin siyahısı ilə (http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygNamSiyahi?ElanID=2 , http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygNamSiyahi?ElanID=3), eləcə də dövlət orqanları üzrə ərizə qəbulu və müsahibə mərhələsi üzrə statistika (http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygDOUzreHesabat?ElanID=2, http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVezUygDOUzreHesabat?ElanID=3) tanış olmaq imkanı yaradılıb.

Qeyd edək ki, yanvarın 11-də və 26-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə 902 müsahibə keçirilib. Bunlardan 321 müsahibə üzrə namizədlər iddia etdikləri vəzifələrə uyğun hesab edilib, 575 müsahibədə isə namizədlər vəzifəyə uyğun hesab olunmayıblar. Altı müsahibənin nəticəsi etibarsız sayılıb, 485 müsahibə üzrə qeydiyyatdan keçmiş namizədlər müsahibələrdə iştirakdan imtina edib, 412 müsahibə isə namizədlərin müsahibəyə gəlməməsi səbəbindən baş tutmayıb.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf edilib. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə regionlarda da keçirilib və bu məqsədlə DİM-in, dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunublar.

Növbəti həftə fevralın 7 və 8-də elan edilmiş müsahibələrdə iştirak üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilmə qrafiki elan olunacaq. Müsahibələrə qatılmaq istəməyən namizədlər qrafik elan olunandan sonra müsahibə tarixinə bir gün qalmış, səhər saat 10:00-dək müraciətlərini http://eservices.dim.gov.az/dqq/Home/Login linki vasitəsilə ləğv edə bilərlər.