Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 09:10:00
Keçmiş təhsil naziri haqqında kitab çıxıb

Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim, sabiq təhsil naziri Lidiya Rəsulovaya həsr olunmuş "Tarixə yazılmış ömür" kitabının təqdimat mərasimi keçirilib.


AzEdu.az xəbər verir ki, mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Lidiya Rəsulova işlədiyi bütün vəzifələrdə məsuliyyətlə çalışan, vətənini, dövlətini sevən, yüksək mənəviyyata malik insan olub. Buna görə də Lidiya Rəsulovanın xidmətləri bu gün də hörmətlə yad edilir. Bildirilib ki, Lidiya Rəsulova 1981-1988-ci illərdə Həmkarlar İttifaqları Şurasının sədri olarkən Azərbaycanda istirahət və idman mərkəzlərinin yaradılmasına xüsusi diqqət yetirib. 1993-1997-ci illərdə təhsil naziri vəzifəsində işləyərkən nazirliyin yeni strukturu formalaşıb, ciddi islahatlar aparılıb. Nazir müavininin sözlərinə görə, Lidiya Rəsulova prinsipial və düzgün qərarlar qəbul etmək bacarığına malik dövlət xadimi idi.


Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, Lidiya Rəsulova ümummilli lider Heydər Əliyev məktəbinin ən parlaq nümayəndəsi idi. Lidiya Rəsulova həm də Azərbaycanda qadın hərəkatının öncüllərindən olub.  


Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov da Lidiya Rəsulovanın ictimai-siyasi fəaliyyəti və xidmətləri ilə bağlı fikirlərini bildirib, onun əziz xatirəsinin həmişə yaddaşlarda yaşayacağını qeyd edib.


Daha sonra kitabın müəllifi, jurnalist Dilarə Rüstəm, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov və bir sıra çıxışçılar Lidiya Rəsulovanın Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini vurğulayıb, onunla bağlı xatirələrini səsləndiriblər.


Tədbirin sonunda Lidiya Rəsulovanın xatirəsinə həsr edilmiş “Tarixə yazılmış ömür” filmi nümayiş olunub.