https://www.zirve.edu.az/
17.03.2018 09:09
Qəzada ağır yaralanan müəllimə hələ də komadadır – Həkimdən açıqlama

“Yevlaxda baş verən qəzadan sonra Respublika Neyrocərrahiyyə Klinikasında əməliyyat olunan məktəb əməkdaşı hələ komadan ayılmayıb”.

Bunu AzEDU.az-a açıqlamasında Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim cərrahı Zeynalov Azər bildirib. O, qeyd edib ki, xəstənin vəziyyəti ciddi nəzarət altındadır:

“Əntiqə xanım hələ də komadadır. Hər kəs-məktəb əməkdaşları, ailəsi burdadır. Güman edirəm ki, komadan ayılmaq kimi bir şansı var. Hələki, gözləyirik. Bütün xərclər isə artıq Dövlət tərəfindən ödənilib”.

Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanında iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. Ağır yaralanan 1992-ci il təvəllüdlü Əntiqə Qoşqarlı travma mənşəli beyindaxili qansızma diaqnozu ilə martın 13-də Bakıya göndərilərək, təcili əməliyyata götürülüb.