Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 22:46:28
Məşqdə ölən Fəridin anası: “Oğlumu atasız böyütmüşdüm”

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindəki 19 nömrəli məktəbin idman zalında aldığı xəsarətlərdən dünyasını dəyişən 7 yaşlı Fərid Bakarovun anası da danışıb.

AzEdu.az
xəbər verir ki, Fəridin anası Aynur Bakarova MTV-dəki "Ümid ilə gəl" verilişində oğlunu min bir əziyyətlə, atasız böyütdüyünü deyib. O, ərindən ayrıldığını qeyd edib:

"Fəridi 7 il atasız, zülmlə böyütmüşəm. Araşdırıb bir idman müəllimi tapdım. Heç kəs demədi ki, o məşqçi narkoman imiş".

Anasının sözlərinə görə, Fəridi 4 ay önsə idmana qoyubmuş:


"Mən uşağımı heç vaxt məşqə tək buraxmırdım. Həmin gün müəllim özündə deyildi, əsəbi idi. Dedi ki, çıxın çöldə gözləyin, uşağı qız kimi böyüdürsən. Mən də bayırda gözləyirdim, birdən gördüm ki, səs-küy gəlir, müəllim aqressiv şəkildə qışqırır. Uşağım dözməyib altını islatmışdı. Tez şalvarını dəyişdim ki, pərt olmasın. Paltarını dəyişəndən sonra müəllim məni çölə çıxartdı, uşağım halsız vəziyyətdə idi. Soruşdum ki, niyə belə olub, dedi ki, "kross" qaçmışıq deyə uşaq halsızdır. Məşq bitəndən sonra gördüm uşağım ət kimidir. Gətirdi yanımda, uşağın üstünə qışqırırdı ki, mən sənə nəsə etmişəm? Uşağım da qorxudan əli ilə "yox" hərəkəti göstərdi. Bu insan imkan vermirdi ki, uşağımı həkimə aparım. Bacımla telefonla danışırdım, telefonumu əlimdən alıb dedi ki, heç nə yoxdur, səs-küy salıb mənə problem yaradacaqsan".

Ananın sözlərinə görə, övladı 40 dəqiqənin ərzində xəstəxanada dünyasını dəyişib: "Başı bədəninin üstündə durmurdu, qulaqları gömgöy idi".

Fəridin anası övladının ölümünə səbəbkar olan Mehman Xəlilovun layiq olduğu cəzanı almasını istədiyini söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilov tərəfindən döyülüb. Uşaq aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Azyaşlı Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.